Əbülfət Mədətoğlu: - Gəzirəm
Mən gecədə gündüzün
damarını gəzirəm...
Kədərin köntöyünü -
hamarını gəzirəm!..
Dizimə dəyən daşın
Kiprikdə donan yaşın...
Hər an çatılan qaşın -
tumarını gəzirəm...
Yıxıldığım nöqtədə
Güldü mənə nöqtə də!
Bu ömürə diqtədə -
nübarını gəzirəm!
Bal yoxdu, sözün təki
Odur ki, özündəki
Gözümün gözündəki -
xumarını gəzirəm!..