İSMAYIL MƏRCANLI İMANZADƏ : - MƏN YAXŞI Kİ NARKAMAN OLA BİLMƏDİM...

Ötən yüzilliyin altmışıncı illərinin ortaları idi. Gəncə Dövlət Pedaqoji İnstitunda ikinci kurs tələbəsiydim. Yeni tədris ili təzəcə başlamışdı. Şəhərdəki hamamlardan birində çimib qayıdandan bir gün sonra qollarımda səpkilər peyda olmuşdu. Bu bilmədiyim mərəz boynumda və ələrimin üstündə də özünü biruzə verməkdə idi. Utandığımdan dərdimi kiməsə açıb deməyə çəkinir, çıxılmaz bir vəziyyətə düşmüşdüm. Validə adlı qrup yoldaşım tənəfüs zamanı məni kənara çəkib: “İsmayıl, mamam dəri-zöhrəvi xəstəxanasında medsestra işləyir, ona deyərəm səni baş həkimn yanına aparar, ancaq ləngimədən get ha...
Sabahısı gün xəstəxanaya getdim, tələbə yoldaşımın anası qolumdan tutub məni Qafar adlı baş həkimin yanına apardı. Həkim bədənimdəki səpkilərə diqqətlə baxıb, xəstəxanada yatmalı olacağımı söylədi. Tələbə olduğumu biləndə: “Narahat olma, oğul,-dedi, tapşıracağam səni Xanım həkim özü müalicə etsin, özümün də gözüm üstündə olacaq”. Sonra katibəsinə Xanım həkimi və sestra xozyeykanı yanına cağrmağı tapşırdı. Otaqda ikilikdə qalanda isə təbəssümlə üzümə baxaraq əlavə etdi: “Mən özüm əslən Füzuli rayonundanam, yəni belə götürəndə həmyerliyik. Ancaq dərslərini yaxşı oxu, yoxsa aramız dəyər. Uzaqbaşı iki həftədən sonra sapsağlam olacaqsan”...
Xanım adlı yaşlı həkim və cavan tibb bacısı içəri girən kimi üzünü onlara tutub: “Bu oğlan institut tələbəsidir, onu sizə tapşırıram, özüm də gedişata nəzarət edəcəyəm, qoyun paltarı yanında qalsın, qorovulçuya tapşıracağam ona hər axşam bir saatlığa şəhərə çıxmağıa icazə versin. Sonra da mənə qətiyyətlə tapşırdı,-şəhərə çıxanda veyillənmə, yaxın bildiyin tələbə yoldaşınla əlaqə saxla ki keçilən dərslər barədə xəbərin olsun. Qafar həkimin tapşırğına əsasən məni üç nəfərlik palatada yerləşdirdilər, əynimi soyunub xəstəxana paltarını geyindim və özümünküləri büküb dəmir çarpayımın böyründəki şkafa qoydum. Palata yoldaşlarımla tanış olanda öyrəndim ki Səfər adlı ağsaqqal kişi Dəliməmmədli, Mahir adlı 28-30 yaşlarında olan oğlan isə dediyinə görə Gəncənin “Çayqıraqlı” məhəlləsindəndir. Səfər kişi qaradinməz adam olsa da, Mahir dilli-dilavər, çevik-diribaş oğlan idi. Xəstəxananın geniş həyətinda bir-birindən aralı skamyalar qoyulmuşdu, adətən xəstələr boş vaxtlarında həyətdə gəzişə-gəzişə söhbət edib, dərdləşirdilər.
Çox utancaq və çəkingən birisi olduğumdan Mahir məni elə ilk gündəncə belə desəm caizdirsə, caynağına keçirmişdi. Axşam həyətdə gəzişəndə Mahirin təklifiylə həyətin ən uzaq tərəfində, çinar ağacının altında qoyulmuş skamıyada oturduq. Xalatının yan cibindəki “Kazbek” qutusundan bir siqaret çıxarıb, üstünə bozumtul bir şey yaxaraq tütünlə qarışdırdı, sonra da eyni üsulla ikincisini də hazırladı və birini mənə uzadaraq al çək dedi, görəssən adama necə ləzzət eləyir. Əvvəlcə etiraz edib, imtina elədim, qolumdan yapışıb ərkyanalıqla dedi: “Lələ, buna bizim şəhərdə “hoqqa” deyirlər, al çək, görürəm çox fikir-xəyal edirsən”. Kibriti çəkib əvvələ özününkünü sonra da dodağıma quyduğum papirosu alışdırdı. Papirosa qullab vurub, tüstüsünu havaya üfürəndə təzədən başımın üstünü kəsdirdi: “Lələ, belə çəkib mayanı korlama, görürsən, baxx... belə elə”. Bunu deyib papirosdan bir qullab aldı və tüstünü sinədolusu ciyərlərinə çəkdi. Mən də belə etdim. Bir az keçəndə elə bil kimsə qolumdan yapışıb məni əsrarəngiz bir məkana dartıb apardı. Gözlərimin qabağında güllü-çiçəkli bir aləm canlanmağa başladı. Qulaqlarımda əks-səda verən suların şırıltısı, quş səsləri, bulaq zümzüməsi... məni məst etməkdə idi. Hər ikimiz deyib-gülür, hərdən çırtıq çalırdıq. O, üzümə baxıb: “Gördünmü “hoqqa” necə gözəl şeydi, de görüm xoşuna gəldimi? Başımın işarəsiylə dediyini təsdiqlədim, “Hələ bu harasıdı, lələn sənə hoqqanı tütünlə qarışdırmağı da öyrədəcək...”
