Tahir Rzayev, millət  vəkili :-" Cənab İlham Əliyev ,beynəlxal aləmdə  haqqın, ədalətin bir qarantı kimi çıxış edir".

SİYASƏT 21:12 / 04.03.2024 Baxış sayı: 862

“Azərbaycan bu gün beynəlxalq aləmdə qazandığı nüfuzu, iqtisadi inkişafı, düşmən üzərində əldə etdiyi tarixi qələbəsi, sülh, demokratiya, azadlıq və əməkdaşlıq uğrunda apardığı mübarizəsi, humanist davranışları ilə dünyanın diqqət mərkəzindədir”. Yenises.asz  xəbər  verir ki, bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.\

Komitə sədri vurğulayıb ki, dövlətimizin rəhbəri cənab İlham Əliyev dünya ölkələri ilə qarşılıqlı əməkdaşlığa, xalqlar arasında münasibətlərin yaxşılaşdırılmasına, dövlətlərin suverenliyinin və müstəqilliyinin qorunmasına, möhkəmləndirilməsinə böyük önəm verir, beynəlxal aləmdə baş verən hadisələrə öz qiymətini verməklə bərabər, haqqın, ədalətin bir qarantı kimi çıxış edir.

“Bir çox beynəlxalq təşkilatların, böyük dövlətlərin dünyada sülhün, demokratiyanın, insan haqlarının müdafiəsi sahəsində tutduqları ikili mövqe daimi olaraq, Azərbaycan Prezidentinin kəskin, barışmaz münasibəti ilə qarşılanır və sözsüz ki, bu, sülhsevər bəşəriyyət tərəfindən rəğbətlə qarşılanmaqdadır. Çünki xalqımız 32 il bu haqsızlıqdan, ədalətsizlikdən əzab-əziyyət çəkmiş, torpaqlarımız erməni təcavüzkarlarının işğalı altında qalmış, şəhər və kəndlərimiz dağıdılıb viran edilmişdir. Çox təəssüflər olsun ki, beynəlxalq təşkilatlar, dünyanın ABŞ, Almaniya, Fransa kimi dövlətləri bu işğala vaxtında münasibət bildirməmiş, əksinə, çox vaxt təcavüzkarların tərəfindən olmuşlar. Ancaq dünyanın, BMT-nin gözü görə bilmədiyi və görmək istəmədiyi vəzifəni Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev, Müzəffər Ordumuz və qəhrəman xalqımız özü həyata keçirmiş, düşmən tamamilə məhv edilərək torpaqlarımızdan çıxarılmışdır. Əlbəttə, bu qələbə cənab İlham Əliyevi dünyada cəsarətli, uzaqgörən, xalqına arxalanan və insanların sarsılmaz birliyinə nail olan bir rəhbər, ordumuzun yenilməyən, mübariz bir qüvvə, azərbaycanlıları öz torpaqları uğrunda mübariz, canlarından keçməyi bacaran, həm də düşməni əzməyə qadir olan bir xalq kimi tanıtdırmışdır.

Azərbaycan yalnız döyüş meydanında deyil, iqtisadi, sosial həyatda, insanlara münasibətdə, dinc quruculuq, bərpa işlərində də qalibdir. İqtisadi inkişafımızın yüksək tempi, ölkədəki ictimai sabitlik, dünyaya inteqrasiya çox mühüm dünya əhəmiyyətli layihələrin proqramların hazırlanıb həyata keçirilməsi, ölkəmizə qoyulan sərmayələrin ildən-ilə artması dünya ölkələrini Azərbaycana gündən-günə yaxınlaşdırır və dostlaşdırır. Bu gün çox vacib və dövlətlərin gələcəyi üçün əhəmiyyətli olar tədbirlərdə Azərbaycan ev sahibliyi edir. Bu mühüm layihələrin imzalanması gələcək inkişafımıza yollar açır. Cənab İlham Əliyevin söylədiyi kimi, “Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir. Çünki keçən ilin göstəriciləri bunun sübutudur.” Bu ifadələri Prezidentimiz Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində, Nazirlərin X və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində, nazirlərin ikinci iclası zamanı söyləmiş və eləcə də “Evronews” televiziyasına verdiyi müsahibəsində dünya ölkələrini mövcud problemləri birlikdə həll etməyə səsləmişdir.

Məlum olduğu kimi Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir və bu rol ildən-ilə artmaqdadır. Artıq ölkəmiz dünyanın 8 ölkəsinə qaz nəql edir ki, onlardan da 6-sı Avropa dövlətidir. Avropada istifadəyə verilmiş “İnterkonnektor” layihəsinin təməlində isə ilk növbədə Cənub Qaz Dəhlizi dayanır. Uzunluğu 3500 km olan kəmər artıq reallaşmışdır. Bildiyimiz kimi, 10 il bundan əvvəl başlanan təşəbbüsün nəticəsi uğurludur və ölkənin qaz ehtiyatları yeni mühüm layihələrin həyata keçirilməsinə imkan verəcək. Cənab İlham Əliyev öz çıxışında iqlim dəyişikliklərinin dünyada yaratdığı fəsadlara xüsusilə diqqəti cəlb etmiş və bildirmişdir ki, bu fəsadlar dünya dövlətlərinin birliyi nəticəsində aradan qaldırıla bilər. Bu sözləri deyərkən dövlətimizin başçısı sözsüz ki, Bakıda keçirilməli COP 29-u nəzərdə tutur və bu tədbirin əhəmiyyətli olacağına inamını ifadə edir. Prezidentimiz bildirir ki, iqlim dəyişikliyi ilə bağlı olan qlobal tədbirlərə ev sahibliyi etmək istəyimizin olması faktı bizim iradəmizi nümayiş etdirir. COP 29 bizim Yaşıl Enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Əlbəttə, Yaşıl Enerjiyə keçiddə hər bir dövlət öz vəzifəsini qiymətləndirməli və məsuliyyətini bilməlidir. Xüsusilə, qazıntı yanacağı ilə zəngin olan ölkələr bu sahədə təşəbbüskar olmalıdırlar. Ona görə də cənab İlham Əliyevin çıxışı həm də müəyyən ölkələrə bir müraciət xarakteri daşıyır. Bildirilir ki, əldə etdiyimiz nailiyyətlərdən, gəlirlərdən bərpa olunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhvə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik.

Azərbaycan bərpa olunan layihələrin həyata keçirilməsində maraqlı, həm də iddialıdır. Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq potensialın olması buna əsas verir. Cənab İlham Əliyevin çıxışındakı ifadələr, vəzifələr milli maraqlarımızı ifadə etməklə bərabər, həm də dünya ölkələri üçün, iqtisadiyyatımızın inkişafı, əlaqələrin möhkəmləndirilməsi, insanların normal həyatının təmin edilməsi baxımından dəyərli və gələcəyimiz üçün əhəmiyyətlidir. Bu, Azərbaycan Prezidentinin bəşəri dəyərlərə sadiqliyini, insanlığa, sülhə, əmin-amanlığa, əməkdaşlığa sağlam münasibətini bir daha nümayiş etdirir”, deyə Tahir Rzayev bildirib.