Əbülfət Mədətoğlu : - ÖZÜNÜ YAZAN ADƏM ASNI
Ara-sıragörüşüb həmsöhbət olduğum Adəm Asnı ilə növbəti görüşlərimizin birində ədəbiyyatdan,yaradıcılıqdan danışarkən gördüm ki, bu söhbətimiz artıq özü-özlüyün bir müsahibəyə çevrilib. Mən də bu hazır müsahibəni tərəddüd etmədən oxucuların ixtiyarına verirəm. Necə deyərlər, indi mənim müsahibim şair, yazıçı-publisist Adəm Asnıdır.
- Adəm müəllim, necəsiniz?
- Sağ olun pis deyiləm, yavaş-yavaş qocalıram.
- Bu yaxınlarda 70 yaşınızı qeyd etdiniz. Yəqin ki, Sizin də yadınızda olar...Düz beş il bundan öncə . yəni Sizin 65 illiyinizdə də söhbətə elə bu cür başlamışdıq. Onda da Sizdən soruşmuşdum, indi də həmin sualı təkrar edirəm, tez deyilmi qocalığa təslim olmaq? Geriyə nəzər salanda necə görünür, necə ötüb bu illər?
- Enişli-yoxuşlu görünür və çox tez ötüb. Bir şeirimdə yazdığım kimi:
İllərin sürətinə,
Özüm də mat qalmışam.
Sanki altmışbeş il yox,
Beş gün yola salmışam.
Bir-birini qovaraq,
İllər keçib ömürdən.
Tam altmışbeş il ötüb,
Beş gün içində– birdən.
O ki, qaldı qocalığa təslim olmaq məsələsinə, mən demədim ki, qocalmışam, yaxud təslim olmuşam. Təbiətin qanunudur, istəsək də, istəməsək də dediyim kimi hər kəs yavaş-yavaş qocalır. Bayaq dediyim şeirimidə yazdığım kimi:
…Onsuz da duran deyil,
Nə vaxt, nə dəki, zaman.
Sona yaxınlaşdırır,
Bizi hər saat, hər an.
- Adəm müəllim,sizin yaradıcılığınıza nəzər saldıqda, istər şeirlərinizdə, istərsə də hekayələrinizdə ən müxtəlif mövzulara rast gəlmək olur. Ancaq uşaqlara həsr edilmiş, həmçinin tərbiyəvi mövzuda şeir və hekayələriniz daha çox diqqət çəkir. Bəlkə bir az mövzu seçiminizdən danışasınız?
- Bilirsiniz, bəzən kimi isə nəğməkar şair, məhəbbət şairi və s. adlandırırlar. Mən ruhumu oxşayan, diqqətimi çəkən, məni ilhama gətirən nə varsa, mən ondan yazıram. Uşaqlara gəldikdə ,mən həmişə arzu etmişəm ki,bütün uşaqlar xoşbəxt olsunlar, sağlam və millətimizə, vətənimizə layiqli övlad kimi böyüsünlər. Televizorda tez-tez məktəblilər arasında bilik yarışları keçirilir.Mən həmin verilişləri daima və maraqla izləyirəm. Çətin suallara asanlıqla cavab verən uşaqlar, gənclər gördükcə çox sevinir, fəxr edirəm ki, xalqımızın belə savadlı gələcəyi yetişir. Təbiəti çox sevirəm. Dostlarımın, məni yaxından tanıyanların dediyinə görə müşahidə qabiliyyətim güclüdür. Bəzən başqalarının fikir vermədiyi bir şey mənim diqqətimi cəlb edir. Çalışıram başqalarının çirkin hesab etdiyində də yaxşı bir cəhət görüm. Şeirlərimdən birində yazdığım kimi:
Qızıl gülə baxıb da,
Qəlbi aha yaxıb da,
Demə bağrı qanlıdır,
Gözəl, sanki canlıdır,
Heyif ki, tikanlıdır.
De tikanlar içində,
Gözəl-göyçək biçimdə,
Bu dünyanın köçündə,
Özünə bir yurd salıb,
Gör nə gözəl gül açır,
Necə xoş ətir saçır.
