Osman Azad oğlu Əhmədzadə : -       KƏRKİDƏ NOVRUZ ADƏTLƏRİ

MƏDƏNİYYƏT 19:03 / 03.03.2024 Baxış sayı: 4868

   Kərki - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidində kənddir. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir. Kənd 19 yanvar 1990-cı ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.

 Kərki haqqında yazmağımın məqsədi odur ki, Novruz bayramı ərəfəsi olduğu üçün kəndin özünəməxsus bayram adətlərindən bəhs edəcəm.

 Adətlərdən biri – kəndlilər ağaclara qırmızı lent bağlayırmışlar, bu bol ruzi olacağına inamdır. Hamıya təzə paltar alınar, evlər təmizlənər, “Sarıqaya”nın altındakı bulaqda paltar və çayda xalça yuyarmışlar. Həm müqəddəs yer sayılan Telli Tejgarda, həm də hər kəs öz həyətində tonqallar qalayırmışlar. Əsasən uşaqlar ağacın budağına pambıq bükərək sanki şam düzəldirmişlər və gecə məscidə gedirmişlər. İlaxır çərşənbədə isə səhər üzü kənddən keçən çaya hamı gedərək niyyət edər, oradan su gətirib evə səpirdi. Hamı dünyasını dəyişmiş əzizlərinin adına halva bişirirdi, həmin gün kişilər qəbirüstünə ziyarətə gedirdi, qadınlar isə başqa gün gedirdi və orada bir-birinə adətə uyğun olaraq gətirdiyi şirnilərdən pay verirdi. Kimin evində hüzür varsa, ilk olaraq həmin ev ziyarət olunub bayram hazırlığı edilirdi.

 Səməni təkcə buğdadan yox, qarğıdalıdan da cücərdilirdi. Uşaqlar üçün sacda qarğıdalı, noxud, buğdadan və s. qovurğa hazırlanırdı. Bildiyimiz kimi bayram payı üçün uşaqlar qapılara papaq deyil, yaylıq atırdı. Evlərdə “əyirdək” adlı şirniyyat hazırlanırdı, Şorbulaq ətrafında yığılan unluca, xatınbarmağı, yarpızdan qatıq aşı və noxudlu aş bişirilirdi. Hamı öz bişirdiyindən bir-birinə pay aparırdı. Cöngə kəsilirdi, hər kəs mütləq kəsilən cöngənin ətindən almalı idi, Naxçıvana məxsus “qovurma” hazırlayanlar da olurdu.

 Bu adətlər hər biri Novruz bayramının özündə daşıdığı tarixilikdən və əhəmiyyətdən xəbər verir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi

 Osman Azad oğlu Əhmədzadə