Firudin - Ağazadə - Bir az uzaqlardan...
Ədəbiyyat
12:30 / 10.06.2026
Baxış sayı: 199
Heç bilmirəm adamları nəyimdi,
Küləkləri kamanımdı, neyimdi.
Aman, könül, bu küçədə dəyibdi
Daşa, ilk məhəbbətim.
Tələbəydi, gecə-gündüz bilmədi,
Bir qız üçün öləcəkdi, ölmədi.
Qarayanız oğlan idi, gəlmədi
Xoşa, ilk məhəbbətim.
Sevən üçün eşq əzabı nə yükdü?
Xəyalın da səadəti böyükdü.
O günlərim bir firuzə üzükdü,
Qaşı, ilk məhəbbətim.
Bu həsrətin odu mənəm, suyu mən,
Heç bilmirəm hara çəkdim soyu mən.
İllər keçə, bu atəşdən soyumam!
Yaşa, ilk məhəbbətim!