Əlizadə Nuri : -  Kədər, gündüz gəl bizə...

Ədəbiyyat 19:47 / 30.08.2024 Baxış sayı: 2236

Kədər, gündüz gəl bizə...

Hara qoyum bu qəmi?

Əlim gəlmir atmağa.

Hansı yalanı seçim,

Özümü aldatmağa?

 

Ümidi şikəstlərin,

Ürəyi şikəstədi.

O ay niyə saralıb

Yoxsa o da xəstədi?!
 

Günəş, gəl şəklimi çək,

Sonra yaz arxasını.

...Bir az gözlə, bağlayım

Dərdimin yaxasını...

 

İçim də çiliklənib,

Sınan bir cam kimiyəm.

Özü öz məzarını

Qazan adam kimiyəm...

 

Ver əlini, nə olsun

Qara qulam, ilahi?

Quruda üzsəm də mən,

Boğuluram, ilahi...

 

...Yolu keçmək istədim,

Gördüm yolda hasarsan.

Kədər, gündüz gəl bizə

Axşam yolu azarsan...

 

...Hara qoyum bu qəmi?

Əlim gəlmir atmağa.

Hansı yalanı seçim,

Özümü aldatmağa?..