Dünya bir pəncərədir, hər gələn baxar, gedər...

YAZARLAR 12:04 / 15.07.2024 Baxış sayı: 8776

 

Füzuli rayonunun Yağlıvənd kənd sakini, el ağsaqqalı Yusif Muradovun əziz xatirəsinə.

Hara gedər, ay atam balası, hara gedər? İnsan bu dünyanın minbir gözəlliyini gözünə könlünə yığmamış, dünyanı özündən keçirməmiş hara gedər!

İnsanın bu torpağın üstündə addımlamağı, zümrüd meşələri seyr etməyi, uca dağlara söykənib onun təmiz havasını ciyərdolusu içərisinə çəkməyi var. İnsan övladı bu dünyanı dərk etməmiş, bu dünyanın iç üzünə bələd olmamış, dünyanın əzəlliyini özündən, gözəlliyini də gözündən keçirməmiş hara gedər? Dünyanın gözəlliyi, dünyanın əzəlliyi insanın içindən keçir-dünya elə insanın özüdür, necə tutsa, eləcə də gedəcək. İnsan bu gözəlliyi yaşamasa, bu gözəlliyi duya-duya dərk etməsə, hara gedər?

Əsl insan dünəni ilə fəxr etməli, bu gününü yaşamalı, sabahını düşünməlidir. İnsanın gərək bu dünyaya gəlişi, bu dünyada gərdişi bilinsin, hiss olunsun. Hiss olunmadısa, bu ömür-gün deyil.

Bəzən gəlişlə-gediş arasındakı məsafəni qaş ilə göz arasındakı məsafəyə  bənzədirlər. “Ölüm qaş ilə gözün arasındadır”-deyirlər. İnsan öz ömrünü mənalı yaşayanda gözəl olur. Mənasız ömür isə istər “göz ilə qaş arasındakı” məsafə qədər olsun, istərsə də “ayaq ilə baş arasındakı” məsafə qədər-fərq eləməz. Dünyada bir iz qoymayanın nə ölüsü, nə dirisi? Dünyadan köçəndən sonra xatırlanmayan insan istər dünyanın “pəncərəsindən” baxıb getsin, istərsə də öz evinin pəncərəsindən-nə fərqi var ki?...

... Nəsillərə yardımçı ola biləcək təcrübəsi, xoş əməlləri, yüksək insani keyfiyyətləri ilə adını tarixə yazan Yusif müəllimin baxdığı bu pəncərəni saxlayan divarların bünövrəsi dərindir, möhkəmdir. Onun baxdığı pəncərənin şüşələri top-tüfəngin zərbəsi ilə dağılan deyil. Çünki onun bünövrəsi kişilik xüsusiyyətlərindən yoğrulub, xeyirxah əməllərdən yapılıb. O, vicdanının gözü ilə bu pəncərədən baxmışdır. O şüşə vətənpərvərlik hissindən, haqdan, ədalətdən, insanlıqdan yaranmışdır...

... Çox təəssüflər olsun ki, yaxşılığından qalmayan, ürəklərdə gələcəyə inam toxumu cücərdən, haqq-say itirməyən, bütöv həyatının nə az, nə çox 78 ilini şagirdlərinin təlim-tərbiyəsinə həsr edən ziyalı Muradov Yusif Heydər oğlu 94 yaşında dünyasını dəyişdi.

Füzuli camaatına, Yağlıvənd elinə ağır itki üz verdi. Bir ağsaqqalımız da azaldı... Amma təsəllimiz ondadır ki, şərəfli bir müəllim ömrünün görünən və yaşanan anlarının qısa xronikasına, arxada qalan, tarixləşən məqamlarının nüanslarına ayna tutduqda, hətta Yusif müəllim  “öz hesabatını” verərək geriyə boylanada da çöhrəsindən təbəssüm əskik olmayıb. Çünki o, tarixləşən illərini şərəflə, qeyrətlə yaşayıb. Yusif müəllim istər orta məktəbdə, istərsə də Gəncə Pedaqoji İnstitutunun ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsində ali təhsil alanda da, işlədiyi pedaqoji kollektivlərdə,eləcə də qaçqınlıq və məcburi köçkünlük illərində doğma ocağından uzaqlarda sığınacaq tapanda da ağsaqqallığı ilə böyük nüfuz sahibi olub. Yusif müəllim heç kimin yanında gözükölgəli olmayıb.O,  ictimaiyyət arasında həmişə alnıaçıq olub, şax gəzib, şux yeriyib.

Tam səmimiyyətlə deyə bilərik ki, Yusif müəllimin fəaliyyətinin hər bir anı gələcək nəsillər üçün örnək ola bilər. Əsl türk kişilərinə xas olan yüksək dəyərləri ədəb-ərkanı ilə yaşadanYusif müəllim el-oba arasında şəxsi nümunəsi ilə seçilən bir ziyalı idi. O, qəlbində millətinin, xalqının, vətəninin portretini gəzdirirdi. ..

...Gözəl insan, təcrübəli pedaqoq, sədaqətli dost, etibarlı yoldaş, qeyrətli vətəndaş, qayğıkeş ata və sevimli baba olanYusif Muradov haqqında nə qədər yazılsa, yenə də azdır....

...İndiYusif müəllim cismən aramızda olmasa da, açılı-şirinli xatirəyə dönüb  bizim qəlbimizə köçdü.. Nə qədər ki, biz varıq, Yusif müəllim də sağdır...

İndi Yusif müəllimin ömür-gün yoldaşı, el ağbirçəyi Diliş müəllimə,  oğlu Vüqar bəyə, qızları Xuramana xanıma və Tamaşa xanıma (Yusif müəllimin 6 övladı vardı. Övladlarından Təhmasib müəllim, İlham müəllim və Məlahət xanım dünyalarını dəyişiblər)  başsağlığı verməkdən savayı əlimizdən heç nə gəlmir.

Epitafiya(qəbir daşına yazılmış şeir):

 Əzizlərim, qəbrim üstə tez-tez gəlin,

az ağlayın

Hər gələndə “ata!” (“baba”) deyə

başdaşımı qucaqlayın,

Sanmayın ki, mən torpağam,

Siz varsınız, mən də sağam!

...Yusif müəllim indi əbədiyyətin yolçusudur...

...Əbədiyyətin yaşa dəxli yoxdur,vicdan ölmür ki, haqq-ədalət korşalmır ki, insanlıq dəbdən düşmür ki...

...Yusif müəllim indi haqqın dərgahına qovuşub. Haqqın mübarək, əzizim! Məkanın cənnət olsun!

Faiq Şükürbəyli,

AJB-nin üzvü, “Qızıl qələm” mükafatçısı