Ayaz Arabaçı : - O hər gün məktub yazır

O hər gün məktub yazır,
Əsgər sevgilisinə.
Bilir cəbhə soyuqdu,
Bəlkə canı isinə..
Çalışır ki,batmasın,
Boş yerə qüssələrə.
Yazır hey,yorulmadan,
"N" saylı hissələrə.
Hər sətirdə qəlbinin,
Ahu-zarı duyulur.
Hətta vergülündə də,
İntizarı duyulur.
Gedib çatmır kağızlar,
Yazdığı ünvanlara.
O dözür içindəki,
Amansız tufanlara.
Ürəyində min ilin,
Kədəri var,yası var.
Bəlkə onu unudub,
Bəlkə bir ayrısı var.
Uçulur qəlbindəki,
Ümid adlı heykəli,
Bir yerdə qərar tutmur,
Ağlına min şey gəlir.
Gündən-günə saralıb
Solur bəti-bənizi.
Neçə gəmi batırıb,
Ayrılığın dənizi.
Şübhələr ayaq açır,
Ürəyinə bir anda,
Özünə yer tapammır,
Oturanda-duranda.
Oxuyur gecə-gündüz
Cəbhə xəbərlərini.
Yeyir qəfil güllələr,
Vətənin ərlərini.
Yox o yəqin ki,azıb,
Bəlkə də düşüb dara.
Yoxsa cavab yazardı,
Bu qədər məktublara.
Bəlkə vermir döyüşlər,
Bir an da ara,yazsın.
Yazıq qız çaşıb qalıb
Məktubu hara yazsın.
Ən qızğın döyüşdə də,
Yanımdasan yazardı.
Nəfəs kimi,səs kimi
Canımdasan yazardı.
Nə oldu birdən-birə
Qərarımı dəyişdi.
Əgər dəyişməyibsə,
Bəs onda bu nə işdi.
Qara-qara xəbərlər,
Gəlir efirdən hədə.
Dilim-ağzım qurusun,
Əsir düşüb bəlkə də.
Çalışır ki,batmasın
Boş yerə qüssələrə
Yazır hey yorulmadan
"N"saylı hissələrə.
Anası gündən-günə
Solan gülünə baxır.
Çayına-çörəyinə,
Acı gözyaşı axır.
Zamanın ağır yükü
Şəllənir kürəyinə
Min yerdən dağ çəkilir
Ananın ürəyinə.
Solur ciyərparası,
Ömrün fidan çağında.
Sönür Zöhrə ulduzu,
Gözünün qabağında.
Gündən-günə əriyir-
Əriyir bir şam kimi.
Günəş üzü get-gedə
Qaralır axşam kimi.
Onun yaşıdlarının
Çoxusu gəlin köçüb.
Qızının gözlərinin
Yuxusu gəlin köçüb.
Ayrılıqda,fəraqda,
Ötən ömür heçsə də,
O qız yenə gözləyir,
İllər ötüb keçsə də.
O hələ də itirmir,
Eşqinə inamını.
Əzizdən-əziz tutur,
İlk sevginin namını.
Gözləyir ölübsə də.
Cəbhədən nəşi gəlsin.
Ölüm donunda belə,
Həyat günəşi gəlsin.
Lap quruca məzarı,
Olsa belə bəsidir.
Onun qəbir daşı da
Həyat vəsiləsidir.
Qaçıb məzar axtarır-
Qəbir gəzir bəzəsin!
Yeri-göyü yandıran
Bu fəryadın-bu səsin,
Külünü səpələyir
Külək cəbhələr boyu.
Güllə yağışı altda
Başlanır bir qız toyu.
Yolunu gözlədiyi
İgid-ərnən oynayır..
Gəlinlik paltarında
Mərmilərnən oynayır.