Ağamalı Sadiq Əfəndinin ŞEİRLƏRİ

Ədəbiyyat 19:44 / 29.01.2024 Baxış sayı: 6433

Ağamalı SADİQ ƏFƏNDİ

Ağamalı Sadiq Əfəndi 1947-ci ildə Azərbaycan Respublikası Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirmişdir. Şair 1995-ci ildə vəfat etmişdir.

Aşağıda Ağamalı Sadiq Əfəndinin şeirlərindən nümunələri təqdim edirik:

● ☆ ☆ ☆

Məmməd İlqara

 

İşdi bir gün məni səndən sorsalar,

De ki, o da yazdığını yazardı.

De ki, onu alıb getdi ruzigar,

O hardasa indi bir tək məzardı.

 

De ki, onun umacağı yox idi,

Nə qohumdan, nə yaxından, nə yaddan.

De ki, onun gözü, könlü tox idi,

Əli açıq köçüb getdi dünyadan.

 

De ki, o da belə bir cür adamdı,

Qohum-qardaş susamışdı qanına.

De ki, bir gün bu dünyaya sığmadı,

Uçub getdi Yaradanın yanına.

 

De, yurdunda yalqız idi o qərib,

Damağında doğma torpaq, daş dadı.

De, hardasa məzarından göyərib,

Bəlkə yenə yaşamağa başladı.

● ☆ ☆ ☆

Görürəm arabir gileylənirsən,

Deyirsən, kasıbıq, eh, nəyimiz var?

Gülüm, səni necə inandırım mən,

Ürəyi dolunun evi boş olar.

Hamıya bir baxmaz taleyin gözü,

Kimi şirə çəkər, kimi qəm çəkər.

Sən dağlar qızısan, axı, əzizim,

Dağların zirvəsi daim nəm çəkər.

 

Demə boş xəyaldı bu dediklərim,

Az-çox baş tapıram dünya işindən.

Bilsəm ürəyində üşüyür yerim,

Heç zaman bu evə qayıtmaram mən.

● ☆ ☆ ☆

Bu dünyanın axırına inandım,

Əzəlini gülə-gülə yaşadım.

Yaş keçəndə daşa dəydi inadım,

Korun-korun, gilə-gilə yaşadım.

 

Sən əylənmə, aylı dağda qar azdı,

Mənom yolum Həkəridi, Arazdı.

Görən yazan taleyimə nə yazdı?

Göz yaşımı silə-silə yaşadım.

 

Babam dedi: - Ulusun var, elin var,

Nənəm dedi: - Danışmağa dilin var.

Mən fağırın qabağında ölüm var,

Ölümümü bilə-bilə yaşadım.

● ☆ ☆ ☆

Dünya, sənin anan ölsün,

Bic oğlu bic dünyasanmış.

Heyif mənim göz yaşıma,

Sən ki, gülünc dünyasanmış.

 

Çırpındım, uça bilmədim,

Barından keçə bilmədim.

Elə qapıların oldu,

Qılıqsız aça bilmədim,

Anan ölsün, gidi dünya!

 

Səni deyib gələnə bax,

Gəlir ağlaya-ağlaya.

Səndən dönüb ölənə bax,

Ölür ağlaya-ağlaya.

Bu necə hərəkətdi, dünya

Bu zəmini kim becərdi?

Kim yedi, tükətdi, dünya?..

 

Bundan anrı ucalım yox,

Dayanmağa macalım yox,

Yüz dəfə öldüm, dirildim,

Mənən Adəməm, acalım yox,

Əyil səndən keçim, dünya!

● ☆ ☆ ☆

Qürbətdə vətən görükməz,

Qolundan tutan görükməz,

Qəribə kəfən gərəkməz,

Doğra məni lülə sarı,

Sarı, lələ, sarı neynək!

 

Çilim-çilim daşlar gələr,

Zülüm-zülüm yaşlar gələr.

Gələn bizi xoşla gələr,

Gedən bizdən gedər, lələ!

 

Qarabaşın qulu olmaz,

Qara daşın dili olmaz.

Qorxaq deyər səmtim yoxdur,

İgidin sağ-solu olmaz,

Olmaz, lələ, vallah olmaz.