Əli Şirin Şükürlü : - 1 esse, 1 şeir

Özünüyaratma sənəti
(fəlsəfi esse)
Proloq. Mən kiməm? Yəqin elə bir insan tapılmaz ki, həyatında heç olmasa bir dəfə bu barədə düşünməsin? Həqiqətən, çox maraqlıdır, axı mən kiməm?!
Açar sözlər: fenomenologiya, ekzisztensializm, postmodernizm, qeyri-səlis çoxluq, qeyri-səlis məntiq.
Giriş. Postmodern düşüncə tərzini qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq nəzəriyyələrinin əsasında formalaşan təfəkkür modeli konteksində araşdırarkən fenomenologiya, ekzistensializm, postmodernizm arasında kifayət qədər oxşarlıq və bağlılıq məni bir daha heyrətləndirməklə insan varlığının mənası üzərində dayanmağa sövq etdi və tədqiqat işinin bir hissəsini elmi konteksdən azca azad edib, bu kiçik esseyə çevirdim ki, fikirlərimi konsepsiya şəklində dəyərli publika ilə bölüşə bilim.
Yuxarıda qeyd edilən hər üçü cərəyanın mövcudluğa verdiyi üstünlük və insan individuallığı və identikliyinin ona seçim azadlığı verməsi ideyasını aşılaması hadisələrə olan münasibəti çoxçalarlı edir. Situasiyadan asılı olaraq mütləq (ideal) olanı yox, mütləq (ideal) olanla onun tərsi (əksi) arasında mövcud vəziyyətləri qəbul etməyi doğru sayır. Universal – ümumi xarakter daşıyan ideal insan cəmiyyəti aşılayan hümanist ideyalar çökür, əvəzində reallığa ayr-ayrı, müxtəlif, çoxmənalı yanaşmalar meydan sulayır: insan vəziyyətdən asılı olaraq nəyin yaxşı, nəyin pis olduğunu özü müəyyənləşdirə bilər - əsas və doğru olan da elə budur.
Mütləq olandan yan keçmək, hadisələrin şərtiliyini, qeyri-müəyyənliyini, doğru və yalanı (həmçinin bütün bir-birinin tərsini (əksini) təşkil edən keyfiyyət göstəricilərin: yaxşı və pis, gözəl və çirkin, ədalət və ədalətsizlik...) qiymətləndirmənin situasiyadan asılı olaraq müəyyən dərəcəsi ilə ifadə tendensiyası hadisələrə qeyri-səlis münasibətlər doğurmaqla insan düşüncəsinə daha adekvatdır düşünürəm. Yeri gəlmişkən qeyd edim ki, bu düşüncə tərzi isə qeyri-səlis (çoxqiymətli məntiqi) təfəkkür modelinin əsl predmetidir ki, son dövr bu konteksdə elmi tədqiqatlarım (elm fəlsəfəsi istiqamətində) fikrimi xeyli məşğul edir. Lakin bu essedə əsas məqsəd, artıq qeyd etdiyim kimi, özünüyaratma barədə bir konsepsiyanın (digər konsepsiyaların olması da istisna deyil) irəli sürülməsidir.
Özünü seçmə. Sartra görə, insanlar mövcudluğa eyni qaydada atılırlar və onlar üçün kim olmağı, nəyi və necə etməli olduğunu təsdiq edən heç bir norma, ideya yoxdur. Yəni insan üçün əvvəlcədən müəyyənləşdirilmiş heç bir həyat ssenarisi mövcud deyil. Nəyi necə etməli olduğunu insan özü seçməlidir və bu seçimdə azaddır. Filosof-yazıçının fikirlərini ümumiləşdirsək mövzumuza uyğunluğunu nəzərə alıb, onun bu konsepsiyasına üstünlük verirəm: İnsan özünü özü seçir.
