Tahir Rzayev, millət  vəkili : - "Qarabağ iqtisadi rayonu aqrar sektorun inkişafı üçün əlverişli zonadır."

İqtisadiyyat 14:43 / 04.04.2024 Baxış sayı: 1858

“İşğaldan azad olunmuş ərazilərimiz böyük kənd təsərrüfatı potensialına malikdir. Sözsüz ki, bu ərazilər minalardan təmizləndikdən sonra həmin torpaqlar əkin dövriyyəsinə daxil ediləcək və ölkədə pambıqçılıq, üzümçülük, taxıçılıq, heyvandarlığın inkişafına öz töhfəsini verəcək. Sevindirici haldır ki, bu gün həmin ərazilərdə artıq məskunlaşma prosesi gedir, əhalinin köçü başlayıb. Füzuli, Laçın və Zəngilanda sakinlər mənalı həyatla məşğuldurlar”.

Yenises.az bildirir ki, bu  sözləri   mətbuata  açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Deputat bildirib ki, işğaldan azad edilmiş digər ərazilərdə tikinti, abadlıq işləri davam etdirilir: “Kənd təsərrüfatının inkişafı istiqamətində də mühüm tədbirlər görülür. Statistik məlumatlara görə, artıq keçən il həmin torpaqlarda 80 min hektara yaxın ərazidə kənd təsərrüfatı məhsulları yetişdirilib. Xüsusilə həmin ərazilərdə taxıl, arpa istehsal etmək mümkün olmuşdur.

Bu gün həmin sahələr daha da genişləndirilib. İndiyə kimi həmin torpaqlarda taxıl əkininin bünövrəsi qoyulub. Sözsüz ki, digər kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi üçün də sözügedən ərazilərdə lazımi imkanlar var. Xüsusilə tütünçünlük və tərəvəzçilik üçün işğaldan azad edilmiş torpaqlar əlverişlidir.

Dağlıq rayonlarda, Laçın, Kəlbəcərdə heyvandarlığın inkişafına hələ Sovetlər dövründə geniş yer ayrılmışdı. Son iki il ərzində isə həmin torpaqlara, xüsusilə Laçın rayonu ərazisinə heyvanların köçürülməsi göstərir ki, gələcəkdə həmin regionlarda heyvandarlıq yeni tələblər əsasında inkişaf edəcək.

Qarabağ iqtisadi rayonu aqrar sektorun inkişafı üçün əlverişli zonadır. Həmin ərazilər hələ Sovetlər dövründə ölkə iqtisadiyyatının təminən 8-10 faizini təşkil edib. Bu gün həmin ərazilərdə yeni su anbarlarının yaradılması, digər infrastruktur layihələrinin həyata keçirilməsi onu deməyə imkan verir ki, bir neçə ildən sonra həmin ərazilər respublika üçün ən əlverişli kənd təsərrüfatı regionuna çevriləcək”.