Ülker Nicatlı : - Həsrətimin Lənkəran qoxusu

Ədəbiyyat 10:14 / 16.06.2025 Baxış sayı: 902

 

Mənim Lənkəranım sənsən əzizim,

Sənsiz bir Lənkəran nəyimə gərək

Baş qoyub dağların dizi üstünə,

Sənsiz Xəzər - Xəzər ağlayır urək.

 

Kövrələ - kövrələ baxır içimdən,

Sənin həsrətinlə yanan duyğular.

Yuvası dağılmış qaranquş kimi,

Daha gözlərimə dönmür yuxular.

 

Sərmişəm Xəzərin suları ustə,

Xatirə ətirli duyğularımı.

Qaratel misralar ovcunda tutub,

Mənim həsrətimi mənim ağrımı.

 

Yumub gözlərini xatırla məni,

Qəlbində bir misra yerimi saxla.

Bu baxtsız sevgimin qoxla ətrini,

Bir misra gülümsə, bir misra ağla.