Şakir Xanhüseyn - NAXIŞ
Hər naxışda həyəcanı bir qəlbin,
sırğa-sözü qulağından kim asa...
Gözəlliklər könülləri oxşamaz,
ürəyinin gözəlliyi olmasa...
Naxış-naxış, çiçək-çiçək sevgilər,
naxışlanır kətan üstə, varaqda...
Bir ürək ki, ona buta verilə,
ayağının altda zərdi torpaq da...
Bir naxışdı yerdə açan çiçəklər,
bu naxışı çəkən kimdi, görəsən;
Nəqqaşlığı yerə-göyə sığmazın
baş endirib qapısından girəsən...
***
Piyada düşmüşəm yollara atlı,
soyuyan ocağım içimdəki od...
Sən də atlan görüm- piyada yürü,
qığılcımlar səpir acımdakı od...
Nəğmələr susubdu qoparıb fəryad,
əlim işsizlikdən qabar-qabardı...
Məndən çox geridə qalan ayaqlar
durduğum sırada məndən qabaqdı...
Sağ əlin sol əldən əli üzülüb,
xeyir baş qoyubdu şər ayağına...
Gözün üstə qaşın var deyən də yox
bu keçən günlərin qaranlığına...
***
Çox dərinləri görməyin üçün göz olmalı söz,
Çörəyində duz, bil, ocağında köz olmalı söz...
Söz əzəlindən elə oddu, bu oda məhrəmik,
Qələm ucuyla qəlblərə düşən iz olmalı söz...
Səsində belə sözünün canı duyulmalı, bax,
Görünən, həm də eşidilən bir səs olmalı söz...
Sağa da çəksən, sola da əgər, qısa et, sonda
Hər şeydən qabaq, adı üstündə söz olmalı söz.
***
hanı qəlbimdəki o ilk arzular,
od mənimlə axa,
su mənlə yana...
çiynim tab gətirə, üstünə düşən
bir quş lələyinin ağırlığına...
mən axam, səsimi dinləyə sular,
sükutla baş-başa qalmağım yetər;
dünyanın qaranlıq bir bucağında
sükutun özücə olmağım yetər...
hardansa qoparaq bir səs qəlpəsi
çırpılır sinəmə,
qırpılır gözüm...
görsən bir nəğmətək eşidilmirəm,
tutul, açılma heç, mənin göyüzüm...