Adil MİSİRLİ : - Xoşbəxtliyin rəngi

YAZARLAR, Gündəm 12:26 / 31.03.2023 Baxış sayı: 1555

 

         Baxmayaraq bu belə olmalı deyil, indi hamı şeir yazır. Hərə əlinə qələm alıb, başlayır soldan sağa döşəməyə. Keçmiş icra başçısı da “şeir” yazır, müəllim də, meşəbəyi də, bazarda soğan satan da. Əslində belə olmalı deyil. Hər kəs bacardığı işin qulpundan yapışsa, daha məqsədəuyğun olardı. Çünki belə “yazarlar” şeiri urvatdan salır, poeziyanı hörmətsiz edirlər.

Mən hərdən sovet dönəmində mövcud olan sözə, deyimə ciddi nəzarət (buna senzura da deyirdilər) üçün çox darıxıram. Vallah o vaxtki kişilər hər misranı öz nəzarət, keyfiyyət süzgəclərindən dəfələrlə keçirirdilər. Məhz buna görə də dərc olunan şeirlər müəllifin üzünü ağ edirdi. Hətta çap olunan, işıq üzü görən hər bir əsərə görə qonorar da verirdilər. İndi isə papaq atsan şairə dəyir...

Əlbəttə, sözü yerində, necə və nə cür deməyi bacaranlar da az deyil. Belə müəlliflər başlarını aşağı salıb öz işlərini görürlər. Saxta, pafos, ucuz tərif, reklam dalınca qaçmır, deyə bildikləri sözləri ilə imzalarını təsdiqləyirlər. Şair Elçin İsgəndərzadə kimi:

Nəğmə də bitir,

şeir də,

yol da...

Hələ arzular da –

bircə sən,

bircə sən

bitmirsən,

Vətən!

Nə qədər kövrək, həzin, pıçıltılı misralardır. Hər şey yerində və yığcam. Gurultulu, süni pafosdan uzaq olan səmimi, gerçək, qəlbə yatımlı misralardan ibarət poeziya nümunəsidir bu şeir. Həm də burada hər şey var. Vətənin əbədi və müqəddəsliyinə, qalan predmetlərin isə müvəqqətiliyinə dəqiq işarə var burada. Axı Vətən dediyimiz torpaq daimidir. O, kiçilmir, azalmır. Onu sevənlərin  Vətən sevgisi ilə bərabər daha da böyüyür. Tükənməz, əvəzedilməz olur Vətən. Axı onun övladlarının ona olan təmənnasız sevgisi elə Vətən boydadır.

Şairin “Xoşbəxtliyin rəngi” adlı kitabında toplanmış şeirləri öz vətənpərvərliyi, doğma el-obaya olan hədsiz sevgi ilə səciyyəvidir. “Şuşam” şeirində bunun bir daha təzahürünün şahidi olursan. Burada müəllif doğma yurda, torpağa bəslədiyi sevgisini və bu sevginin böyüklüyünü oxucuya öz aydın, təmiz, səlis poeziya dili ilə yaxından çatdıra bilir. Elə poeziyanın qüdrəti də bundadır. Müəllifin oxucunu inandırmaq, inandıra bilmək bacarığının mövcudluğu əsas şərtlərdən biridir:

Ağacına qurban olum, dedim

buluduna qurban olum, dedim,

daş yoluna qurban olum dedim...

O qədər qurban oldum ki,-

gördüm anam da qurbandı,

gördüm balam da qurbandı...

Şuşa müəllif üçün bir sakin, vətəndaş kimi o qədər əzizdir ki, təkcə özü yox, anasının və balasının da bu şəhər yolunda qurban olması onu heç də təəccübləndirmir.

Kitabın adını daşıyan şeirdə, “Xoşbəxtliyin rəngi”ndə müəllifin cəmi iki misrasına nəzər yetirək.

Hər kəs bədbəxtliyin bir küncünə qısılı,

heç kəs xoşbəxt olduğunu bilmir...

Bu həyatda həqiqətən belədir. Hər şeyi olan və çox şeyi əldə etmək istəyən insan nədənsə buna qədər xoşbəxt olduğunu anlamır. Özü xoşbəxt olsa da, bu fikri özünə yaxın buraxmır. Yəni bəzən biz xoşbəxtliyimizdən xəbərsiz yaşayırıq. Burada sözsüz təzadın izləri də vardır. Və əsərdə təfəkkürlü təzad varsa, sözsüz bu da müəllifin (əsərin) böyük dəyər gücündən xəbər verir.

Sözü urvatlı edən, ona hörmət qazandıran ilk öncə şair özüdür... Sözün başına təkcə işıqda yox, qaranlıqda da pərvanətək dolanmalıyıq. Sözlə birgə yanmalı, alovlanmalısan. Elə söz deməlisən ki, yerə düşməsin, səninki olmaqla bərabər, oxucu adlı ünvanını dəqiq tapsın. Çünki söz demək səlahiyyəti, hökmü hər kəsə nəsib olmur. Bunu yalnız şair doğulanlar bacarır. Və bu bacarıq sayəsində yazdıqlarını oxuyanlar düşüncələrə qərq olub, yeni söz, fikir, məna qazanmalıdırlar. Dediyin söz boş olmalı deyil ki, oxucu ilə aranda boşluq yaranmaya.

