Kəmalə Abiyeva : - ANAMA

Ədəbiyyat 08:16 / 13.08.2024 Baxış sayı: 6661

Sizinçün fərqli bir mahnı yaratdıq. Özüm üçün də gözlənilməz oldu. Anaya yazılan mahnılar çoxdu, amma bu səpgidə yoxdu. Bu mövzuya-bu şeirə hər kəs mahnı yazmaz. Var olun dəyərli İqbal bəy. Özüm avqustun 2-də bilmişəm ki, buna musiqi bəstələnib. Təsirləndim və çox sevindim. Mahnı bu gün yazılıb. İfaçı sirr qalsın hələlik. Özüm çox duyğulandım və izləyicilərimlə bölüşmək istədim.

Şeirdə bəndlər çoxdu, bir-neçəsini çıxarmalı olduq.Anaların xatirəsinə

Bəstə   İqbal Aghayevindi,  çox təşəkkür!

Anama

Necə ehtiyacım var

Sən yanımda idin bilmirdim ki mən

Ana sənə necə ehtiyacım var.

Dərdimi, sərimi demirdim hərdən

Bilmirdim ona da ehtiyacın var.

Sənsiz sevinmək də necə çətindi

Bölünmür sevincim, artır ağrılar.

Dərd-sərim içimdə gəzirəm indi

Tək sənə deməyə ehtiyacım var.

Nə olsun yanımda olanım çoxdu,

Qohumlar, qonşular, dostlar, tanışlar.

Amma sənin kimi yananım yoxdu

Ana sənə necə ehtiyacım var...

Hərdən sözlərinə qulaq verməyib

Olub ki bezmişəm danışmağından.

Daha səsin gəlmir...

İndi bezirəm

Səsini duymadan yaşamağımdan.

Mən sənə borcluykən sən nələr etdin

Mənə borclu kimi yaşadın elə.

Səni gözüm üstə gəzdirməliydim

Sən mənim yükümü daşıdın elə.

Çarpışdın, vuruşdun hey ömrün boyu

Sənə az göründü elədiklərin.

İndi mən nə qədər çabalasam da

Yenə az görünür elədiklərim.

Sən yanımda idin... sanki uşaqdım.

Yaşımın fərqində deyildim, ANA.

Ölümün öldürdü uşaqlığımı

Bir anda, bir anda qocaldım,ana...

Sən yanımda idin,

Bilmirdim ki, mən

Ömrümün qışı da çiçəkli yazdı.

Elə bilirdim ki, səni sevirəm,

Nə qədər sevsəm də bilmirdim azdı.

Hansı duyğuları sevgi sanmışam,

Özümə dərd edib batmışam qəmə.

Ötəri hisslərə mən aldanmışam

Sevgindən xəbərsiz olmuşam demə.

Hansı görüşlərə sevinmişəm mən.

Sən yoxsan hamısı puç imiş, ana.

Bütün ayrılıqlar, bütün həsrətlər

Həsrətin yanında heç imiş, ana.

Ehtiyac bilirik, aman, nələri

Nələr yükləyirik ürəyimizə.

Var-dövlət, şan-şöhrət daha nələrsə

Bir ana sevgisi yetməyir bizə...