Əslində, bu yanaşmanı hadisələri olduğu kimi təsvir etməyə səsləyən fenomenologiya, mövcudluq fəlsəfəsi adlanan ekzistensializm və ardınca posmodern düşüncənin gəldiyi qənaət olaraq da ümumiləşdirmək olar. Çünki hər üç vəlsəfi təlim öz konsepsiyasında hadisələrin real təsvirini, o cümlədən insan varlığını, onun mənasını, bu varlığın fərdiliyini və düşüncə azadlığını əsas götürür. Deməli, insan həyatına məna və mahiyyət bəxş edən öncə onun özü özünü seçimi üzərində başlayır və bu seçim əməli fəaliyyətin paradiqmalarını doğurur.
Etiraf edim ki, özünüyaratma konsepsiyam bu kimi düşüncə sistemlərinin döğurduğu müəyyən məqamlardan başladı. Onu da etiraf edim ki, yazdığım mətnlərin bir qismini xarakter və üslubundan asılı olmayaraq (elmi, elmi-publisistik, bədii və s.) zəngin fikir daşıyıcısı olan mətnlər üzərində dekanstruksiya etməyi sevirəm və bu mətnləri digər samballı mətnlərin tərkib hissəsi olaraq intertekstual hesab edirəm.
Özümü yaratmam necə baş verdi?
Gecələrin birində intiutiv (məntiqdən kənar; amma düşünürəm istənilən intiutivliyin əsasında əqli-intellektual mənbə dayanır) bir fikir ağlıma gəldi: mən özümü seçə bilmişəmmi, ardınca – özümü seçib özümü yarada bilmişəmmi? Ümumiyyətlə, mən kiməm?
Məntiqi olaraq ozünüyaratma ozünü seçmədən sonra başlayan fenomendir. Əvvəl insan kim olması barədə qərar verib həyat ssenarisini müəyyən edir. Ardınca o ssenari əsasında əməli fəaliyyətə başlayır. Özünüyaratma barədə düşünərkən isə ilk olaraq ağlıma gələn elmə, fəlsəfəyə, ədəbiyyata misilsiz töhvələr verən zəngin düşüncə sahibləri oldu: Pifaqor, Aristotel...Nəsrəddin Tusi, Bəhmənyar...Rene Dekart, Benedikt Spinoza, Corc Berkli... Sartr, Bertran Rassel, Haydeger, Azad Mirzəcanzadə, Lütfi Zadə...(və bir çox digərləri; xəyal sürəti çox böyükdür).
Məni xöşbəxt edən əsas amillərdən biri elmi-fəlsəfi və bədii yaradıcılığımın bəxş etdiyi müəyyən məqamlardır. Artıq bu proses qısa olmayan ömrümün çox hissəsini təşkil edir. Çoxdan həyat tərzimə çevrilən bu sahələrə aid mətnyaratma prosesi və mətnlərin məndə doğurduğu həzz və səadət hissi əvəzedilməzdir. Mənə səadət bəxş edən bu duyğunun özəlliyi haqq verir ki, elmi-fəlsəfi və bədii yaradıcılığa sevgimə, yalnız sevgimə və bir də bu sahələrdə az-çox fəaliyyətimə rəgmən özümü düşüncə sistemlərinin inteqrasiyası nəticəsində meydana gələn sahədə yaratmış fərd hesab edim.
Həssas oxucunu bu məqamda həyacanlandırmamaq üçün bir daha qeyd edirəm; elmin, fəlsəfənin, ədəbiyyatın bəxş etdiyi səadət, yalnız səadət məni zəngin düşüncəsi zaman və məkana sığmayan fikir sahiblərinin məxsus olduğu fəzaya aid etməklə özümüyaratmama səbəb oldu. Bu sahələrdə nail olduqlarım isə bu düşüncə sahiblərinin yaratdığı ümmanda bir zərrədir, sadəcə.
Özümüyaratmam məhz belə baş verdi. Hesab edirəm bu barədə düşünən hər kəsin əməli fəaliyyətindən asılı olmayaq bu təcrübəni özünüyaratma konsepsiyası olaraq qəbul etməsi heç də faydasız olmazdı.
Bəs özünü tanıtma?
