Əlisəfa AZAYEV: - AĞ DAM

Hakim yaşsa dolduqca lap
ağlını itirən kimi idi. Dünya malına, cəh-cəlala, zər-zibaya, rahatlığa meyilli
olurdu. Bu səbəbdən də hərdən iş vaxtı da kənar işlərə meyilli olur, ova çıxır,
balıq ovlayırdı. Şəxsi həyətində tikinti işləri aparmaqla yanaşı, dəniz kənarında
da torpaq shəsi almış, orada cənnət yaratmışdı. Burada hər şeydən əvvəl tikinti
təşkilatlatlarının birindən aldığı taxta vaqon diqqəti cəlb edirdi. Özü də bir
necə nəfərin köməkliyi ilə bir qədər yüksəklikdə yerləşdirilmiş, rahatlıq üçün
hər bir şəraiti yaratmışdılar.
Bu taxta dam ağ rəngdöə
boyandığı üçün xeyli uzaqdan diqqəti cəlb edirdi. Bəzən elə hakim tək, ailəli
yoldaşlarla yol keçəndə, həmin istiqamətə diqqətlə baxıb deyərdi:
-
Bax, o ağ dam
bizimdi...
-
Hansı?
-
Dəniz tərəfə
diqqətlə bax. Yüksəklikdə görünən...
-
Hə... Gördüm...
Onun yanında başqa heç nə yoxdu ki.
-
Əlbəttə... Elədir
ki, var...
Ağ damın yanı çox səliqə-sahmanlı idi. Kənddən də bir nəfər
tapşırmışdı ki, ona baxsın. Həyətdə xeyli ağac, gül-çiçək əkdirmişdi. Düzdür,
lazımı qaydada sulanmadığı, becərilmədiyi üçün onlardan çoxu qurusa da, duruş gətirənlər,
göyərib göz oxşayanlar da odlu. Xüsusilə, qızılgüllər... Necə də həvəslə
açırdılar.
Məhkəmədə qəflətən telefon səsləndi. Dəftərxana müdiri dərhal dəstəyi
götürüb dilləndi:
-
Allo...
-
...
-
Bəli, eşidirəm...
-
Kimsə acıqlı, əsəbi
səslə səsləndi:
-
Mənə hakim
lazımdı...
-
O, yoxdur, hələ
isə gəlməyib.
-
Ona deyin ki...
Mənə düzgün olmayan srok verib... Ya əmanəti qaytarsın, ya da...
Nurbacı xanım narahat halda soruşdu:
-
Axı sən kimsən?!.
-
Nə fərqi var mən
kiməm? Özü hər şeyi lap yaxşı bilir!.. Yoxsa hər şey alt-üst olacaq!.. Nəyim olmasa
da, bir yaxşı ovxarlı baltam var!.. Usta adamam, zərbəni hara vurmağı, basıb əzməyi,
çalıb-çapmağı, doğramağı yaxşı bilirəm!..
Xırıltılı, zəhimli səsin ara verməsi, kəsilməsi ilə qadın bir
rahatlıq tapıb dilləndi:
-
Allah, sən özün
saxla. Bu dəlinin əlindən hər bir iş gələ bilər...
Hakim içəri girəndə onu danışan görüb, gülümsədi:
-
Nolub, deyəsən
indi də öz-özünə danışırsan?
-
Yox ey,
sudya... – deyə dəftərxana müdiri naməlum zəng barədə məlumat verdi: - Nə qədər
soruşsam da kimliyini demədi... Elə deyirdi ki, ustayam, məni hirsləndirməyin,
mənə düzgün cəza verilməyib...
-
Xox, qorxduq...
– deyə hakim əlini yelləyərək, qadının sonrakı sözlərinə əhəmiyyət verməyərək
öz otağına keçdi.
Qadın çay aparanda onu fikirli görsə də, bu barədə
deyib-danışmadılar. Hər şey sonradan yaddan çıxar kimi olsa da, vəziyyət heç də
ürəkaçan olmadı.
İsti yay günü idi. İşin sonunu gözləyə bilməyən hakim, saatına
baxa-baxa, evlərinə zəng çaldı:
-
Hazırlaşın, bir
azdan dənizə gedək.
