MÜƏLLİMİN NÜFUZUNU QORUMAQ LAZIMDIR

Elm 10:51 / 26.02.2024 Baxış sayı: 1672

 

Son günlər cəmiyyətdə orta məktəblərlə bağlı söz-söhbət səngimək bilmir. Tez-tez müxtəlif məktəblərdə baş vermiş neqativ hallarla bağlı videogörüntülər və digər məlumatlar paylaşılır və bunlara da hərə özü prizmasından yanaşaraq qiymət verir. Əksəriyyət də müəllimləri qınayır. Atalarımızın gözəl bir deyimi var: Uman yerdən küsərlər! Amma gəlin görək, baş verənlərdə müəllimin, məktəbin  “günahı” nə qədərdir? Baş verənlərin qarşısını almağa müəllimin gücü yetərlidirmi? Bəzən məktəbdən kənarda baş verənlərə görə də müəllimi, məktəbi suçlamaq doğrudurmu? Bəs, valideynin, cəmiyyətin üzrərinə heçmi məsuliyyət düşmür? Baş verənlərə cəmiyyətin reaksiyası həmişəmi adekvat olur? Vəziyyətdən çıxış yolu nədir?

Bu günlərdə Milli Məclisdə millət vəkili Aqil Abbasın mövzu ilə bağlı etdiyi çıxış bir növ həyəcan siqnalı olmalıdır. Hörmətli Aqil müəllim haqlı olaraq deyir ki, müəllimi nüfuzdan salmaq olmaz, “müəllim valideynin qulu deyil”.

Hörmətli Millət vəkilinə mövzunu Milli Məclis səviyyəsində gündəmə gətirdiyinə görə təşəkkür edirəm. Mən özüm müəlliməm, ömrümün 45 ilini pedaqoji fəaliyyətlə məşğul olmuş, bunun da çox hissəsini məktəb direktoru vəzifəsində çalışımışam, hazırda təqəaüddəyəm. Aqil müəllimin dediyi kimi, mən də şiddətin əleyhinəyəm. Ancaq məktəbdə müəllimin nüfuzunu qorumaq, onu şagird və valideyn qarşısında aşağılamaq yolverilməzdir. 30-40 il əvvəllə müqayisədə indi paradoksal vəziyyət yaranıb: Əgər əvvəllər şagirdin məktəbdə bir xoşagəlməz hərəkəti olardısa, sinif rəhbəri və ya məktəb direktoru onun valideynini məktəbə dəvət edirdi. Şaigrdin də ən çox ehtiyat etdiyi yer valideyninin məktəbə çağırılması idi, istəmirdi ki, əməllərindən  valideyni də xəbər tutub onu danlasın. Amma indi əksinədir, şagird müəllimi valideyni ilə hədələyir. Müəllim, bir şillə vurmaq bir yana, sözlə tənbeh edən kimi, uşaq qaçır valideyninin yanına. Valideyn də gəlib, “mənim uşağıma heç kəs söz deyə bilməz”, deyir. Demək istədiyim odur ki, məktəblə valideyn arasında nortmal münasibət olmalı, şagirdin təlim-tərbiyəsində valideyn müəllimə kömək etməlidir.

Bu mövzuda geniş yazmaq olar və cəmiyyət də buna biganə qalmamalıdır. Mən isə istədim ki, hörmətli Millət vəkilimiz Aqil Abbasa məsələni Milli Məclisdə qaldırdığına, mövzuya  bir vətəndaş, yazar və deputat kimi münasibət bildirdiyinə  görə öz adımdan və bütün müəllimlər adından minnətdarlığımı bildirim, çox sağ olun, Aqil müəllim, - deyim.

Xalq şairi Zəlixan Yaqub məktəbi Məkkə, müəllimi Peyğəmbər, qələmiAllahın danışan dili, kitabı Quran kimi dəyərləndirirdi. Sabahımızı daha parlaq, uşaqlarımızı tərbiyəli və savadlı görmək istəyiriksə, gəlin, müəllimlərimizin qədrini bilək, onların nüfuzunu qoruyaq!

 

Səməndər MƏMMƏDOV

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüzü,

Sabunçu rayonundakı 271 saylı orta məktəbin sabiq direktoru.