İnsan özünü seçir və kim olmağı özü qərar verir. Kim olmaq isə əqli qərardan başlayan bir prosesdir. Elə bu prosesin gedişində də “özünü qurma” hadisəsi başlayır və hər hansı münasib və uyğun bir məqamda isə özünü yaratma anı baş verir. Bəzən fərd bunun fərqində olur, bəzən yox. Bütün bunlara rəğmən insan daima cəmiyyətə məxsus olmaqla sosiomədəni mühitdədir. O özünü ifadə etməyə və digərləri tərəfindən qiymətini almağa can atır. Bu isə özünü tanıtmadır. Hegelin təbirincə, iki subyektin qarşılaşması zamanı tanınma və etiraf edilmə uğrunda mübariaə başlayır və bu, “ölüm-dirim” mübarizəsidir; hər kəs istəyir ki, başqası onu özü özünü seçdiyi kimi tanısın və etiraf etsin. Konteksə uyğun olaraq burada fiziki mübarizəni kənara qoyub (hərçənd bu mübarizə də etiraf edilmə uğrunda mübarizədir), etik-estetik, əqli-intellektual və s. göstəricilərin yaratdığı mənəvi sferada baş verən mübarizəyə önəm verirəm. Bir qədər dərinə getsək müşahidə edə bilərik ki, özünüifadə, özünütanıtma, etiraf edilmə uğrunda “ölüm-dirim” mübarizəsi bütün canlılara məxsus mübarizədir. Əqli-intellektual göstəricilərlə silahlanmış insan üçün isə sosial-mədəni mühitin nümayəndəsi olaraq özünü tanıtma və etiraf edilmə uğrunda mübarizə iradəsindən asılı olmayaraq qaçılmazdır.
Nəticə. Deməli, özünü yaratma sosial mahiyyət daşıyan özünü tanıtma ilə xarakterizə olunur ki, bu baş vermədikdə özünüyaratma və buna təkan verən həyat seçimi – kim və necə olmaq, həmçinin bu seçimin nəticəsi olan fəaliyyətin bir önəmi qalmır. Çünki fərdin mahiyyətinin tanınması və etirafı onun varlığı kimi atıldığı zaman-məkan müstəvisinin doğurduğu sosial və mədəni mühitdən kənarda mövcud ola bilməz.
Beləliklə, bu essemlə kiminsə idrakına azacıq da olsa işıq tutmağı bacardımsa, hesab edirəm özünüyaratma sənətinin varlığımı tanıtma mərhələsində nəyəsə nail ola bildim.
İdrakınız işıqlı olsun!
P.S. Hadisəyə elmi-fəlsəfi yanaşma, adətən, konsepsiyama uyğun olaraq (ədəbi suprematizm: elmi informasiyanın bədii mətnlərdə ifadə texnikası) bədii mətnlə tamamlanır.
Ədəbi suprematizm:
Fenomenologiya
Tünd yaşıl, yaşıl, açıq yaşıl...
açıq sarı, sarı, tünd sarı...
açıq qırmızı, qırmızı, al qırmızı...
nə çox rəng varmış təbiətin payız şəklində;
hər rəng cürbəcür rəng yaradır özündən sanki –
sarı, qırmızı, yaşıl cürbəcür çalarlarıyla
bu canlı şəkil mənzərədə.
Bu canlı əsərdə quşlar; rəngdən rəngə qonur,
birdən pırr edib qalxır səmaya,
çıxa bilmir cazibəsindən, qayıdır... dönə-dönə qayıdır
uçduğu şəklə - hər dəfə yeni sənət əsəri yaranır
rənglərin çoxritimli çalarlarında; musiqiyə bənzəyir həm də -
təsvirlə musiqi bir-birinin içində; həyatın məna şəkillərindən biri.
“Nə gözəl imiş mövcudluq məna tapanda onda” –
olumla ölüm arasında çırpınan insan baxıb
evinin iri pəncərəsindən ilk dəfə görürmüş kimi
musiqi içində rənglərə bürünmüş bu canlı mənzərəni
vaz keçir romantikasının cazibəsindən çıxa bilmədiyi
intihar həvəsindən: eros – yaşamaq...
yalnız yaşamaq “həyatın məna şəklində”!
... – 09.12.2024