Sabir Zəkullaoğlu - Ağ gödəkçə...

YAZARLAR 19:23 / 13.12.2025 Baxış sayı: 2329

 

İlqarın alveri pis getmirdi. Niyə də getməsin?

İlqar gülərüz, mehriban, həm də yaraşıqlı bir oğlan idi. Əsl ticarət adamıydı. Sədərək Ticarət Mərkəzində qadınlar üçün xəz dərili şubalar satırdı.

Dili lap pərgar idi, feili də pis deyildi. Müştərilərlə danışanda onları şirin sözü ilə ovsunlaya bilirdi. Dükana girən müştəri mütləq bir şey almadan oranı tərk etmirdi.

İlqarın yalan-palanla işi olmazdı. Satdığı malları nə qədər tərifləsə də, heç vaxt kiminsə haqqına girməzdi.

İlqar bayaqdan çənə-boğaz olduğu bir müştəridən necə canını qurtarmağa çalışdığı bir vaxt, orta boylu, incə bədən quruluşuna malik, gur saçları kürəyini örtən, zərif görkəminə baxmayaraq iri sinəsinin xüsusi cazibəsi ilə adamı heyran qoyan bir xanım əlində kənarları qara rənglə haşiyələnmiş ağ gödəkçə tutaraq ona yaxınlaşmaq istəyirmiş kimi baxışları ilə intizarlı halda gözləyirdi. Sanki soruşacağı nəsə vardı və o, İlqarın bu bezdirici müştəridən qurtarmasını gözləyirdi.

İlqar bunu hiss etsə də, mədəniyyəti və satış etikası onu dözməyə məcbur edirdi. Sən demə, “qara qızın dərdi varmış”. Satıcının zəif damarına düşüb malı istədiyi qiymətə almaq üçün çənə döyürmüş. Nəhayət, istəyinə nail oldu.

İlqar müştərini yola salıb, çox gözlətdiyi üçün bu faşfaşalı xanımdan üzr istəyərək ona yaxınlaşdı.

Xanım gerçəkdən gözəl idi. Ancaq bu gözəlliyin fonunda onun ağ bənizinə yaraşan iri gözləri qəribə dərəcədə məyus görünürdü. Qadın nə qədər ideal görünsə də, həyat onu öz məngənəsində sıxmış, acısını gözlərinə hopdurmuşdu.

İlqar subay idi. O, gözü tutan cavan xanımlara sözün bütün mənalarında “müştəri gözü” ilə baxırdı. Söhbət edə-edə Arzunu xəfif bir baxışla başdan ayağa süzdü. Qızın üzündəki məsumluq bir anda onun içində bir çıraq yandırdı. Elə bil bu çırağın işığında bütün mətləblər aydın görünürdü.

Al-ver söhbəti uzun çəkmədi. Onlar özləri də bilmədən həyatları haqda hər şeyi bir-birinə danışdılar. Ortaya çox isti bir tanışlıq çıxdı.

Qadın ailəli idi. Düşdüyü ailə, haradan baxsan, gözəl bir ailəydi. Amma Tanrı hər yerdə bir nisgil qoyur. Onun əri narkoman idi. Arzu qaynatasını ata, qaynanasını ana bilirdi.

Di gəl ki, ərinin narkoman olması bütün ailənin həyatını göy əskiyə düyünləmişdi. Arzu sanki Sədərək Ticarət Mərkəzinə İlqara dərdini danışmağa gəlmişdi, şuba almağa yox.

İki saatlıq tanışlıq min ilin etibarına söykənmişdi. Arzu bayaqdan əlində saxladığı gödəkçəni dizinin üstünə qoyub bütün dərdlərini İlqarla bölüşdü. Ayağa duranda gödəkçəni geymədən yerinə asdı. İlqar gödəkçəni götürüb onun geyinməsini xahiş etdi.

Gödəkçə elə bil Arzunun əyninə biçilmişdi. Amma Arzu artıq o həvəsdə deyildi. Alış-veriş etməkdən vaz keçmişdi.

İlqar bu işi bilən adam kimi gödəkçənin Arzuya necə də yaraşdığına heyran olmuşdu. O, gödəkçəni bir paketə qoyub Arzuya verdi:

— Qoy məndən sənə hədiyyə olsun.

