Ayaz Arabaçı : - Yeni ŞEİRLƏR

Ədəbiyyat 12:49 / 13.09.2023 Baxış sayı: 4020

Bu nə məhəbbətdi, bu nə sevgidi,

Bütövə toxunma, paraya dəymə.?.

Yəqin ki, düşməzdi bir şey bilməsə,

Düşübdü ayrılıq araya, dəymə.

 

Sayrışır gözümdə eyni rəqəmlər,

Eyni ağrılardı, eyni də qəmlər,

Nəyə dəyirsənsə dəy, bu məqamlar,

İçimdə boğulan haraya dəymə.

 

Neynədin o qızı, hara elədin,

Bütöv ümidini para elədin..

Sən bu ağ sevdanı qara elədin,

Barı heç olmasa qaraya dəymə.

 

Bu dağı nə cürə yonub çapasan,

Məncə unutmaqdı yolu, lap asan,

Sən təbib deyilsən çarə tapasan,

Dəymə, qəlbimdəki yaraya dəymə.

 

Mənə nə sevəndə kim necə sevir,

Bu tacı yerə sal, bu taxtı devir,

Dünyanın altını-üstünə çevir,

Amma könlümdəki saraya dəymə.

***

Qapımın arasından külək dolur içəri,

Girib daldalanmağa bir künc-bucaq axtarır.

Bezibdi yaşamaqdan bu da yəqin köçəri,

Uzaq-uzaq yol gəlib isti qucaq axtarır.

 

Biləkləri yorulub, ayaqları əzilib,

Ötərdi birnəfəsə ən dördnala atları..

Çöllərə lərzə salan nəriltisi kəsilib,

Astaca xəfif-xəfif çırpınır qanadları.

 

Qoy çəksin cəfasını, yox, ona bu da azdı,

Necə qan uddurubdu torpağa - daşa, bilmir.

Qol-budaqlı çinarlar cəngindən qurtarmazdı,

İndi uçuq çəpərin üstündən aşa bilmir.

 

Çəkinmə gəl deyirəm, öz evindi, gir isin,

Qızınıb hala gəlir qıc olmuş ayaqları.

İsti çay da verirəm, iç-iç açılsın səsin,

Sabah da get yelləndir üçrəngli bayraqları.

 

Üzümə gülümsünüb, saçıma sığal çəkir,

Ətəyini yellədir nazlı gəlin sayağı.

Sonra da qumru kimi pərdə boyunca səkir,

Yəqin düşərli olar, yuvamıza ayağı...

***

Gözündən axan yaşı

Məcbursan gizlətməyə,

Ömrü yaşanmamışdan

Məcbursan gözlətməyə..

Bura elə yerdi ki..

 

Nə olsun ki, oğulsan,

Nə olsun ki, atasan.

Gərək cəsarətini,

Qıfıllayıb atasan.

Bura elə yerdi ki..

 

Oyatmaq istəmirəm,

Heç kimi yuxusundan.

Oyansa məhrum olar,

Xoşbəxtlik duyğusundan.

Bura elə yerdi ki.

 

Çeviriblər hamını

Fatıya, oturdublar..

İynəyə oturdublar,

"Patı"ya oturdublar.

Bura elə yerdi ki.

 

Dərdlər Büsutundular,

Fərhad çapır, çapılmır..

Ən adi sualların

Cavabları tapılmır..

Bura elə yerdi ki.

 

Təkcə nəfəs almaqdı

Hələ ki,ən havayı,

Qarşıda heç nə yoxdu

Sonsuzluqdan savayı.

Bura elə yerdi ki.