İSMAYIL İMANZADƏ , AYB MİNGƏÇEVİR BÖLMƏSİNİN SƏDRİ : - ELŞƏN ƏZİMİN BƏNZƏRSİZ SƏNƏT YOLU

YAZARLAR 12:59 / 12.07.2023 Baxış sayı: 8000

 

Əvvəlcədən deyim ki, qələmə aldığım bu yazı ədəbi aləmdə kifayət qədər tanınan şair Elşəm Əzimin doğum gününə yönəlik müfəssəl qeydlərimin cüzi bir hissəsidir. Şairin ədəbi yaradığılığını təhlil etmək fikrim olsaydı təbiidir ki yazının əhatə dairəsi daha geniş və əhatəli olardı. Beləliklə, Elşəm Əzimi bir şair kimi başqalarından fərqləndirən hansı xüsusiyyətlərə sahibdir?

Sualı cavablandırmazdan qabaq onunla tanış olduğum günü təzədən, özü də bütün cizgilərinə qədər bir daha xatırladım. 1994-cü ilin səhv etmirəmsə may ayının axırları idi. 1993-cü ildin dekabr ayından şöbə redaktoru kimi fəaliyyətə başladığım “Səda” qəzeti redaksiyasının yerləşdiyi binanın birinci qatındakı iş otağımın açıq qapısından cavanlıq illərimdən tanıdığım, əslən Kəlbəcər rayonun Zülfüqarlı kəndindən olan Baxşeyiş müəllim (Allah rəhmət eləsin!) və onun yanındakı arıq, ancaq boy-buxunlu bir oğlanla içəri girdilər. Ayağa qalxıb hər ikisi ilə mehribancasına görüşdüm. Baxşeyiş müəllim: - Elşən böyük oğlumdur, ordu sıralarından təzəcə tərxis olunub. Orta məltəbdə oxuduğu illərdən şeir yazır. Dedim onun şeirlərinə baxıb, fikrinizi bildirəsiniz...

Elşənin mənə kağız vərəqlərdə təqdim etdiyi 5 şeirini nəzərdən keçirəndən sonra dedim: - Baxşeyiş müəllim, oğlunuzun şeirlərini bəyəndim, ancaq ona bəribaşdan bir neçə tövsiyyə verməyi özümə borc bilirəm. Sonra üzümü cavan həmkarıma tutaraq: - Elşən,- dedim. bu gün kəlbəcərli şeir həvəskarlarının az qala hamısı qüdrətli el şairlərimizdən olan Bəhmən Vətənoğluyla Sücayətin şeirlərindən təsirlənib yazırlar, hətta bəziləri onların təsir dairəsindən uzaqlaşa bilmədiklərindən, yerlərində saymalı olurlar. İstərdim ki, sən belələrindən fərqli olaraq, öz yazı tərzinlə fərqlənəsən. Belə etmiş olsan, Allahın bəxş elədiyi istedadınla çox şeylərə nail olacaqsan. Oxuduğum bu şeirlərin yığcam və lakonikdir, özünün qəlbindən keçənləri ifadə eləməyə çalışmısan. Bundan sonra, istənilən vaxt utanıb-çəkinmədən yanıma gələ bilərsən...

Elşənin bəyəndiyim iki şeiri işlədiyim qəzetdə dərc olundu. Mingəçevirdə AYB-nin bölməsi açılandan sonra burada təmsil olunan Rüstəm Kamal, Bəsti Bərdəli, Qaraş İsmayıl, Museyib Eloğlu, Fəzrəddin Əziz, Zümrüd Rəhimova, Mehman Rəsulov, Məhyəddin Məhərrəmoğlu, Bəhman Gülövşəli, Məhəmməd Nəbiyev, Məmməd Mərzili, Zahid Kədər, Namiq Zaman, Eyyub Cabbaroğlu, Ağabala Salahlı, Kəmalə Əyyubqızı, Səxavət Kəlbəcərli, Ələkbər Sönməz, Rəfael Dəmiroğlu, Nəsib Bayramoğlu, Əhməd Süleymanov, Seymur Sönməz, Ruslan Ələkbərli... və digər yazarlarımızla yanaşı, Elşən Əzimin də ədəbi yaradıcılığından nümunələr mənim təqdimatımla “Azərbaycan”, “Ulduz”, “Mingəçevir leysanı” (“Bənövşə”) ədəbi dərgilərində, “Ədəbiyyat qəzeti”, “Yeni Azərbaycan”, “525-ci qəzet”, “Zaman”, “Yeni avaz”, “Səhifələr”, “Kredo”, “Ədalət”... qəzetlərində dərc olunmağa başladı. Elşənin özünün dediyi kimi ortaq dostumuz Rüstəm Kamalın da ona yönəlik qayğıları yetərincə oldu...

Sonrakı vaxtlarda Elşən Əzimin ilk şeirlər kitabına-“Könlümə yağan yağış”a ön sözümlə xeyir-dua verdim. Onun AYB-yə üzv olmasına yardımçı oldum. Beləliklə, Elşən şeirdən-şeirə püxtələşdi, əhatə dairəsi böyüdükcə, dostlarının sayı da çoxaldı, əsərlərinin bir qismi yaxın-uzaq xarici ölkələrə ayaq açdı. Kitablarının sayı, pərəstişkarlarının dairəsi genişləndi...

Elşən Əzim həm də nasirdir,-bir neçə povestin, hekayənin müəllifidir. Onun istedadının çalarları yuxarıda qeyd elədiyim əlamətlərlə də sonuclanmır. Gözəl saz ifaçısıdır, bir-birindən gözəl rəsm əsərləri var...

Bu gün fəxarət hissiylə qeyd edirəm ki AYB Mingəçevir bölməsində milli ədəbiyyatımızı zənginləşdirməyə qadir olan yazarlarımızdan biri də Elşən Əzimdir. Elşənin qədəmləri çox yüngül imiş,- bu gün bölmənin gənc yazarları sırasında Ayşən Rəhim, Elçin Məhərrəmli, Nicat Hunalp... kimi gənc yazarlarımız da yaşlı və orta nəslin nümayəndələriylə birlikdə addımlayırlar.

Az qala unutmuşdum: Bu gün tanınmış şair-nasir, rəssam, Mingəçevirdəki Kəlbəcər rayon tam orta məktəblərindən birinin direktoru Elşən Əzimin doğum günüdür. Bu əlamətdar hadisə münasibəti ilə özümün və AYB-nin Mingəçevir bölməsində təmsil olunan yaradıcı dostlarımın adından onu ürəkdən təbrik edir, anası Cəvahir bacıya, qardaşı Gündüzə, bir cüt oğul balasına gözaydınlığı verirəm.

11.07.2023, saat 13-46

İSMAYIL İMANZADƏ

AYB MİNGƏÇEVİR BÖLMƏSİNİN SƏDRİ

+2

Bütün reaksiyalar:

53Agamir Cavad, Elnur Baxış və başqa 51 nəfər