İsraildə Azərbaycan səfirliyinin açılması diaspor  fəaliyyətinə əlavə stimul verəcək.

SİYASƏT 15:44 / 31.03.2023 Baxış sayı: 1323



Bu  gün  Azərbaycan dövlətinin tərəqqisi naminə ölkədən kənarda yaşayan həmvətənlərimizin həmrəylinin, diaspor quruculuğu və lobbiçilik institutunun inkişafı daha vacib faktorlardan  biridir.. Ona görə də harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı mədəniyyətimizi, milli mənəvi dəyərlərimizi qorumaq, azərbaycançılıq ideologiyasını layiqincə təbliğ və təmsil etmək üçün daim səy göstərməlidirlər...

Bununla  bağlı fikirlərini  bizimlə bölüşən millət  vəkili  Tahir Rzayev bildirib ki, hər bir ölkənin xarici siyasətində diaspora və lobbiçilik çox mühüm yer tutur. 

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda da son illər diaspora təşkilatlarının fəaliyyətinin genişləndirilməsi, lobbiçiliyin təkmilləşdirilməsi sahəsində uğurlu addımlar atılıb:

“Ulu öndərimiz Heydər Əliyev sağlığında dünya azərbaycanlılarının bir araya gəlməsini, onların Azərbaycanın milli mənafelərinə uyğun fəaliyyət göstərməsini və Azərbaycanın tarixinin, mədəniyyətinin, dilinin, dininin, xarici ölkələrdə geniş təbliğ edilməsini vacib hesab edirdi və diaspora təşkilatlarına daimi olaraq öz dəstəyini verirdi. Bu ənənə indi də uğurla davam etdirilir. 

Cənab İlham Əliyevin son illərdə diaspora təşkilatlarına verdiyi dəstək, eləcə də lobbiçiliyin inkişafı ilə əlaqədar gördüyü tədbirlər Azərbaycanın dünyada tanıdılmasına, eləcə də bir məqsəd uğrunda azərbaycanlıların birləşməsinə və Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında əhəmiyyətli rol oynamışdır. 

Sözsüz ki, əlaqələr genişləndirilir və bu əlaqələrin genişləndirilməsində əsas məqsəd Azərbaycan həqiqətlərini, Azərbaycanın əldə etdiyi nailiyyətləri, bir çox problemləri Azərbaycana qərəzli, yanlış münasibətləri, dünya birliyi ölkələrinə çatdırmaq və onların etimadını qazanmaqdır. 

Heydər Əliyev Fondunun bu sahədə gördüyü tədbirlər əvəzolunmazdır. Bu, çox vacib lobbiçilik tədbirləridir, digər qurumların həyata keçirdikləri tədbirlər də bu sıradandır. Xarici ölkələrdə yaşayan vətəndaşlarla münasibətdə son illər nəinki ölkə rəhbəri, eləcə də bir çox təşkilatlar, ictimai-siyasi qurumlar lazımi tədbirlər həyata keçirməkdədirlər. Bu da bizim xarici siyasətimizdə özünün aydın nəticələrini göstərir”.

Milli  Məclisin komitə  sədri bunu da  xüsusi  vurğulayıb  ki, hər bir azərbaycanlı yaşadığı ölkədə tutduğu vəzifədə azərbaycançılıq ideologiyasını, Azərbaycanın mənafelərini daimi gündəmdə saxlamalıdır, nəinki onu təbliğ etməlidir və özünün əməli işi ilə azərbaycanlı olduğunu sübuta yetirməlidir:

“Əlbəttə ki, müəyyən problemlər də mövcuddur. Bu problemlərdən, ən başlıcası hələ də müəyyən ölkələrdə Azərbaycan diasporunun güclü olmaması, eləcə də müəyyən azərbaycanlıların təşkilatlanmasında yol verilən nöqsanlar hələ də xarici siyasətdə müəyyən uğurların qazanmasına imkan vermir. Ancaq bir çox ölkələr var ki, artıq burada güclü Azərbaycan diasporu lobbiçiləri yetişiblər. Buna misal olaraq, İsrail dövlətini nümunə gətirə bilərik ki, bu yaxınlarda Azərbaycanın İsraildə səfirliyi açıldı. Sözsüz ki, bu, Azərbaycanda yaşayan yəhudilərin, eləcə də İsraildə yaşayan azərbaycanlıların qarşılıqlı əlaqələrinin bir növ inkişafıdır. Çünki İsraildə yaşayan azərbaycanlılar daimi olaraq yerli əhali ilə təmasdadırlar, eləcə də Azərbaycanda yaşayan dağ yəhudiləri daimi olaraq İsrailin müəyyən təşkilatları, qurumları ilə əlaqə saxlayıb, Azərbaycan haqqında lazım olan məlumatları, baş verən yenilikləri həmin ölkənin vətəndaşlarına çatdırır və onlarla sağlam əlaqələr qururlar”. 


“Digər ölkələrdə də bizim güclü diaspora təşkilatlarımız var. Elə Rusiyanın özündə, qonşu Qazaxıstanda, Özbəkistanda və digər respublikalarda bizim diaspora təşkilatları yaxşı fəaliyyət göstərir. Ancaq bu fəaliyyəti genişləndirmək bu gün üçün çox vacibdir. Çünki Azərbaycana qarşı təpkilər var. Hələ də Azərbaycan həqiqətləri dünyanın bir çox ölkələri tərəfindən geniş dərk olunmur”- deyə, millət vəkili qeyd edib.