Aida Adıgözəl : - Mən səni də unuda bilərdim...

Ədəbiyyat 18:25 / 13.07.2024 Baxış sayı: 2151

Mən səni də unuda bilərdim,

rahatlıqla,

ilbiz qabığını

ilan dərisini unutduğu kimi...

Bir azca göynəyəcəkdi ürəyim,

şorabaya qoyulmuş tərəvəzlərin rəngi kimi

saralıb bürüşücəkdim yavaş-yavaş.

Nə olsun,

ölməyəcəkdim ki?!

İki daşın arasında vaxt tapıb

başqasına da vurulacaqdım bəlkə,

bütün qaramətdək qızların dərdi eyni olur,

sevilməmək!

Başqa qadınlar kimi düşmən olmayacaqdım sənə,

hər gecə qarğış töküb,

ölüm arzulayıb,

falçılar yanına qaçıb

cadular etdirməyəcəkdim, inan...

Uzağı içimdə tonqal qalayıb özümü yandıracaqdım,

üşüməyəsən deyə xatirələrin buzlağında.

Ya da,

ya da...

Eh, boş ver,

bir qumrunun ölməyi nədir ki,

murad üstündə yuvasında.

Çöldəki ac pişiklərin xoşbəxtliyinə səbəb olacaqsa...

Hələlik,

özümə çay-konfet almağa gedirəm,

ac-susuz qalmayacam ki otel otağında.

Televizorla qucaqlaşıb yatmaqdan başqa çarəm nə?

Səhərin açılmasını gözləyirəm,

bütün saatlar məni,

əqrəblərsə səni göstərir...