O ki, qaldı tərbiyəvi mövzularda yazmağıma, bu da yəqin ki, uzun müddət penitensiar xidmətdə, təlim-tərbiyə işində çalışmağımla əlaqədardır.
-Bu mövzuda bir -birindən maraqlı , həm də ölkə mətbuatda çap olunmuş maraqlı publisist məqalələrinizl oxumuşam.
- Qeyd etdiyim kimi Penitensiar xidmətin bütün çətinlikləri, orada çalışan sabiq həmkarlarımın sözün həqiqi mənasında şərəfli və fədakar əməyi ilə yaxından, daxildən tanışam. Buna görə də kimsə durub reytinq, sensasiya xatirinə uydurma, həqiqətdən çox uzaq bir məqalə yazanda, orada çalışan insanların əməyinə, adına kölgə salanda biganə qala bilmirəm. Penitensiar xidmətdən, Cəzaçəkmə Müəssisələrinin fəaliyyətindən, bu fəaliyyəti tənzimləyən qanun və təlimatlardan xəbəri olan hər kəs belə məqaləni oxuyan kimi hökmən gülür və faktların necə deyərlər, qara köynəkdə ağ sapla tikildiyini açıqca görür. Ancaq bu sahədən məlumatsız olanlar isə yazılanlara inanır axı. Düzdür, hər sahədə olduğu kimi,- mən bu barədə siz dediyiniz məqalələrdə də yazmışam,- Penitensiar xidmətdə də nöqsana, səhlənkarlığa yolverən əməkdaşlar olub, olur və bu gün də var. Lakin onların hamısı barədə və vaxtında müvafiq tədbirlər görülür. Buna əmin ola bilərsiniz.
-Adəm müəllim, bəzən də çox az müraciət olunan mövzu seçirsiniz – "Körpə güləndə”, "Köhnə, keçmiş kişilər”, "Körpə qığıltısı”...
- Qeyd etdiyim kimi, məni duyğulandıranlar barədə yazmaya bilmirəm. Özünüz fikir verin:
...Sanki gülər bütün aləm,
Unudular qüssə, ələm,
Yazmaq istər əldə qələm –
Körpə güləndə.
Bəyəm belə deyilmi? Kiminkörpəsi olur olsun, körpənin ürəkdən gülüşünə biganə qalmaq, sevinməmək olurmu?Yaxud:
...Muğamdır, ney səsi, rübab səsidir,
Büllur bir çeşmənin zümzüməsidir,
Sevdalı bir eşqin təntənəsidir–
Körpə qığıltısı.
...Yaşamaq,yaratmaq, eşq həvəsidir,
Sevən ürəklərin zənguləsidir,
Uca Tanrımızın şah bəstəsidir –
Körpə qığıltısı.
- Kitablarınızda "Dördmisralıqlar” ümumi adı altında şeirləriniz diqqət çəkir. Necə oldu ki, dörd misradan – bir bənddən ibarət şeirlər yazmaq qərarına gəldiniz? Mövzunu genişləndirmək, o bəndlərə daha bir neçə bənd əlavə etmək olmazdımı? Çünki bu şeirlərinizin demək olar ki, hər birində geniş bir mövzunu bir bəndə sığışdırmısınız. İlk dördmisralığınız yadınızdadırmı?
- Əslində dördmisralıqları yazmaq daha böyük zəhmət tələb edir. Qeyd etdiyiniz kimi gərək bir mövzunu, fikri dörd misraya sığışdırasan. Bu formaya nədən müraciət etməyimə gəldikdə isə, xarici ölkələrin birində cərrahi əməliyyat olunmuşdum. Elə də ciddi əməliyyat deyildi deyə o qədər həyəcan keçirmirdim. Amma yenə məni təkərli çarpayıda əməliyyata aparan rusdilli tibb bacısından xahiş etdim cərrahdan soruşsun görək cərrahiyyə masasının üzünü qibləyə tərəf çevirmək olarmı. Lakin qiblə anlayışı, xahişin qayəsi ona anlaşılmaz və qəribə gəldiyi üçün xahişimi "Əməliyyat zamanı cərrahiyyə masasının üzünü Azərbaycana tərəf çevirmək” kimi qoydum. Tibb bacısının cavabı dodaqlarını büzüb çiyinlərinin yuxarı dartmaq oldu.
