Tahir Rzayev, millət vəkili : - " Dahilərimizin yolunu, əməllərini, milli dəyərləri, demokratik prinsipləri cənab İlham Əliyev yaşadır və ucaldır."

HÜQUQ 15:47 / 27.05.2024 Baxış sayı: 1828

“1918-ci il mayın 28-də Şərqdə ilk demokratik, hüquqi, dünyəvi dövlətini və parlamentli respublikasını yaradan Azərbaycan xalqı özünün dövlətçilik ənənələri ilə fəxr etməyə haqlıdır”. Yenises.az   bildirir ki , bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyətinin ömrü 23 ay olmasına baxmayaraq o, qısa bir dövrdə Azərbaycanda ilk parlamenti, hökuməti yaratmış, dövlət atributları təsis edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirmişdir.

“Milli müstəqilliyin və milli maraqların qorunmasını, möhkəmləndirilməsini, siyasi, iqtisadi və mədəni inkişafın təmin edilməsini, demokratik prinsiplərin tətbiq olunmasını, irqi, milli, dini, sinfi bərabərsizliyin aradan qaldırılmasını, ordunun gücləndirilməsini, beynəlxalq əlaqənin genişləndirilməsini əsas vəzifə kimi qarşıya qoyan Xalq Cümhuriyyəti istədiklərinə müəyyən qədər nail olmuşdur. Xalqın milli mənlik şüurunun özünə qaytarılması, öz müqəddəratını təyin etməyə qadir olduğunu dünyaya göstərməsi Xalq Cümhuriyyətinin ən böyük uğuru idi. Dövlət quruculuğunun mühüm sahələrində, ədliyyə, xalq maarifi, mədəniyyət, seçki sisteminin təkmilləşdirilməsi sahəsində görülən tədbirlər əhəmiyyətli idi.

Bu gün Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi qazandığı uğurlarla dünyanın diqqət mərkəzindədir. Ulu Öndərimiz Heydər Əliyevin düşünülmüş müdrik siyasəti və mətin iradəsi nəticəsində Azərbaycan öz dövlətçiliyini qoruyub saxlaya bildi və bu günümüzün möhkəm bünövrəsinin qoyulmasına nail oldu. 1990-cı illərin əvvələrində ölkədə hökm sürən anarxiya, qarşıdurmalar və torpaqlarımızın erməni təcavüzkarları tərəfindən işğalı Azərbaycanı parçalamaq, dövlətçiliyini itirmək təhlükəsi qarşısında qoyduğu bir vaxtda Heydər Əliyev xalqın və ölkənin köməyinə çatdı və özünün xilaskar missiyasını bacarıqla yerinə yetirdi.

Ulu Öndərimiz müstəqilliyi qorumağın məsuliyyətini, ağırlığını dərindən qiymətləndirir və bildirirdi ki, “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifədir” və dahi rəhbər onu da xatırladırdı ki, “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir”. Bu əziz gündə Xalq Cümhuriyyəti banilərinin və Ulu Öndərimiz Heydər Əliyevin ruhu şaddır. Çünki dahilərimizin qoyduğu yolu, əməlləri, milli dəyərləri, demokratik prinsipləri Azərbaycan Prezidenti cənab İlham Əliyev yaşadır və ucaldır.

Artıq torpaqlarımız işğaldan azad olunub suverenliyimiz tam bərpa edilmişdir. Erməni faşistlərinin ayağı Qarabağdan kəsilmişdir. Ordumuz güclü, sərhədlərimiz möhkəmdir. Xalqımız birdir, sözümüz kəsərlidir. Ölkəmiz iqtisadi cəhətdən sürətlə inkişaf edir. Beynəlxalq əlaqələrimiz gündən-günə möhkəmlənir. Xalqın güzəranı yaxşılaşır. Qarabağ və Şərqi Zəngəzur torpaqları bərpa edilir, qurulur və abadlaşır, insanlar ata-baba yurdlarına qayıdırlar. Dünya Azərbaycanın uğurlarına, sülh, demokratiya, azadlıq, əməkdaşlıq çağırışlarına böyük önəm verir, dövlətimiz ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu, sözsüz ki, müstəqilliyimizin möhkəmliyi və gücümüzün tükənməzliyidir. Prezidentimizin dediyi kimi, “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan”! Bu ifadələr hər birimizin qəlbini riqqətə gətirir və Azərbaycanın qüdrəti, uğurları ilə hər bir vətəndaşımız fəxr edir”, - deyə Tahir Rzayev bildirib.