Şakir Xanhüseyndən İKİ ŞEİR

v
SONET
Axı, siz kimsiniz, ey əzizlərim...
ey tanıdıqlarım, biz tanışmıyıq;
Günlər ötüb keçir, bir-birimizlə
bir kəlmə kəsib də heç danışmırıq...
Yaxınlar, nə lazım belə yaxınlıq,
bilmirəm dostlarıq, ya düşmənlərik...
Başa gələnləri-- bu ki nadanlıq--
anlayıb da başa düşməyənlərik?
Başına döndüyüm, başımı kəsmə,
əlimi səninçün daş altda qoydum...
Çalışdım özümü suda qurudum,
oğul, gözlərimi yaş altda qoydum...
Ömrümüz bir dəli ata qoşulu,
Fikirləş, ay qohum, düşün, a qonşu...
METEOHƏSSAS...
meteohəssas insanlara oxumaq olmaz
bu şeiri...
ürəyini çıxar köksündən qoy pəncərənin
ağzına, yahu,
soyuq su gəzdir özünlə, hələ çox
çarpışacaqsan ölümlə...
bir qolunu as boynundan, o biriylə yapış
dünyadan,
saxlamaq asan oldu bəlkə ələ keçirdiyin
bir heçnəyi...
son sözünü silahına söyləyən bir
döyüşçü qədər inamlı olmaq su üzündə
ocaq qalamaq kimi bir müşkül işdi...
meteohəssas insanlarla birgə yaşamaq
zülmdü...
bayquş ulartıları uğultu salan bir ortamda
sevgi nəğmələrindən həzz alınmaz...
uzatdığın əlini çək süfrədən
kəmali-ədəbnən,
nə yediyindən çox, kimnən yediyinə fikir
verirlər indi...
bir dadlı nəfəs almaq, özündən çox-çox
yüksəklərə can atmaq
meteohəssas insanlara qətiyyən olmaz;
hava seyrəlir çünki yuxarı qalxdıqca, ya...