-
İş vaxtı?..
-
İşin sonuna az
qalıb.
-
Yaxşı.
-
Qarpız da götürün.
-
Qalıb ki...
-
Yaxşı, yoldan
alarıq.
Belə səfərlər zamanı
onlardan daha çox uşaqlar sevinər, əsl mənada səs-səsə verər, bir hay-küy
salardılar ki:
-
Ay can-ay can,
dənizə gedirik.
-
Doyunca çimərik...
-
Dərinə getməyin
ha, boğularsınız.
-
Əlbəttə ki...
Hakimin "Niva” maşınına
minib yola düşdülər. Oğlu qürurlu halda qarşıda, qızı ilə həyat yoldaşı arxada əyləşmişdilər.
Oğlan dilləndi:
-
Ata, bir bax...
Bizim ağ dam görünür...
-
Hə, görürəm...
Birdən qadın dilləndi:
-
Bəs qarpız?..
Almadıq heç...
-
Yadıma salaydız
da.
O, maşını dərhal saxlayıb,
geri qaytardı. Sürətli sürəndə qadın narahatlıq içində xəbərdar etdi:
-
Belə də
olmaz... Sürətli azalt...
-
Qorxma...
-
Qorxmalı şeydən
qorxarlar da. Maşında uşaqlar var.
Maşın sürətli getdiyi üçün
sərin hava içəri dolur, uşaqlara ləzzət verir, onlar razı halda şənlənir, səslənirdilər:
-
Ata, yaxşı
maşın sürür...
-
Ata qorxmur...
Qadın onlara açıqlandı:
-
Sakit...
Hakim maşını saxlayıb yerə düşdü. Bir neçə qarpıza nəzər saldı.
Onların arasında alası, qarası da vardı. Yemiş topası da diqqəti cəlb edirdi. Həyat
yoldaşı dilləndi:
-
Yemiş də al...
Hakim isə sanki onun səsini
eşitmədi. Hələ də satıcı oğlanla söhbət etməkdə idi. Bu isə söhbətdən çox elə
mübahisəyə oxşayırdı. Qadın daha dözməyib dedi:
-
Gəl gedək də...
Nə uzun çəkdi... Bir qarpız alacaqdın da...
Hakim maşına oturanda gileyli halda dedi:
-
İşləri düşındə
ilan dili çıxarırlar...
-
Bəlkə
tanımadı?..
-
Nə bilim...
Satıcı oğlan isə toz
qaldıraraq yerindən tərpənən maşının arxasınca baxaraq donquldandı:
-
Ay sənə diplom
verənin lap atasına lənət! Məni toza basmağına bax da... Bu da hakim...
Onlar mənzil başına çatanda uşaqlar maşından düşən kimi qızıl gül
topasına tərəf qaçdılar. Səsləndilər:
-
Gör necə gözəl
açıb!..
-
Ətirlidi!..
-
Həm də
tikanlı...
-
Əlinə batdı
ki...
-
Birini də mənim
üçün dər.
-
Yaxşı...
Anaları onlara acıqlandı:
-
Daha bəsdir...
Qoyun üstündə qalsın... Beləcə yaxşıdı... Gözəl görünürlər...
Oğlan gileyləndi:
-
İndi bunu
tullayaq?
-
Niyə
tullayırsınız ki... Gətirin mən də qoxulayım.
Qadın həvəslə onu burnuna yaxınlaşdırdı:
-
Bəh-bəh, əla ətri
var... – Sonra ərinə tərəf üz tutaraq dedi: - Biz bax...
-
Güldü də...
-
Sən belə şeyləri
bilmərsən.
-
Mənə sənin ətrin
bəsdir...
-
Xoş sözlərinə
görə çox sağ ol.
-
Bu gün yamanca
könlümə düşmüsən.
-
Sakit...
Uşaqlar eşidər... Elə burda qalmışdı?..
-
Buranın havası
başqadı. İnsanın ürəyini açır. Daşdan yumşaq nə əlinə düşdü yeyir... Sonra da
coşursan da...
-
Sənin kimi...
Əlini yığışdır...
-
Baxarıq...