Cərrahiyyə əməliyyatlarından əvvəlki və sonrakı vaxtlarda xəstəxana palatasında uzanıb qalanda ağlıma gələn müəyyən fikirləriayrı-ayrı bəndlər şəklində cızma-qara elədim. Duyğuların, fikirlərin bu formada ifadəsinə sonralar da hərdən müraciət etdim, lakin bir zaman fərqinə vardım ki,fikir, məzmun, forma, məna, ifadə tərzi və sairənin müxtəlifliyinə görə yazdıqlarımı bayatı, rübai və s. kimi ümumi bir ad altında birləşdirmək olmur.Ona görə də bu bəndləri elə ümumi olaraq "Dördmisralıqlar” başlığı altında birləşdirmək qərarına gəldim. Xəstəxana palatasında ilk yazdığım dördmisralıqisə belə idi:
Qərib qəlbə sevinc də,
Nisgil ilə tən dolar.
Qürbətdə ölən kəsin,
Qibləsi VƏTƏN olar.
- Adəm müəllim,maraqlı ədəbi təxəllüsünüz var - "Asnı”. Tanış olmayan söz, ifadədir.
- Bizim kənd – Naxçıvan MR-in Kəngərli r-nun Qarabağlar kəndi bir tərəfdən uca dağlarla əhatə olunub. Kəndimiz də elə dağın ətəyində yerləşir. Möcüzədir ki, dağın döşündən gur sulu bulaq çağlayır - Asnı bulağı.Suyu çox olduğundan ona bulaq deyil, çay deyirlər. Həmin bulaq-çayın adıdır ki,təxəllüs kimi götürmüşəm.
-Siz ədəbi mühitdə nisbətən gec - əlli yaşadan sonra görünməyə başladınız. İlkiki kitabınız isə eyni vaxtda işıq üzü gördü. Lakin bəzi şeirlərinizin yazılma tarixi iyirmi, otuz il əvvələ aiddir. Nə əcəb daha əvvəldən dərc olunmurdunuz?
- Mən hələ orta məktəb illərindən qəzetlərdə, xüsusənrayon qəzetində ("İşıqlı yol”) kiçik yazılarla çıxış edirdim. Məqsədim dəjurnalist olmaq idi. Amma qismət elə gətirdi ki, hüquqşünas oldum. Uzun müddət Ədliyyə Nazirliyinin Penitensiar xidmətində çalışdım. Doğrusu yaradılıcılığa vaxt olmurdu. Arada nə isə yazsam da əlyazması kimi arxivimdə qalırdı. Yalnız2006-cı ildə təqaüdə çıxdıqdan sonra yaradıcılığıa vaxt ayırmağa, qəzetlərdə publisist məqalələrlə, şeir və hekayələrlə çıxış etməyə başladım. Əvvəllər yazdıqlarımı da bir araya gətirdim və buna görə də ilk iki kitabım eyni vaxtdaçıxdı – "Duyğuların ifadəsi” və "Ovqat”. "Bir röya həsrətində”ki şeirlər isə əsasən son zamanlar yazdığım şeirlərdir.
-Sizcə ilk dəfə görməklə bənd olmaq, sevmək mümkündürmü?
- (gülür) Bilmirəm Sizin bu sualın arxasında nə dayanır, ancaq əlbəttə mümkündür. Biz görüşənədək mən həyat yoldaşımı heç vaxt görməmişdim, tanımırdım. Təsadüfən görüşdük və qırx ildir ki, rəvan bir ailə həyatı yaşayırıq. Üç övladımız, yeddi nəvəmiz var.
-Rəvanmı? Amma söhbətin əvvəlində...
