“PALİTRA” ƏDƏBİ KLUBUNUN SÖZ TÖHFƏLƏRİ

(AYB mingəçevir bölməsinin yaradıcılıq günündən reportaj)
Dünən (26.05.2024) “Palitra” Ədəbi Klubu mingəçvirli yazarları yenidən bir araya gətirdi. AYB-nin Mingəçevir bölməsinə üz tutan yazarlar bir daha ilahi sözün cazibə qüvvəsinə şahidlik edir. Məhz buna görə də böyüklü-kiçilki hər kəsin çöhrəsindən süzülən işıq təbəssümlü anların ömrünü uzadır. AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadənin əvvəldən axıra kimi ayrı-ayrı məqamlarda həmkarlarına xitabən söylədiyi ilıq kəlmələrlə söz məclisinin təsir gücünü artırır. Sonra isə hazırda nəşrə hazırlıq prosesində olan almanaxın bu il 25 illiyi qeyd ediləcək bölmənin sayca beşinci ədəbi toplusunun olduğunu sevinc hissiylə vurğulayır, yaxın aylarda həyata keçirilməsi nəzərdə tutulan önəmli tədbirlərdən söz açır. Və yazar həmkarlarına xitabən: “Yavaş-yavaş söz boxçalarınızın ağzını açın, bilirəm həmişə olduğu kimi bu dəfə də yanıma ürəyi dolu gəlmisiniz!”-deyir və ilk olaraq üzünü yazarların “ahıl-cahıl” dostu Ağabala Salahlıya tərəf tutur. Ağabala kişi oxuduğu sevgi motivli iki şeiri ilə sanki bayırdakı qaşqabalı yaz havasının da qırışığını açır. Mingəçevir Dövlət Universitetinin dosenti, tədqiqatçı alim-yazar Mehman Rəsulovun xeyir-düaları hamının arzuları ilə həmahəng səsləşir. Şair-hüquqşünas Bəhman Gülövşəlinin oxuduğu şeirlər də təsirsiz ötüşmür, pafosla zəngin olan bir şeiri ilə Mahir Musa tədbirə təbəssüm dolu anlar qatmağa nail olur. Kəlbəcərin nisgil dolu günləri arxada qalandan sonra yazıları Zəfər sevincimizdən soraq verən Rəfael Dəmiroğlunun şəhidlərimizə həsr etdiyi şeiri ilə hamını məmnun edir. Bölmə rəhbərinin “bar çiçəkləri”miz adlandırdığı cavan yazarlarımız,-ötən il AYB üzvlüyünə qəbul edilən Elçin Məhərrəm, istedadlı yazar kimi dəyər qazanmış Nicat Hunalp oxuduqları şeirləri ilə, məktəblərin birində pedaqoji fəaliyyətini davam etdirməklə ədəbi aləmdə ilk addımlarını atan Şamil Həsənov isə essesi ilə hamıya nikbin ovqat hissi aşılamağa nail olurlar.
Növbə AYB-nin üzvü Zümrüd Rəhimova çatanda bölmə rəhbəri biraz ciddi, biraz da zarafatla deyir: “Zümrüd xanım bizim söz məclisimizin sütünlarından biridir. Uzun illər boyu balaca yazar məktəblilrin ayda bir dəfə toplaşdıqları “Mingəçevir qönçələri” ədəbi məclisinə rəhbərlik edib. İndisə üç qız, bir oğlan nəvəsinin “dərnək rəhbəridir”. Yaxşı da eləyir, mənim fikrimcə nəvələr yaradıcı şəxsin ən uğurlu əsərlərinindən biridir. Allah balaları qorusun! Bunula belə Zümrüd xanım hələ qələmi yerə qoymayıb, gəlin görək indi o, hansı yazısı ilə bizi sevindirəcək”. Zümrüd Rəhimova iki mənsur şeirini oxuyur və içəridəki abı-havaya müsbət enerji qatmağı da unutmur. Şair Mikayıl Yusif, AYB-nin üzvü, şair-nasir Namiq Zaman, şair-publisist Məmməd Mərzil, şair Dağbəyi Elbəyioğlu da oxuduqları şeirlərlə söz məclisinin yaddaşında iz salmağı bacarırlar. Axırda bölmə rəhbəri İsmayıl İmanzadə iki yığcam-lakonik şeirini oxuyandan sonra həmkarlarına cansağlığı, yaradıcılıq uğurları arzulayır.
İki saata yaxın zaman kəsimi ərzində yazarları bir araya gətirən və tədbirə qatılanları yurdumuzun nur timsallı sabahlarına səsləyən “Palitra” Ədəbi Klubunun növbəti bir yaradıcılıq günü də şirin xatirələrə çevrilir...
ELÇİN MƏHƏRRƏMLİ
Azərbaycan Yazıçılar Birliyinin üzvü, MDDT-nın ədəbi hissə müdiri
(Fotoların çəkilişi AJB-nin üzvü, şair-publisist Məmməd Mərziliyə məxsusdur)