Bir azdan dəstə ilə dənizə tərəf yol aldılar. Ara məsafəsi beş-on
metr idi. Qumlu sahil baxdıqca göz oxşayırdı. Hava küləkli olsa da, dəniz bir o
qədər vahiməli, qorxulu deyildi. Köpüklü dalğalar sahili döyəcləyir, sanki
narın, sarı qumlarla əylənir, oyanyırdılar. Birdən oğlu səsləndi:
-
Ata, bir ora
bax... O görünən nədir?
-
Nə?..
-
O qaraltı da...
-
Daş... Qara
daş...
-
Mən elə bildim
ki, adamdı...
Dənizin suyu sərin idi.
Yayın bu isti, qızmar havasənda ləzzət verirdi. Uşaqlar şad-xürrəm halda
çılğıncasına deyib-gülməkdə, suya baş vurmaqda, səslənməkdə idilər:
-
Bax, mən üzürəm...
-
Mən də...
-
Balıq...
-
Yox a...
-
Noldu?!.
-
Ayağım sürüşdü.
-
Yavaş,
boğularsan.
-
Kömək elə də...
-
Gəlirəm...
Atası ilə anaları onlardan
bir qədər kənarda yuyunurdular. Qadının təzə qırmızı çimərlik paltarı kişidə
bayaqdan güclü şəhəvət hissi oyatmışdı. Hey ona baxmaqda idi. Suya girən kimi
onu qamarladı:
-
Sakit ol...
-
...
-
Dedim də...
-
...
-
Uşaqlar
baxır...
-
Uşaqlar nə
bilir ki, suyun içində nə edirik?..
-
İndiki uşaqlar
səndən-məndən çox şey bilir... - Sonra isə qadın pörtmüş, yanağı allanmış halda
pıçıldadı: - Bir də ki, hər şey elə burada qalıb...
Hakim onun bu sözlərindən narazı halda mızıldandı:
-
Hə... Hə...
Gündüz iş... Axşam da sənin bu kinolara, seriallara baxmağından vaxt olur ki?..
-
Vallah, hər
şeyin ağını çıxartmısan. Ağlını itirmisən... Hamısı qocalıqdandı. Daha
yaşlanmısan...
Xanımın bu sözləri ərini ondan uzaqlaşdırmaq əvəzinə, daha da
coşdurdu... Səsləndi:
-
Bu dəqiqə mən sənə
göstərərəm...
-
Nəyi?!.
-
Göstərərəm ki,
hələ qıvrağam, təpərliyəm...
-
Ay səni...
Yoxsa incidin?..
-
İnciyərəm də...
-
Kövrəlmə... Mənim
əzizim...
Duzlu, şor suda hər şey xoş
idi. Onların bir-birinə belə yaxın dayanmaları, qucaqlaşmaları, sıxılmaları, nəvazişləri,
bir-birlərini sığallamaları, oxşamaları, öpüşmələri... Xoş məstlikdən qadın
sussa da, kişi filosofluq elədi:
-
Mən haradasa
eşitmişəm... Belə duzlu suda yaxın olmaq bir o qədər qorxulu deyil. Əksinə, bəlkə
də xeyirlidir...
-
Sənin kimilər
üçün...
-
Yenə sancdı
da...
-
Sancmalı adamı
sancarlar da...
Süfrə arxasında cəm olanda
aldıqları qarpızı da kəsdilər. Qarpız alaçiy çıxdı. Hakim gileyləndi:
-
Bax da... İndi
aparıb bunu çırpasan başına.
Qadın dilini dinc saxlamadı:
-
Bir o deyil
ki... İndi onsuz da ata-at zəmanəsidi. O da birinə atmalı idi də. Nə etsin ki,
bəxtinə sən çıxmısan.
Hakim ciddiləşdi:
-
Bu nə sözdü?
-
Elə o gün
televizorda eşitmədin, şəhərdə bir mənzili necə adama satıblar. Bunu hər adam
edə bilməz. Görünür, kimə isə arxayındır, müdafiə olunur da...
-
Cəzasını alanda
deyəcəm sənə.
-
Ola bilməz ki,
elə əvvəldən bir tədbir görsünlər?
-
Deyirsən də...
-
Əlbəttə, sərf
eləmir axı... Belələrinin bu kimi işlərindən kimlərsə də yararlanır, bəhrələnir,
dolanır da...
