Elman Eldaroğlu : - Azərbaycanı məhz mütərəqqi düşüncəli gənclər dəyişəcək...

YAZARLAR 14:49 / 03.03.2024 Baxış sayı: 2366

 

Dərin düşüncəli gəncləri görəndə adamın ürəyi dağa dönür. Sevinirsən ki, gələcəyimiz etibarlı əllərdədir. Sovet vaxtı biz Rusiyada təhsil alan gənclərimizə həsəd aparırdıqsa, indi bu həsədin ünvanı Avropada, Amerikada təhsil alan gənclərdir. Bu gün sizə onlardan biri haqqında söhbət etmək istəyirəm. Ülkər Kərimli- bu adı yaxşı yadınızda saxlayın, zaman gələcək ki, ölkədə ən çox hallanan adlardan biri olacaq.

1998-ci ildə Bakıda dünyaya gəlib. Uşaqlıqda bütün qızcığazlar kimi vaxtını yumşaq oyuncaqlar və Barbi gəlinciklərilə yanaşı, kitab, jurnal və rəngləmə dəftərləri ilə keçirib. Artıq dörd yaşında Azərbaycan və Rus dillərində sərbəst oxumağı, habelə 100-ə qədər saymağı öyrənib. Elə o vaxtdan da həyat ona ağ-qara yox, bütün rənglərilə görünməyə başlayıb. Oxumağı və sadə toplama-çıxma əməllərini bildiyindən beş yaşında məktəbə getməsi üçün valideynləri Təhsil Nazirliyinə müraciət ediblər və onun biliyini sübut etmək üçün müraciət etsələr də, nazirlikdən bunun mümkün olmadığını bildiriblər…

Məktəbə gedəndən sonra isə dərslərini əla qiymətlərlə oxuyub. Bakı şəhəri üzrə intellektual yarışmalarda iştirak edərək ingilis dili olimpiadasında 2012, 2013-cü illərdə birinci yerə layiq görülüb. İngilis dilinə olan marağı onu çox kiçik yaşlarından bu dili mənimsəməyə həvəsləndirib.

12 yaşında, boş vaxtları olanda internet üzərindən dünyanın dörd bir yanından yaşıdları ilə əlaqə qurub, onlarla ingilis dilində ünsiyyətdə olur. Bu əlaqələr ona hələ də davam edən dostluqlar qazandırıb. İndi də həmin dostlarından əcnəbi dillərin incəliklərini öyrənir, suallar verib cavablar alır. Həmin dillər arasında alman, fransız, portuqal, hind-ispan, italyan dilləri var. Zaman keçdikcə internet bloqları, saytları, “YouTube” videoları sayəsində müxtəlif dil biliklərini artırır və təkmilləşir...

Deyir ki,- “2013-cü ilin yay tətilində hind dilini 2 ay ərzində söhbət aparacaq və oxuyub anlayacaq dərəcədə sərbəst öyrəndim. Bu gün Azərbaycan, ingilis, rus, fransız, alman, türk dillərini səlis, portuqal, ispan, hind-urdu dillərini orta səviyyədə bilirəm. Müxtəlif dilləri öyrəndikcə onların quruluşu, məntiqini dərk etmək, bənzərlik və fərqliliklərini dərk etməkdən çox zövq alıram. Lakin ən çox sevdiyim, ən doğma, rahat və şirin ana dilim Azərbaycan dilidir...”

Universitetdə ingilis dilində təhsil alıb. 2015-ci ildə 674 balla ADA Universitetinin “Biznesin idarə edilməsi” fakültəsinə qəbul olmub, 2019-cu ildə isə oranı fərqlənmə diplomu ilə bitirib. Elə həmin il Almaniya Federativ Respublikasının “DAAD” təqaüdünü qazanaraq, Humbolt Universiteti, Köln Universiteti və Höte universitətlərindən magistraturaya qəbul məktubları alıb. 2019-cu il 30 avqust tarixində seçdiyi İohann Volfqanq Höte adına Frankfurt Universitətinə, magistratura təhsili almağa yollanıb. 2021-ci ildə oranın “Dünya İqtisadiyyatı və İqtisadi Siyasət” magistratura proqramını əla qiymətlərlə bitirib, Frankfurtda Almaniya Birjasının klirinq şöbəsində işləməyə başlayıb...

“Boş vaxtlarımda kinoya getməyi, film izləməyi, musiqi dinləməyi, rəqs etməyi sevirəm. Ən çox sevdiyim məşğuliyyət səyahət etmək, müxtəlif mədəniyyətlər və tarix haqqında öyrənmək, getdiyim yerlərdə təbiəti, arxitekturanı seyr etmək, turistlərlə ünsiyyət qurmaq, yerli insanları - cəmiyyəti, onların etnometodlarını müşahidə etmək, mətbəxlərini dadmaq, onlarla öz dillərində danışıb “dil tapmaqdır.””- söyləyir.

Dəqiqliyi sevir. Səyahətlərnin marşurutunu hazırlamaq, trayektoriyalarını qurmaq, eyni zamanda səfər zamanı “spontanlığa” da açıq olmaq onun üçün hər zaman maraqlı, zəngin təcrübəli bir sınaq olur. Bu həm də güclü və zəif nöqtələrini öyrənməyə, sərbəst bacarıqlarının inkişaf etməsinə və işə düşməsinə vəsilə olur...

Deyir ki,- “Fransa, İtaliya başda olmaqla bir çox Avropa ölkələrində, BƏƏ-də, ABŞ-da, Braziliyada ümumilikdə sayı 40-dan çox şəhərlərə səfər etmişəm. Dənizi çox sevirəm: İtaliyanın Siciliya, Sardiniya, İskiya adalarına, Braziliyanın İtaparika, İlya dos Frades adalarına gəmi ilə səyahətlər etmişəm. Arzum budur ki, insanlar hamımızın ortaq evi olan Yer kürəsinin qayğısına qalsınlar, onu qorusunlar, plastikdən istifadəni azaltsınlar, mümkünsə etməsinlər, yenidən istifadəni çoxaltsınlar, təkrar emal etsinlər, tullantıları azaltsınlar. Yalnız bu yollarla çayları, gölləri, dənizləri, okeanı, meşələri, çölləri, torpağı qoruya bilərik. Yer kürəsini həm öz sağlamlığımız, həm də gələcək nəsillər üçün daha da yaşamalı YER edə bilərik. Hər kəs istər ki, evi təmiz, dayanıqlı olsun və bunun məsuliyyətini özündə görür. Elə isə hamımızın evi olduğu Yeri də təmiz və dayanıqlı etmək məsuliyyətindən boyun qaçırmamalıyıq.”

Mütərəqqi düşüncəli gəncləri görəndə adam sevinir. Sevinir ki, cəmiyyətimiz sovet düşüncə tərzindən çox yaxın zamanlarda qurtula biləcək. Hələ də qalmaqda olan mövhumatçılıq və bəzi ictimai, sosial problemlərdən Azərbaycanı məhz onlar xilas edəcəklər...

Martın 4-ü haqqında söhbət açdığım bu gənc qızın növbəti ad günüdür, 26 altı yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar, səadət və xoşbəxtlik arzulayıram.

Yeni yaşınız mübarək, Ülkər xanım!

 

Bütün reaksiyalar:

44