Ayaz Arabaçı : - ŞEİRLƏR

Ədəbiyyat 13:47 / 01.09.2023 Baxış sayı: 31466

          ***

Səsin nəğmələndi telefonumda,

Getdim küçəboyu fit çala-çala.

Özümü Eyfelin başında gördüm,

Ürəyim sevincdən çıxdı az qala.

Böyütdü dünyanı bir on dəfə də,

Adi bir telefon zəngi gözümdə.

Niyə görməmişdim indiyə kimi,

Bu qədər al-əlvan rəngi gözümdə.

İşıqdan-işığa yol aldı qəlbim,

Həm hirsim soyudu,həm kinim itdi.

Bir əsər qalmadı ciddiyyətimdən,

Zəhmim, əzəmətim, təmkinim itdi.

Güclə saxlamışdım ayaqlarımı,

Sənin ünvanına çıxıb getməyə.

Telefon sehirli əsa kimiydi,

Nə ki, istəyim var hasil etməyə.

Açmışdı taybatay qapılarını,

Üzümə məhəbbət məbədi sanki.

Mənim əvəzimə uçurdu yollar,

Tanrı vəd etmişdi cənnəti sanki.

Düşür doğrudan da, göydən üç alma,

Ömür bircə dəfə nağıllaşanda.

Bəlkə də deməyin yeri yoxdu heç,

Elə pis oldum ki, sağollaşanda.

Aldı könlümdəki şehli bir istək,

Məni dərdlərimin ön cəbhəsindən.

Rəngi də başqadı, ətri də başqa,

Göndər vaxt olduqca mənə səsindən.

                ***/

Xəritəmi büsbütün dolandı gəzdi keçdi,

Dedim bu da yəqin ki, nəsə bir həzzdi, keçdi,

Tale məni doyunca qarada əzdi keçdi,

İndi görən taleyim nə rəngnən sınaqdadır..

Tək özüm olsam nə var dərdi də şad çəkərəm,

Nə belə haray salar,nə belə dad çəkərəm,

Bapbalaca ölkədə o qədər ad çəkərəm,

Ləyaqətnən, şərəfnən, çörəknən sınaqdadır.

Adam istər-istəməz vadar olur hər şeyə,

Çarə tapılmadıqca gedib qurşanır meyə,

Sabahı gözləyirik, görək nə olur deyə,

Əli üzülən hamı "görək"nən sınaqdadır.

Qaşımıram alınmır, qaşıyıram qan çıxır,

Canımızı almağa gündə yüz fərman çıxır,

Haraya əl atıram ordan bir dərman çıxır,

Bir oğul da beləcə ürəknən sınaqdadır..

Məndə hansı işlərin kəm qalıb, kəsir qalıb,

İlahi, aramızda sən bilən nə sir qalıb,

Ayaz beş- üç çaqqalın əlində yesir qalıb,

Elə sanma bəbirnən, pələngnən sınaqdadır.

  ***

Sənə çatana kimi min dəfə pərvanətək,

Çırpıbdı hey özünü ora-bura məktubum.

Qurum bağlamış ömrün hisindən qanadlanıb,

Onunçün olub belə, qara-qura, məktubum.

 

Orda bir rəsm də var alov dilimlərindən-

Sənə ithaf olunmuş gözəl bir sevgi şeri.

Əgər xoşun gəlməsə "adam" yerinə qoyma,

Sevmədiyin qonaqtək qapından qaytar geri.

 

Düzdü, bəzən arada mətləbi uzatmışam,

Səni çox da yormasın bir neçə uzun sətir.

Çox şey istəmirəm ki, cəmi üç-dörd cümlə yaz,

İmkan olsa ruhuma təzə bir nəfəs gətir.

 

Hara gedirsənsə get, dolaşır ayağına,

Xəyalım pişik kimi ətəyindən sallaşır.

O, ürəyin istəyən sözün baş hərfini de,

Bəzən tək bircə sözlə möcüzə reallaşır.

 

Hisslərimi bir vərəq kağıza tökdüm, yetər.

Eləcə coş dəniztək, ürəyimi uçundur.

Yox sənə bu məktubu yola salan deyiləm,

Bu sadəcə özümü ovundurmaq üçündür.

 

                       ***

Bu ev şəhid evidi..

 

Bu da bir əzabdı, hər əzab kimi..

Əl vursam qırılar çürük sap kimi..

Baxanda adamın içi qanayır,

Qalıbdı Tanrıynan son hesab kimi.

Bu ev şəhid evidi..

Qərib anaların itkin ahıdı,

Qiyməti uzağı iki şahıdı,

Üstündə nə qədər ilahi rəng var,

Yağışdan sonrakı göy qurşağıdı.

Bu ev şəhid evidi.

Elə bil Qədirin öldüyü səsdi,

Səbrimi basdıqca ömrümü kəsdi,

Məncə ziyarətə başqa yerə yox,

Yığılıb bu evə getsəniz bəsdi.

Bu ev şəhid evidi..

Ötər bir-birini dumanlı aylar,

Boğular içində ünlər, haraylar,

Ölüb yerə girməz xəcalətindən,

Buxara papaqlı büllur saraylar..

Bu ev şəhid evidi..

Baxıb dodaq büzər bəlkə də bir dev,

Bu evi öz doğma anan kimi sev..

Ağdamı qaytaran, Şuşanı alan,

Qalib bir ordunun evidi bu ev..

Bu ev şəhid evidi..

Ulduzu parlasın, çırağı yansın.

Necə inanıbsa haqqa inansın..

Sözüm söz sahibi olanlaradı,

Əgər sifətləri varsa utansın..

Bu ev şəhid evidi.

Məhəmməd Hüseyin, Səfər bu evdi,

İsmayıl, Mübariz, Cəfər bu evdi,

Ordeni-medalı bu evə asın,

Qələbə bu evdi, zəfər bu evdi,

Bu ev şəhid evidi.

Şəkilin açıqlaması yoxdur.