Hakim yenə filosofyana dilləndi:
-
Bir müdrikin
sözləridi... Yaxşı deyib... Lap münaqişələr, mübahisələr olsun... Həkim müəlicə
etməli, müəllim dərsini deməli, hakim hökmünü verməlidir.
Qadın qımışaraq əl çaldı:
-
Əla!..
Uşaqlar da ona qoşularaq gülə-gülə əl çaldılar:
-
Ata böyük
adamdı...
-
Ata hakimdi...
-
Mən də böyüyəndə
yurist olacağam.
Hakim:
-
Öz dilinlə
danış.
-
Necə dəfə demişəm,
tapşırmışam ki, danışanda bu yabancı sözləri az işlədin.
-
Heş işlətməsələr
daha yaxşıdı.
Qadın incik halda:
-
Bəs əməldə?..
Milliliyi onda da qorumaq lazımdı.
-
Pay atonan, mənim
düşmənim süfrəmin qırağındadı ey...
-
Niyə düşmən
oluram ki?.. Nahaq demirlər ki, birini vur, yumruqla, lap təpiklə... O vəziyyəti
başa düşüb səndən inciməz, bağışlayar. Ancaq heysiyyatına toxunduğun ,
saymamazlıq etdiyin adam heç vaxt səni bağışlamaz...
-
Mən nə etmişəm
ki?
-
Çox təkəbbürlüsən...
Hakim olanda nə olar ki, bir qədər sadə ol də...
-
Yoxsa, o
ovxarlı baltalı sənə də zəng çalmışdı?
Qadən hər şeyi etiraf etdi:
-
Bəli,
çalmışdı... Sənə demək istəmirdim... O adam kimdi, nə istəyir?..
-
Mən nə bilim...
Məhkəməyə də zəng çalmışdı...
-
Səninlə
danışdı?..
-
Hə... Əvvəl dəftərxana
müdirinə də zəng çalıbmış.
-
Adını,
kimliyini demədi?
-
Yox...
-
Qəribədi... Səsini
tanımadın?.. Axı onun işinə baxmısan?
Hakim incik halda gileyləndi:
-
Sən də söz
danış da... Gündə neçə-neçə işə baxıram. Bəyəm hamısını yadda saxlamaq olur?..
-
Onda kimsə
araya girib, pul alıb... İncik salıblar onu...
-
Bəlkə də...
Hakim hər şeyi özü lap yaxşı bilirdi. Bu avto-qəza işinə oxşayırdı. Səhlənkarlığı
üzündən ekspertiza təyin etməmiş, sonradan hər şey qarışmış, sürücü həbs
olunmuşdu. Halbuki təqsirkarın bu işdə bir o qədər günahı yox idi. Sözsüz ki,
islah-əmək düşərgəsində çoxbilmişlər, təcrübəli məhbuslar ona hər şeyi izah
etmiş, aydınlaşdırmışdılar...
Artıq hava qaralmaq üzrə idi. Uşaqları səslədilər:
-
Cimdiniz, bədir,
gəlin gedəyin.
-
Hə, vaxtdır...
Paltarınızı geyinin...
Nə qədər qəribə olsa da,
paltarların yanına gələndə qızı dilləndi:
-
Ana, bu nə səsdi?..
-
Dənizin...
-
Yox ey... Kimsə
elə bil ki, daşları döyəcləyir...
-
Ay qız, tez ol,
gedək... Səni qara basıb...
-
Hə, istidən...
Olar... İndi ki, sərindi...
-
Gün vurub da...
Deməkdən yoruldum ki, kölgəliyə çəkilən, bir o qədər günün altında
dayanmayın...
Paltarlarının geyinəndə əri səsləndi:
-
Bəs mənim
şalvarım?!.
-
Burada idi...
-
İndi yoxdur!..
Onu xeyli axtarsalar da,
tapa bilmədilər ki, tapa bilmədilər. Pərt olsalar da gülüşdülər.
-
Bəlkə it
aparıb?..
-
Ola bilər...
Doğrudan da yol tərəfdən gələndə
uzunqulaq bir it görmüşdülər. Ehtimal böyük olsa da, inandırıcı deyildi. Qadın
qımışdı:
-
Elə onun işi
olacaq...
