“PALİTRA”NIN BAHAR TƏRAVƏTLİ ANLARI

MƏDƏNİYYƏT 12:31 / 01.04.2024 Baxış sayı: 5197

 

On iki ildən üzü bəri AYB-nin Mingəçevir bölməsi nəzdində fəaliyyət göstərməklə, hər ayın sonuncu bazar günü yazarı bir araya gətirən “Palitra” Ədəbi Klubunun bu dəfəki (31.03.2024) toplantısı 31Mart Azərbaycanlıların Soyqırım Gününnə təsadüf etdiyindən soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Zaman-zaman xalqımızın günahsız övladlarını qətlə yetirən ermənilərin ümümilikdə türk dünyasına yönəlik bədnam əməllərindən söz açan yazarlar onları hamılıqla lənətlətləyib, 44 günlük İkinci Qarabağ Müharibəsində xalqımıza Zəfər sevinci bəxş edən şəhidlərimizə ulu Tanrıdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzuladılar!

Bölmə rəhbəri İsmayıl İmanzadə AYB Mingəçevir bölməsinin 25 illik yubileyinin Mingəçevirdə və paytaxt Bakıda qeyd ediləcəyindən soraq verən silsilə tədbirlərdən söz açdı, əlavə təkliflər nəzərə alınmaqla iş planı qəbul edildi. Yeri gəlmişkən, tədbirlər planında yubileylə ilgili bölmənin sayca beşinci almanaxını, “Bənövşə” ədəbi dərgisinin xüsusi buraxılışının nəşr edilməsi, yazarların mərkəzi qəzet-jurnallarda, onlayn mətbuatda əsərlərinin dərci, poeziya gecəsi... yeni kitabların təqdimat mərasimləri və s. işlərin görülməsi nəzərdə tutulmuşdur.

Ağsaqqallar və gənclər şuralarının tərkibində dəyişiklik ediləndən sonra yazarlar yaz təravətli, bahar əhval-ruhiyəli şeirlərini oxumağa başladılar.

Yazarların ahıl və cahıl yazar dostumuz adlandırdıqları Ağabala Salahlının sevgi-məhəbbət notları üstə köklənmiş şeiri təbəssümlə qarşılandı. Tanınmış şair, iş adamı Mikayıl Yusifin günümüzün realllıqlarını göz önünə gətirən şeirinə də heç kim biganə qalmadı. Bir sıra şeirləri ilə ölkə xaricində də tanınan şair, Prezident mükafatçısı Elşən Əzimin oxuduğu şeirlə tədbirə yenidən öz möhürünü vurdu. Ədəb-ərkanlı və hamıya pozitiv duyğular bəxş etməyi bacaran şair Əhməd Əfsunun təqdim etdiyi şeiri isə sözün əsl mənasında yazarları “əfsunladı”. Ötən ilin sonlarında AYB-yə üzv qəbul edilmiş Kəlbəcərli şair Rəfael Dəmiroğlu yeni bir şeiri ilə söz məclisinə əlvan söz çalarları qatdı. Xeyli vaxtdan bəri səhhətində yaranmış problemlə ilgili tədbirlərdən uzaq düşən tanınmış şair-hüquqşünas Bəhman Gülövşəlinin dilində səslənən şeiri həmişə olduğu kimi nikbin əhval-ruhiyyəsindən soraq verdi...

Mingəçevir Dövlət Universitetinin dosenti, şair-publisist Mehman Rəsulov və yazarların zarafatla bölmə rəhbərinin müşaviri adlandırdıqları Rəşid Xəliloğlunun xeyir-duaları gələcəkdə görülməsi nəzərdə tutulan bir sıra önəmli tədbirlərlə birgə səsləşdi.

Ömrünün müdrik çağlarını yaşayan şair Ənvər Durucalının, vətənpərvər söz adamı kimi tanınan Mahir Musanın yazıları da hərarətlə qarşılandı. Bölmə rəhbəri şair-publisist Məmməd Mərzilini vətənimizin dar günündə ulu yurd yerlərimizin düşməndən azad edilməsi naminə sinələrini sipərə çevirən ərənlərin qəhrəmanlığından bəhs edən “Üç qardaş” və “Zülmətin açarı” adlı kitablarının işıq üzü görməsi münasibətiylə təbrik etdi. Sonda Məmməd Mərzili və İsmayıl İmanzadə də oxuduqları şeirləriylə söz məclisinə unudulmaz anlar bəxş etdilər.

P.S. Bölmə rəhbəri sonda ünlü yazarlarımızdan,-Bəsti Bərdəli, Namiq Zaman, Zümrüd Rəhimova, Səxavət Kəlbəcərlini... söz məclisimizin bar çiçəkləri,- Ayşən Rəsul, Elçin Məhərrəmli, Nicat Hunalpı nəzərdə tutaraq: “Nədənsə bu dəfə də bəzi dostlarımız gəlişləri ilə bahar biçimli sevincimizə-sevinc qatmadılar, ümid edək ki növbəti tədbirlərimizdə onların üzlərini görmək bizlərə qismət olacaqdır!”-deyərək hamıya uğurlar arzuladı.

MƏMMƏD GÜRŞADOĞLU

Azərbaycan Jurnalistlər birliyinin üzvü, şair-publisist