Ayaz Arabaçı : - Qar dənələri..

Ədəbiyyat 09:18 / 21.02.2025 Baxış sayı: 2109

Lap çoxdanın şeiridi,20 ilin az qala..

Kəndimizə qar yağanda yazmışdım..

 

Amanını kəsibdi dəli qış küləkləri,

Özünü hara gəldi çaxır qar dənələri.

Elə bil un ələyir oturub Allah baba,

Elə bil ki,ələkdən axır qar dənələri..

 

Bir ağ dənizdi dünya dönüb hayana baxsan..

Bəyaz kürkün içində balaca,qarlı dağsan,

Sən bu yanvar günündə onlardan daha ağsan,

Gör sənə nə həsədlə baxır qar dənələri..

 

Bəzəyir ağ duvaqla qarımış tənəkləri,

Asılıbdı sulardan qoca buz səhəngləri,

Dərib göyün üzündən dümağ kəpənəkləri,

Yaxana qönçə-qönçə taxır qar dənələri.

 

Kim dolayıb hər yerə bu boyda bir cunanı,

Gizləyib örtük altda qırılanı,sınanı,

Götürüb isti-isti bir ovuc ağ xınanı,

Yuxulu saçlarına yaxır qar dənələri.

 

Bu ili də verərik,yola min-min ümidlə,

İndi anan hay vurub axtarır hütahütlə,

Enir nazlı pilotlar,havadan paraşütlə,

Gör necə narın-narın yağır qar dənələri..