-
Yox... Burada
it olsaydı, yemək–içməyə də toxunardı... Bax maşının qapısı da açılıb ki... Hə,
xoruzun quyruğu görünür... Burada kimsə olub...
Arvadı qorxmuş halda pıçıldadı:
-
Bəlkə elə o...
Hirsləndirdiyin qarpızsatan oğlanın işidi?..
-
Yox... Bu adam
daha qəzəblidi... Şalvarı aparmağına, məni rüsvay etmək istəməsinə bax da... Ay
əclaf!..
Qadın titrədi, ağlamsındı:
-
Yaxşı da...
Qorxutma da məni...
-
Yox, elə gəlib
səni öldürəcək.
-
Olanda hər şey
ola bilər. Özümdən daha çox uşaqlar üçün qorxuram...
Uşaqların isə dünya veclərinə deyildi. Bir müddət sakit dayansalar
da, sonradan yenə də qımışmağa, gülməyə başladılar. Əlbəttə, indi bir qədər
sakit, xəlvətdə...
-
Ataya bax...
Şalvarsız köynəkdə gör necə gülməli görünür...
-
Hə... Lap o
artistə, aktyora oxşayır... Fransıza...
-
Gəl qaçaq...
-
Hara?..
-
Yola tərəf...
-
Evə getmirik?
-
Gedək, bəlkə həqiqətən
də onun şalvarını it aparıb.
Kişi bu sözləri eşidib hirsləndi:
-
Tez maşına əyləşin!
Onsuz da oradan keçəcəyik də... O tərəflərə baxarıq...
Maşını yolun kənarında saxlayıb, nə qədər axtarsalar da kişinin
şalvarı tapılmadı.
-
Lap
biabırçılıqdı. İndi birdən QAİ maşını saxladı, nə edəcəksən?..
-
Maşından düşmərəm.
-
Birdən başçı ilə
qarşılaşdıq. Ona da maşın saxlamayacaqsan? Bəlkə bir söz soruşacaq, yanına
çağıracaq?.. Hadisə də ola bilər... Onda da yerə düşməyəcəksən?
-
Sənin ağlına
heç vaxt xeyirli söz, fikir gəlmir də...
-
Ehtiyatlı
olmayıq da...
-
Yaxşı, təklifin
nədi?.. Sənin paltarını geyinim, tanımasınlar?
-
Yox... Daha
yaxşı olar ki, elə birtəhər baqajda bükülüb oturasan... Maşını mən sürüm...
-
Hə?!. Bircə bu
qalmışdı... Ancaq az-çox ağıllı təklifdi...
Həmin gün hava qaranlıqlaşanda gəlib çıxsalar da, səhər eşitdikləri bəd
xəbər qanlarını lap qaraltdı. Hadisə yerinə baxmağa özləri də getmişdilər. Kimsə
ovxarlı balta ilə taxta vaqonu çaphlam-çaphlam edib, sonra da od vurmuşdu...
Sevimli ağ damlarından indi hisli, tör-töküntülü, bu acı mənzərə qalmışdı...
Arvad peşmançılıq, qara-qorxu içərisində dedi:
-
Elə onun –
baltalı adamın işi olacaq.
-
Hə... Əlbəttə
ki...
-
Şikayət edəcəksən?!
-
Kimdən?!. Kimə?!.
-
Axı bu işi belə
qoymaq olmaz.
-
Onda çox mətləblər
açıla bilər...
-
Sus... Susmaq sənə
nə xeyir gətirəcək?
-
Hər halda
xeyrimi-şərimi səndən yaxşı bilirəm... Bu meşəyə, çəngəlliyə səndən daha çox mən
bələdəm...
Üzə vurmasalar da, o gündən amansız qorxu onların qəlbinə hakim kəsildi.
Hər an gözləri önündə əlində ovxarlı balta tutmuş adam canlanırdı. Hakim də
artıq dəyişilərmiş kimi olmuşdu. Əvvəlki kimi o qədər təkəbbürlü deyildi... Sadə,
səmimi olmuşdu... Baxdığı işlərdən təmənna güdmürdü...