İSMAYIL MƏRCANLI İMANZADƏ : - BULUDTƏK DOLMASAM, ŞEİR YAZMIRAM

Ədəbiyyat 11:12 / 10.06.2025 Baxış sayı: 1694

 

Sızlaya-sızlaya ömrün qışında,

Öyrəndim “dilini” soyuq daşın da.

Hərdən zümzüməli bulaq başında

Xəyala dalmasam, şeir yazmıram!

 

Çoxuna bələdçi oldum izimlə,

Bilmədim qızınan varmı közümlə?

Xəlvətə çəkilib hərdən özümlə,

Üz-üzə qalmasam, şeir yazmıram!

 

Söykədim üzümü Tanrı nuruna,

Aludə olmadım dünya varına.

Dözməyib bir eşqin intizarına

Saralıb-solmasam, şeir yazmıram!

 

Döndüm naləsinə ocaq yerimin,

Üstünə qar yağdı diləklərimin...

İşvəli-qəmzəli ilham pərimin

Sorağın almasam, şeir yazmıram!

 

Sözüm qözüqıpıq bir yetim deyil,

Kiməsə yarınmaq xislətim deyil.

Yersiz əsib-coşmaq adətim deyil,

Buludtək dolmasam, şeir yazmıram!

08.06.2022