- Sözünüzü kəsdiyim üçün üzr istəyirəm. Bəli, bu həyatdır.Eniş, yoxuşu da olub. Lakin ən əsası bu eniş yoxuşda əlbir olmaq, çətinlikləribirgə adlamaq, özünü tənha, köməksiz hiss etməməkdir. Belə olduqda sədləri,maneələri dəf etmək də asan olur.
-Dedikləriniz ailə, nəvələr, xüsusən də həyat yoldaşınıza həsr etdiyiniz çox səmimişeirlərinizdə də özünü qabarıq büruzə verir. Ancaq ilk məhəbbət, nakam eşq kimimövzularda olan şeirlərinizə də rast gəlinir.
- (gülür) Dedim axı bu sualınızın arxasında nə isədurur. Bunlar hamısı təxəyyülün məhsuludur. Bilirsiniz, məsələ burasındadır ki,nakam eşq yaşamaq üçün, sevmək üçün mənim imkanım, vaxtım olmayıb.Əsl sevməyin nə olduğunu, ailə qurmağın məsuliyyətni dərk etməyə başladığım yaşda olarkən xoş bir təsadüf mənihəyat yoldaşımla qarşılaşdırdı. Və bu təsadüfə görə Tanrıdan çox razıyam. Bunaqədərsə bayaq dediyim kimi vaxtım olmayıb. Orta məktəbi bitirdikdən sonra institut, Almaniya Demokratik Respublikaslnda hərbi xidmət, SSRİ DİN-nin Vilnüs şəhərindəki xüsusi məktəbində təhsil, SSRİ DİN-nin Akademiyasında təhsil... Yenicəarxayınlaşıb əmək fəaliyyətinə başlamışdım ki, bacılarım, bibilərim yenicə məni evlənməyə təhrik edirdilər ki, dediyim o xoş təsadüf baş verdi. Bəlkə mövzunu dəyişək?
-Yaxşı, dəyişək, ancaq daha bir sual: həyat yoldaşınız bu şeirlərə görəqısqanmır ki?
- Biz artıq qısqanmaq yaşını ötmüşük. Həyat yoldaşım ziyalı, ali təhsilli qadındır. Qısqanmağın da yerini həddini bilir. Həmdə bayaq söylədiyim kimi nakam eşq yaşamağa vaxtımın, imkanımın olmadığını da,ona sədaqətli olduğumu da, ailəmi çox sevdiyimi də gözəl bilir.
-İlk oxucunuz kim olur?
- Hərdən həyat yoldaşım, əsasən isə böyük bacımSevil müəllim. Bəlkə də mətbuatdan imzasını tanıyarsınız – Qulubəyova Sevil. Əvvəllər təhsilə dair qəzet və jurnallarda, əsasən də "Azərbaycan müəllim” qəzetində təhsildəki problemlər, tədrisin, dərsliklərin təkmilləşdirilməsinə dair tez-tez məqalələr,təkliflərlə çıxış edərdi. Təhsil problemlərinə dair əllidən artıq elmi-publisist,metodik məqalənin müəllifidir. Təqaüdə çıxdıqdan sonra daha yazmır. Sevil xanım məni yazmağa, kitab çıxarmağa təşviq edən üç şəxsdən biri olmaqla bərabər, həm də yeni yazdıqlarımın əsasən ilk oxucusu olur. On-onbeş gün ona yeni nə isə oxumasam özü zəng edib yeni nə yazdığım,nə üzərində işlədiyimlə maraqlanır.
-Üç şəxsdən biri dediniz. Bəs digər iki nəfər kim olub?
