Sel fəlakətinin Azərbaycana faydası AÇIQLANDI - FOTO

MƏMLƏKƏT 15:58 / 03.06.2023 Baxış sayı: 1508

“Həftənin əvvəlində İran ərazisindən Bolqarçay vasitəsilə gələn sel bir növ Bolqarçay su anbarının doldurulmasına kömək edib”.

Bu barədə Oxu.Az-a açıqlamasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Suvarma şöbəsinin müdir müavini Qulu Kərimov Bolqarçay su anbarının boşaldılması və sel sularının fəsadları ilə bağlı son durum barədə məlumat verərkən deyib.

 

O bildirib ki, Bolqarçay su anbarının doldurulması üçün yetəri qədər su tapılmırdı:

“Sel nəticəsində həm Bolqarçay su anbarı doldurulub, həm də artıq su kütləsinin Mahmudçala gölünə, eləcə də kanallar vasitəsilə Cəlilabad rayonu ərazisinə verilməsi təmin edilib. Demək olar ki, heç bir ciddi problem və fəsad qeydə alınmayıb”.

Q.Kərimov onu da əlavə edib ki, son vaxtlar Şəmkir rayonunun Zəyəm qəsəbəsinə də sel suları gəlib:

“Qısa zamanda müşahidə edilən sel suları bir sıra evlərin həyətyanı sahələrinə dolub, əkin sahələrinə mənfi təsir edib. Məlumata görə, həyətyanı sahədə toyuq-cücə saxlayan bir neçə ailəyə ziyan dəyib. Agentliyin istifadəsində olan su təsərrüfatı obyektlərinə heç bir ziyan dəyməyib”.