Tural Cəfərli : - ÇAĞDAŞ ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN AZƏR TURAN HƏQİQƏTİ

Gəldin də, niçin pəmbə buludlar kimi axdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Hüseyn Cavid
Ədəbi tənqidçi, publisist Azər Turanın 60 yaşına söz hədiyyəm
Azər Turan haqqında yazmaq öncə həqiqət haqqında düşünmək deməkdir. O həqiqət ki, hələ böyük Hüseyn Cavidin əsərlərində obraz kimi yaddaşlara həkk olunan ideyaları anlamaq və duymaq cəhdləri ilə baş-başa qalsın…
Hər kəsin öz həqiqəti olsa da, bəşəri mənada bir çox həqiqətlər hamı üçün bərabərdi. Bu həqiqətlərə insanlıq, şəfqət, mərhəmət, ehtiram və nəciblik kimi nəsnələri qeyd etmək olar…
Müasir ədəbiyyatşünaslığımızın Azər Turan həqiqəti özündə həm mərhəməti, həm nəcibliyi, həm də insanlığı birləşdirir. Qəribədir, taleyində adınının silqətini daşıyan adamların təmənnasız fədakarlığı çox vaxt gözə çarpmır. Ələlxüsus da bu ədəbiyyatla bağlı fədakarlıqdırsa…
Cavid yadigarının son nəfəsini duyan, onu bütün varlığı ilə yaşayan, vəfa borcu anlayışına bu qədər sadiq olan bir insan həqiqətin ən işıqlı tərəfini güzgü kimi qarşımıza qoyur. Bu hər kəsə qismət olan, hər kəsə aid olan həyat kodeksi deyil. Bu həyat kodeksini ancaq Cavidləri, Cabbarlı, Müşfiqləri içində yaşadan və içində duyan kəslər özünə prinsip seçə bilər.
Azər Turan həqiqəti onun yaradıcılığında ağ fonda yaşıl xətt kimi keçir. Bu ağ fon daha çox aydınlığa, yaşıl xətt isə böyük bir mübarizənin təntənəli təqdimatına bənzəyir. Bu yaradıcılıq fəlsəfəsində iki kitabı xüsusilə qeyd etmək istəyirəm: “Cavidnamə” və “Əli bəy Hüseynzxadə”. Hər iki kitab Azər Turanın ədəbiyyatşünaslıq sahəsində vizit kartıdır. Bu kitablar həm də böyük ideologiyanın daşıyıcılarına bir ismarıc da hesab oluna bilər. Hər iki şəxsiyyətin əbədi ruhu qarşısında yorulmadan, usanmadan çətinliklərə qatlaşan müəllifin ədəbi narahatçılığı oxucu düşüncəsində yox olub gedir. Bildirmək istəyirəm ki, ədəbiyyatşünaslığın əsasları, yazı səriştəsi, dəllilərə müraciət, arqumentlərlə qarşılaşdırma, istinadlar baxımında son dərəcə mükəmməl bir iş ortaya qoyulub. Burada gərgin və ağır tədqiqatların poetik təsvirlərini sezmək çətin deyil. Düşünürəm ki, müəllifi tanımaq və dərk etmək üçün hər iki kitabı oxumaq vacibdir.
Bəzi dəyərlər var ki, onu nəinki dilə gətirmək, heç yazmaq da olmur. Belə dəyərlər yaddaşın bir küncündə(həm də ortasında) özünə yer edən xatirələrdir. Yadımdadır, ilk dəfə “Ədəbiyyat qəzeti” ilə tanışlığım. Saytdan qəzetin elektron ünvanını götürüb yenicə yazdığım bir hekayəni göndərdim. İçimdə “onsuz da çap olunmaycaq, ancaq yenə də göndərim” hissi ilə baş tutan bu xatirə mənə bir ömürlük dərs oldu.
Səhəri günü köşkdən “Ədəbiyyat qəzeti”ni də aldım. Atam, ədəbiyyat adamı Vaqif İsaqoğlu “Ədəbiyyat qəzeti”nin daimi oxucusudur. Bu dəfə özüm almağa qərara gəldim. Qəzeti vərəqlədikcə qarşıma çıxan yazıların təsiri ilə düşünməyə başladım. Birdən öz şəklimi və hekayəmin başlığını gördüm. Gözlərimə inanmadım, qəzeti çevirib, yenidən həmin səhifəyə qayıtdım, yenə də həmin mənzərə. Düzü bir anlıq çaşdım. Nə edəcəyimi bilmədim. Nitqim tutuldu, boğazımda daşlaşan qəhər məni boğdu. Bu hadisə mənim yaşadığım ilk “ədəbi çaşqınlıq” idi…
Beləliklə, mən Azər Turanı özümdə kəşf etdim. Daha sonra yaradıcılığı ilə tanış oldum. Bu tanışlıq məni ədəbi portretlərlərə daha da yaxınlaşdırdı…
Azər Turan gənclərin dostu, ədəbiyyatla bağlı olan hər kəsin yaxını, doğmasıdır. Bu yaxınlıq, doğmalıq onun ruhuna, canına hopub. Azər Turandan küsmək olmur, onun nəcibliyi adamı saflaşdırır, su kimi duru edir. Bəlkə Cavid ruhunun, Cavid həyatının bir parçası kimi o həm fərqlənməyi, həm də adi görünməyi bacarır…
Bu yaxınlarda Azər Turanın 60 illik yubileyi qeyd olundu. Bu 60 ildə özündə bir ədəbiyyat sevdasının tükənməz zəhmətini, təmənnasız xidmətini daşıyan Azər Turan inanıram ki, hələ çox həqiqətləri çatdıracaq, çox ədəbi kompozisiyaların müəllifi olacaqdır.
