Kağızdan gəmi - Elnur Astanbəyli
Xəyal qura-qura keçdi illərim –
gəmi üzdürərdim əngin sularda...
Gəmim yoxdu, ancaq göz yaşım vardı;
dünyada heç nəyə gücüm yetməsə
gözümün yaşıyla savaşım vardı...
Nə vaxtsa, nə vaxtsa... köhnə vaxtlarda
mənim də gecəm var, gündüzüm vardı...
Sonra nə oldusa oldu, əzizim, –
bir axşam baxdım ki, ulduzum yoxdu,
bir səhər oyandım – danüzüm yoxdu...
Sonra nə oldusa oldu, əzizim, –
qurduğum xəyallar qumdan qala tək
gözümün yaşında yuyuldu getdi...
Bir də onu gördüm kağızdan gəmim
çırpıldı kiminsə buz ürəyinə;
bir də onu gördüm dənizim yoxdu...
Bir də onu gördüm daşam – susmuşam,
balığam – susuzam, quşam – göysüzəm...
Xəyal qura-qura keçib illərim;
uduzmuşam ömrü...
ancaq di gəl ki,
elə yorulmuşam, elə heysizəm,
təslim olmağa da qalxmır əllərim!...
/iyul, 2021/