İndiki kimi yadımdadır, düz beş gecəydi ki həyətin xəlvəti bir guşəsinə çəkilərək, papirsun dadını çıxardır, sonra da palataya gələrək uzanıb yatırdıq. Qrupumuzdakı tələbə yoldaşlarım hər gün dərsdən sonra ikibir, üçbir mənə baş çəkib, meyvə və şiriniyyatla dolu kağız torbanı tumbuçkamın üstünə qoyaraq, sağollaşıb gedirdilər. Belə vaxtlarda Mahirin keyfi sanki kəllə-çarxa qalxır, elə hey üzümə təbəssümlə baxırdı...
Bu vərdişə alışmaqda olduğum altıncı gecə Mahir dedi ki “hoqqmız” qurtarıb, paltarını geyin, gedib filan yerdən alıb gətirək. Əynimi dəyişəndən sonra qorovulçuya yanaşıb: “Həsən dayı, Mahir mənim palata yoldaşımdır, icazə ver, onunla yarım saatlığa şəhərə çıxıb, qayıdaq!” Qorovulçu əynində xalat olan Mahirə baxıb: “Öğul çox ləngiməyinm ha.. yoxsa üzümə söz gələr!”-dedi.
Şəhər mehmanxanasının alt tərəfindəki binanın həyətinə keçəndə, kimsə qəfildən fin bıçağı şaqqıltıya sinəmə dirədi. Sözün açığı bərk qorxdum, həmin anlarda mənə elə gəldi ki, ürəyim qırılıb tappıltıyla ayaqlarımın altına düşdü. Mahir “parol”u yavaş səslə deyib, həmin şəxsə: “Narahat olma, öz uşağımızdır, təzə-təzə öyrədirəm”-dedi. Yaşıl kolluqların arasında odyal üstə uzanmış iki qız və bir oğlan bizi görüb ayağa qalxdılar. Mahir onlarla görüşüb, üç manatlıq “hoqqa” alandan sonra bükülünü şalvarımın sağ cibinə qoyaraq, bərk saxla,-dedi. “Satıcılar” elə oradaca bizi “papirosa” qonaq etdilər. Küçəyə çıxanda Mahir qolumdan yapışıb məni “Şah Abbas” məscidinə tərəf dartdı: “Skorıy pomoş”da bir medsestıra qızım işləyir, gedək onunla bir az məzələnim, xəstəxanaya sonra qayıdaraq!” Möhkəm “hallandığımdan” onun dediklərinə kor-koranə əməl edirdim. Deyilən yerə çatıb, açıq qaıdan içəri keçdik, Mahir əvvəlcə bir nəfərin, sonra da ayrı bir qızın adını çəkəndə növbətçi qadın yüksək səslə: “Ay, cammaat, içəri piyanskalar girib!-deyərək dəhlizin axırında gözümə görünəb telefona tərəf cumdu. Mahirin qolundan yaışıb çölə darta-darta üstünə çımxırdım: “Əəə, məni hara gətirmisən, tezol burdan rədd olub gedək!!!”
Dalda bir küçəylə bazara tərəf qaçmağa başladım. Sağ əlim şalvar cibimdəki qoz boyda bükülünün üstəydi. Kimsə dalımca düşsəydi onu gücüm çatdıqca uzağa atmağı düşünürdüm. Mahir dalımca qaçırdı, xəstəxananın qapısından içəri girib, asta addımlarla palatamıza keçdik. Bir az toxdayan kimi bükülünü Mahirin tumboçkasının üstünə atıb dedim: “Götür bu zibilini, harda gizlədirsən, gizlət!..”
Hər ikimiz dinməz-söyləməz yerimizə uzandıq. Səhərə qədər yerimdə o üzə, bu üzə çevrilib özümü asıb, kəsdim: “Ay Allah, gör necə ağılsız olmuşam, Heç xəyalıma da gəlməyib ki məni məktəbdən qovarlar, həbs edərlər, onda özüm cəhənnəm, dədəm-nənəm camaatın arasına nə təhər çıxar, özüm hansı üzlə kəndə qayıdaram!.. Səhərisi günü təyin olunmuş müalicələrimi birtəhər başa vursam da, hələ də özümə gələ bilmirdim. Üzləşdiyim sarsıntı, xəcalət hissi amanımı qırmaqdaydı. Gecə Mahir dedi ki, dünən axşam həm özünü həm də məni bərk qorxuzdun. Gəl, aşağı düşərək birini çəkib, özümüzə gələk...” Bu dəfə bir az ucadan dedim ki yox, lələ, mən bu yolun qulu ola bilmərəm, buraya oxumağa gəlmişəm, yaxşı olar ki sən də “hoqqa” adlanan bu zibili tərgidəsən. Birisi gün müalicəm başa çatır. Qoy, burdan üzüsulu çıxıb gedim...
İki gündən sonra baş həkimə və Xanım doxtura dil-ağız edərək xəstəxanadan çıxanda Mahir özünü mənə çatdırıb: “Sən düz fikirləşmisən lələ, ta get öz işlərinlə məşğul ol. Deyəsən doğrudan da biz ayrı-ayrı yolların yolçularıyıq. Ancaq bu barədə kiməsə bir söz demə, hər ikimizçün pis olar! Hesab elə ki heç tanış da deyilmişik,-deyərək boynumu qucaqlayıb üzümdən öpdü...
Həmin hadisə hərdən yadıma düşəndə, Allaha şükr edirəm ki heç olmasa yarı yoldan qayıda bildim, yoxsa bilmirəm axırım necə olacaqdı...
P.S. Sözüm bu zərərli vərdişə aludə olanlara,-illah da gənclərədir: “Amanın günüdür, bu zəhrimardan vaxtında əl çəkin, yoxsa, özünüz öz əllərinizlə həyatınızı məhv edəcəksiniz!..”
11.02.2025