- Biri qudam və dostum Mehman müəllim. Mehman İbrahimov. Kitab çıxarmağa təşviq etməklə yanaşı, o da yazılarımın ilk oxucusu olur. Geniş dünyagörüşlü, ədəbiyyatı sevən bir şəxsiyyətdir. Digər və əsas səbəbkar isə çox hörmətli, görkəmli akademikimiz Nizami müəllim Cəfərov olub. Mən Nizami müəllimi yalnız mətbuatdan, TV-dən tanımış, çıxışlarını, məqalələrini maraqlaizləmiş, heç zaman görüşməmişdim Lakin Nizami müəllim təsadüfən mənim şeirlərimlə tanış olduqdan sonra onsuz da məhdud olan vaxtından iki saat mənimlə söhbtətə sərf etdi. Niyə şeirlərimi bir kitab şəklində çıxarmadığımı soruşdu, mən də cavab verdim ki, şair deyiləm, elə belə həvəskar kimi hərdən nəisə yazıram. Nizami müəllim müəyyən məsləhətlər verib təkrar-təkrar şeirlərimibir kitabda toplamağı tövsiyə etdi. Ayrılanda telefon nömrəmi götürdü və inanırsınız, bir həftədən sonra mənə zəng edib iş yerimin yaxınlığında qəzetköşkü olub olmadığını soruşdu və müsbət cavab aldıqda dedi: "Bugünkü "525-ci qəzet”i al, məqaləm var, oxuyarsan”. Qəzeti alıb baxdım ki, mənim şeirlərim,yaradıcılığım barədə Nizami müəllimin "”Həvəskar”ın peşəkarlığı” başlıqlı geniş bir məqaləsi dərc olunub. Sanki kənardan məni izləyirmiş kimi məqaləni təzəcə oxuyub bitirmişdim ki, yenidən zəng etdi, məqaləni oxuduğumu öyrənib dedi: "Buda sənin kitabına mənim ön sözüm, get şeirlərini bir kitabda topla” Nizami müəllimlə görüşdən sonra mən əmin oldum ku, müasir dünyamız da yaxşı insanlardan xali deyil. Buna qədər isə etiraf edim ki, N.Cəfərov kimi nəcib, təmənnasız, alicənab,xeyirxah... insanların hələ də olduğuna, hər halda bütün bu müsbət insani keyfiyyətlərin bir şəxsdə cəmləşə biləcəyinə əmin deyildim. Nə xoş ki, sonralar ədəbi mühitə addımladıqca, hər vaxt kömək əli uzatmağa hazır olan Nazim Muğanlı, Məmməd Oruc, Vüqar Rəhimzadə, Asim Yadigar, Əbülfət Mədətoğlu, Miraslan Bəkirli, Rəşad Məcid, Aydın Bağırov, Mehman Göytəpəli... kimi insanlarla tanış oldum və bir daha sevindim ki,dünyamız kimi, ədəbi mühit də yaxşı, xeyirxah insanlardan xali deyil.
-Şeirlərinizə tənqidi yanaşanlara münasibətiniz necədir?
- Nəinki çox normal, hələ minnətdar da oluram belə oxuculara. Kitablarıma yazdığım ön sözlərdə də bunu həmişə vurğulayırm. Düşünürəmki, tənqid qərəzsiz, əsaslandırılmış tənqiddirsə, tənqid xatirinə tənqid deyilsə,müəllif bundan nəticə çıxarar, göstərilən nöqsanları, səhvləri sonrakı yazılarında təkrar etməz deyə bu, müəllifin yalnız xeyirinədir. Həm də, əgər tənqid edilirsə, demək tənqid edən kitabı çox diqqətlə oxuyub. Hansı müəllif istəməz ki, onun kitabını oxusunlar, həmdə diqqətlə? Qeyd etmək istəyirəm ki, bu sarıdan mənim bəxtim gətirib – qatı,amma obyektiv tənqidçi elə şeirlərimin, hekayələrimin ilk oxucusu Sevil müəllimdir.
-Necə deyərlər, tərəfkeşlik etmir ki?
- Dedim axı, obyektivdir. Bir də ki, nə tərəfkeşlik canım. Əksinə elə hal olub ki, deyib bunu heç üzə çıxarma, yaxud tamam sil, tam başqa formada yaz və s.
-Siz də razılaşmısınız?
- Kor - koranə yox. Fikir mübadiləsi aparmışıq,mövqelərimizi izah etməyə, əsaslandırmağa, sübut etməyə çalışmışıq. Olub ki, o mənim, olub ki, mən onun haqlı olduğunu qəbul etmişik.