Onlar telefonda tez-tez danışır, həyatın bütün mövzularını bir-biri ilə bölüşürdülər. Saatlarla danışmaları hər ikisinin dərin savada və geniş dünya görüşünə malik olmasından irəli gəlirdi.

Bir gün İlqar çox darıxdığını dedi və işdən çıxanda sadəcə onu eyvandan görmək üçün məhlələrinə gələcəyini bildirdi.

Payız idi. Günəş qərbə doğru əyilsə də hələ batmamışdı. Arzunun yaşadığı binanın altıncı mərtəbəsinin eyvanını hələ də isidirdi. Arzu telefonu əlində saxlamışdı. Tez-tez eyvana çıxır, aşağıya və telefona baxırdı.

Budur, İlqar aşağıda ağ rəngli “Pajero”sundan düşür. Arzu ona əl eləsə də, İlqar kənar adamların diqqətini çəkməmək üçün reaksiya vermədi. Bu an o, Arzunun təhlükəsizliyini düşündü.

Çox çəkmədi ki, Arzunun yanında bir kişi peyda oldu. İlqar bu mənzərəni görən kimi dərhal maşına minib oranı tərk etdi.

Arzunun əri heç vaxt həyat yoldaşını qısqanmaz, ona xüsusi nəzarət etməzdi. Amma bu dəfə qəfil qayıdıb soruşdu:

— Kim idi o ağ cipdə gələn oğlan?

Arzu bu qəfil sualdan bərk tutuldu. Zatən həyəcan içindəydi.

— Mən nə bilim, — deyə sərt cavab verdi. — Heç maşın-zad da görmədim.

Amma bu an içində böyük bir stres yaşadı. İlk fürsətdə bu xəbəri İlqara çatdırdı. İlqar gəldiyinə çox peşman oldu. Bu, onun Arzunu görmək üçün atdığı ilk və bəlkə də son addım idi.

Gecəni rahat yatmadı. Səhər işə təzə gəlmişdi. Hələ siftə eləməmiş bir oğlan dükana daxil oldu. İlqarı çölə çağırıb onunla danışmaq istədiyini dedi.

İlqarın rəngi qaçdı. Elə bildi bütün dükan başına uçdu. Özünü qınadı:

Axı mən niyə bu işi tutdum? Ailəli qadındır. Əri də narkoman… Bu sənə lazım idi, İlqar?

Qorxusundan dükandan çıxmadı. Oğlan israrla dedi:

— Çıx, səni maşının yanında gözləyirəm.

Mübahisə qızışdı. Nəhayət, İlqar çıxılmaz vəziyyətdə qalaraq onunla getməyə razılaşdı. Maşına yaxınlaşdıqca həyəcanı artırdı. Elə bilirdi ki, maşında Arzunu görəcək.

Bəli, maşında bir qadın da əyləşmişdi. Dizinin üstündə ağ bir gödəkçə vardı. Ancaq İlqar maşına yaxınlaşanda tamam başqa bir mənzərənin şahidi oldu.

Sən demə, bir həftə əvvəl bu oğlanın həyat yoldaşı İlqardan bir gödəkçə almışdı. Bir həftə geyindikdən sonra indi onu geri qaytarmaq istəyirdi. Fikirləşmişdi ki, birdən qaytarmazlar, qoy bir az bərkə-boşa salım.

İlqar isə elə bilmişdi ki, qarşısındakı Arzunun narkoman əridir.

Məsələdən agah olandan sonra özünə gəldi. Gödəkçənin pulunu oğlana qaytardı. Elə həmin an Arzuya bir mesaj yazdı:

“Məni bir daha arama.

Əgər sevgi qorxu, şübhə və iztirabla yaşanırsa — bu sevgi mənə lazım deyil.”

Telefonu söndürdü. Dükana geri döndü. Bir anlıq dayanıb dərin nəfəs aldı. O an anladı ki, bəzən insan ən böyük faciəni yaşamamaq üçün sevdiyindən imtina etməlidir…

Bu imtina ən ağrılı sevgi dramıdır.

İki insan bir-birinə toxunmadan ayrıldı.

Nə günah vardı, nə xəyanət.

Sadəcə yanlış zamanda qarşılaşan iki yaralı qəlb…

İlqar o gecə ilk dəfə anladı: bəzən insan sevdiyini itirmir — onu qorumaq üçün buraxır.