Əbülfət Mədətoğlu : - Aşiqim kədər

Ədəbiyyat 12:00 / 04.09.2024 Baxış sayı: 1679

 

 

Söykənib dayandım, baxışlarına

Susub susdururdun həmin an məni.

Dünyanın ən sirli naxışlarına -

Bükürdün heç nəsiz sən inan, məni!

 

İçimdə suallar nida qarışıq,

Nöqtələr, vergüllər perikmiş halda...

Bilinmir davadı, yoxsa barışıq -

Amma işartı var hələ xəyalda!..

 

Özün təsəvvür et atsız atlının-

Yerişi büdrəkdi, qamçı əldə yük...

Nə gördüm, nə duydum qəm qanadlının -

Çiynində , haçansa , bitsin bir ağ tük!

 

...Söykənib dayandlm - deməyim nağıl

Uzağam gözündən min işıq qədər...

Mən şəkil öpürəm, a dünya dağıl -

Məni də qısqanır aşiqim kədər!..