Ayaz Arabaçı : -  MƏN

Ədəbiyyat 20:28 / 17.02.2025 Baxış sayı: 2311

Bütün günü mənimləsən, bilirsən-

Vermirəm ki, həsrətinə önəm,mən.

Getmədim ki, o günləri unudub,

Deyəm bir də o günlərə dönəm, mən..

 

Ruhum səndən duyğu çalsın təb yesin..

Heç doymasın,axşam-sabah, həp yesin..

Sərçələrin darıxanda səp yesin,

Gözlərində ovuc-ovuc, dənəm mən.

 

Yüz hədəfə sancılsam da ox olub,

Acılarım bircə səndə yox olub,

Bu "vağzala" gəlib-gedən çox olub,

Təkcə sənin ürəyinlə tənəm, mən..

 

Səndən ötrü ürəyimi yemişəm,

Yolumdakı qurdu-quşu yenmişəm,

Zirvələrin ətəyindən enmişəm,

Bu şəhərə azıb gəlmiş çənəm mən..

 

Nə vardı ki,qəlbim kimi çağlayan,

Gözdən olsun o qapını bağlayan,

Pəncərənin şüşəsində ağlayan,

Yağış deyil, külək deyil, mənəm, mən..

 

Olmasan da taleyimin qadını,

Səndən aldım bu həyatın dadını,

Başdaşıma yazdıracam adını,

Mən öləndə-

-başdan-başa,sənəm mən...