-Bəs özünüz necə, şeirlərinizə tənqidi yanaşırsınızmı?
- Əlbəttə. Elə şeirlərim var ki, mənim fikrimcə heç üzə çıxarmalı, kitaba daxil edilməli deyil. Ancaq onların da yazılmasına güc,zaman sərf edilib, əziyyət çəkilib axı. Ona görə də kitablarıma daxil etmişəm.Bundan əlavə, elə olub ki, mənim zəif hesab etdiyim şeir kiminsə zövqünü oxşayıb, tərif olunub.
-Əsasən nə vaxt, hansı saatlarda yazırsınız?
- Bayaq dediyim kimi əgər məni duyğulandıran, diqqətimiçəkən, ruhumu oxşayan bir hadisə ilə qarşılaşıramsa, ağlıma hər hansı mövzu, rədif gəlirsə yazıram. Nə zaman yazmağıma gəlincə, o baxır nə yazıram. Şeirdirsə,düşündüyüm, ağlıma gələn bir fikri, rədifi bir yerə qeyd edir, sonra asudə vaxtlarımda üzərində işləyirəm. Həmin fikri bir yerə qeyd etmədimsə, o artıq mənim deyil – sonra ha düşünsəm də ilk ağlıma gələn formada xatırlaya bilmirəm, yaxud tamam unuduram ki, mən nə isə bir mövzu fikirləşmişdim. Hekayənin isə əvvəlcə süjetini beynimdə "bişirir”, sonra kağıza köçürür, sonda isə diqqətlə oxuyub təkmilləşdirirəm.Əsasən gecə saatlarında, sakitlikdə, yaxud evdə tək olan vaxtlar yazmağı xoşlayıram.
-Hazırda nə üzərində işləyirsiniz? Gələcək planlarınız necədir?
- İyirmidən artıq yeni şeir, bir o qədər də hekayələrimvar. Onların bir neçəsi müxtəlif qəzetlərdə, bir hekayəm "Azərbaycan”jurnalında dərc olunub. Yeni şeir, hekayə və lətifələrimdən ibarət bir çələng tutmaq, bir kitabda toplamaq və kitabın da adını elə "Çələng” qoymaq fikrindəyəm.Ancaq bu ideya dəyişə də bilər.
-Son olaraq şeirlərdən birini oxucularla bölüşərdiniz.
- Təqdim etmək istədiyim "Sığallı xatirələr” şeiridir. Mən hamısını deyim, siz neçə bənd istəsəniz o qədərini dərc edərsiniz. Hamısını versəniz lap yaxşı.
Son görüş sığal çəkdin,
Saçlarıma o gecə.
Ömürlük hicran əkdin,
Necə qıydın, de, necə?
Məni eşqin xəstəsi
Edib saldın kəməndə.
Sığalınınistisi,
Bir ömürdüki, məndə.
Halım Məcnununhalı,
Bir səhra yox qaçım da..
Əllərinin sığalı,
Hələ durur saçımda.
Duyuramqarış-qarış-
Vaxtsilməyib birin də.
Çoxda saçım ağarmış,
Sığallaröz yerində.
Ötüb neçə illərim,
Sığalsa təzə, tərdi.
Sənli xatirələrim,
Sənsizlikdən betərdi.
Neçəbahar, neçə qış,
Zamankülüngün vurur.
Hayusa da qar, yağış.
Sığalınhələ durur.
Bir ömür boyda illər,
Həsrətli qal, gör nədir.
Sığallı xatirələr,
Həsrəti də göynədir.
- Ənənəvi bir sual vermək istəyirəm – hansı sual daha çox xoşunuza gəldi?
- (yenə gülür) Nakam eşq barəsindəki suallarla məni sıxma-boğmaya salmaq cəhdinizi nəzərə almasaq,sualların hamısı maraqlı idi.
-Maraqlı müsahibə üçün sağ olun, Adəm müəllim.
- Təşəkkür edirəm. Siz sağ olun.
Söhbətləşdi: Əbülfət MƏDƏTOĞLU