Şeir o vaxt oxunur ki, onun içi, düşündürən əzəli, özəyi var.

Qəribə burasıdır ki, şairlər nəğməkar olduqları zaman, həm də dərdə, ələmə düçar olurlar. Dərd həmişə onlara tuş gəlir, başları üzərində olur. Bu dərd bəşəri dərddir, onu daşımağa ancaq şairin gücü çatır. Təsadüfi deyil ki, şairlər çox zaman ən böyük, dəyərli əsərlərini dərdlə yaxından təmasda olan zaman yazırlar. Çünki dərddə əhatə dairəsi, düşüncə meydanı çox genişdir. Yəni dərdin içində minbir əzab, zülm və sevincin işartıları var. Odur ki, şairlər doğulandan bu dünyanı tərk edənə qədər bəşəri dərdlərlə əlləşir, vuruşur, qaynayıb-qarışırlar. Bu, heç zaman səngiməyən əbədi həyati mübarizədə, ölüm-dirim savaşında dərdin ələmi olmaq heç də şairin özündən asılı deyil. Bu Tanrı yüküdür ki, şair çiynində, ürəyinin başında daşıyır... Qəm dəryasının ənginliyində nikbin notlarla dolmuş işıqlı, şüurlu, şeirli beyni şərəflə gəzdirmək, düşüncə tərzinin qarşısında əyilməmək hər şairə müəssər olmur. Bunu ancaq qanında, iliyində öz sözünü demək bacarığı məskən salan şair edə bilir. Yəni dərdə əyilməmək, onun qulu olamamaq, ağrılı düşüncələrin içində tutarlı misralar ifadə  etmək əsl şairlikdir. Və şairdə nikbinlik o qədər güclü, qüvvətli, əyilməzdir ki, o, sonda (elə ilk andan) dərdə qalib gəlir, hətta ölümü də gülərüzlə qarşılaya bilir. Elçin İsgəndərzadənin “Ölümü yaşamaq” şeirində olduğu kimi:

...

Gözümün altına alıram ölümü hər an

hər an yaşam yaşamayanda

ölüm yaşanır belə.

... Xoşum gəlir, bəyəndim ifadələri də ədəbiyyatdan, poeziyadan olduqca uzaq, bəsit  fikirlərdir. Poeziya bir mənzərə, görünüş və ya əşyadan ibarət deyil ki, xoşuna gələ. “Xoşuma gəlir” də zahiri, xarici görünüşdən söhbət gedir. Yəni şeirdə fikir, düşüncələrə qərq edən iç olmalıdır. Şeir dişli olmalıdır. Uzun, iti dişlər oxucunun qəlbini dəlməli, didməlidir... Məhz düşündürən, içəridən içini yandıra-yandıra gələn, beynini cırmaqlayan, cızdağını çıxaran fikir, məna və eyni zamanda şeiriyyatla dolu olmalıdır şeir. Şeir əsl poeziya nümunəsi olmalıdır ki, oxuyana nə isə deyə bilsin. Şeir (əgər şeirdirsə) elektrik cərəyanı kimi təpəndən vurub içini, düşünən beynini alt-üst etməlidir. İnsanı lərzəyə salıb, ildirim kimi vuran şeiri bax, buna görə də böyük həvəslə oxuyursan. Çünki bu zaman poetika ilə dolu olan şeir qəlbini oxşayır və ruhuna hakim kəsilir. Şeirdən estetik, mənəvi zövq alırsan. Bir sözlə, şeir, şair sözü səni yaşadır, sənə mənəvi güc verir.

E.İsgəndərzadənin “Dəymə” şeirində olduğu kimi.

Dəymə o güzgüyə

Qoy baxsın özünə gözlərində.

Mən onsuzda ölməkdə, -

Mən öləndən sonra bütün səslər öləcək

o güzgüdə.

Çünki ən birinci güzgülərin üzünü örtəcəkdilər.

İnsan vəfat edəndə bizdə adətə görə tez, ilk olaraq, güzgünün üzünü örtürlər. Müəllif buna işarə edir. Yəni, ölənlə ölmək lazım deyil. Həyat davam edir, qoy güzgünün üzü açıq olsun, özünə baxa, ətrafı görə bilsin. Sevindirici haldır ki, müəllif şeirində, müraciət etdiyi mövzuda hissə qapılmır və mistikadan yan keçir.

... Geniş yaradıcılıq ampulasına malik Elçin İsgəndərzadə poeziyanın müqəddəs, pak, təmiz bir məkan olduğunu dərindən anlayır. O, rus şairinin dediyi kimi, “Poeziya müqəddəsdir. Oraya müsəlmanlar məscidə girən kimi, ayaqyalın girmək lazımdır”. Rus şairi əlbəttə ayaqyalın deyəndə buranın təmiz və müqəddəsliyini nəzərdə tuturdu. Bax Elçin İsgəndərzadə də mənim fikrimcə poeziyası ilə bu tələblərə cavab verir. Fikrimi şairin “Bir addım” şeiri ilə bitirirəm: 

Bir addım yolu var bu həyatın da

bir ömür bu yolu gedib gəlirsən

Özündən çıxırsan amma bu yoldan,

Bir addım kənara çıxa bilmirsən...

Adil MİSİRLİ