Ayaz Arabaçı -Adını astaca pıçıldayıram

·
Adını astaca pıçıldayıram
Soyuq bir gecədə əsgər andıtək
Köhnə yaraların üstünü örtür
İsti bir aldanış yara bandıtək
Bir az saçlarımda payız qırovu
Bir az nəfəsimdə iyun buxarı
Qalxıram dumanlı xəyallar boyu
Tozlu bir küçəylə üzüyuxarı
İtib bir-birində xəzri-gilavar
Axşamın havası təzədi-tərdi
O gedən əslində özüm deyiləm
Bir ovuc allahsız xatirələrdi
Süzür üst-başımı yorğun ədayla
Saçını toz basmış küknar ağacı
Girirəm yolüstü tanış kafeyə
Qəhvə istəyirəm şəkərsiz acı
Divarda yenə də həmin saatdı
Sənli anlarımı tutub saxlayan
Stol da həminki o boz stoldu
Stul da həminki biraz laxlayan
Tərpədir axşamın mehi pərdəni
Gəlir pəncərədən içəri səsin
Bir vaxt gətirmişdim buraya səni
Qəhvəyi fincanda qalıb nəfəsin
Ürək eləmirəm tutam əlindən
Durmusan fikirli üzü dənizə
Sərxoş bir hava var başımda bu dəm
Hamı xəlvət-xəlvət göz qoyur bizə
Otaqda nə gül var nə də bir çiçək
Ah bu nə ətirdi, ah bu nə-jasmin?
Elə bil indicə çıxıb gedəcək
Canlanır yaşılı divarda rəsmin
Könlüm birdəfəlik köçdüyün evdi,
Adın dodağımda müsafir deyil
Ruhumuz qoşadı eyni buxarda
Qayıtmaq sadəcə məsafə deyil.