Aida Adıgözəl : - Satılmış şeirlər
jpg-1685941213.jpg)
Adam belə gedərmi
birinin ürəyindən
sakit, səssiz, səmirsiz?
Adam belə ölərmi
birinin gözlərində bəhanəsiz, səbəbsiz?
Adam çıxıb gedəndə
könülün qapısını
təpiklə çırpıb gedər...
Zoqqultusu göynətsin ürəyinin başını
çirklənmiş yara kimi.
Adam çıxıb gedəndə
qırar aynalarını gözlərinin bəbəyin,
qoy göz yaşın axıtsın
qışdan bahara kimi.
Adam çıxıb gedəndə
şeirlərin öldürər,
misralarını sökər,
qırar sütunlarını
ürəkdəki məbədin
çökər,
ömürlük çökər.
Bu yay da belə qaldı yaddaşımın küncündə,
bir neçə fotoşəkil,
beş-altı kəlmə xoş söz,
sonra o kəlmələrdən rəngli portret yarat,
as könül divarından
hərdənbir qarşısında susaraq ayaq saxla,
rəng-rəng araşdır,
çöz, çöz...
Söndürmüşəm dünyamın işıqların,
zülmətdir,
qəhqəhələr atıram içimdəki gecəyə,
hərracda basabasdır,
sərgiyə çıxarmışam,
satıram xatirəni
bağışla,
heç neçəyə...