Fərhad Tapdıqoğlu - Kök
( hekayə)
Şadlıq sarayının yanından keçərkən ,bir tanış səs eşitdim.Kəndçimiz Asif idi.Mənə yaxınlaşdı. Salamlaşdıq,görüşdük.Keyfi kök idi.Söhbətə başladı:
--Qonşumuzun oğlunun toyunda idim,şadlıq sarayından çıxmışam.Sən hardan belə,hara belə?
--İşdən gəlirəm ,evə gedirəm.
--Vaxtın varsa ,gedək bir çay içək.
Yaxınlıqdakı çayxanada çay sifariş verib ,söhbətə başladı Asif:
---Bu toylarda da,o qədər "xolodnı" ( soyuq qəlyanaltı) verirlər ki,masanın üstünə əl qoymağa yer də qalmır.Paytaxt salatı da,kök salatı da yedim.Qonşularla vurmağa başladım,keyfim kök-əldi.İndi bilirsən də,demək olar ki,tamada olmur toylarda .Oxuyan müğənni aparıcılıq eləyir.
Toyda çıxışlar yox idi.Əşşi,indi heç kimə söz lazım deyil,axı?! "Ye,iç,oyna".
Mən də özümü kök-ləmişdim söz deməyə.Hətta bir gözəl şeir də əzbərləmişdim.
" Məhəbbət ağactək əllə əkilməz,
Kök-ü ürəkdədir,toxumu gözdə..."
Əfsus ki,söz vermədilər.
Müəllim ,bildiyin kimi,mən texnikum bitirib,sonra işləyə- işləyə qiyabi təhsil almışam.
Texnikumda bizimlə bir arıq,cılız oğlan oxuyurdu.İnandırıram səni "hırnan zırı " qanmırdı.Kök ilə şəkilçinin nə olduğunu bilmirdi.Bir dəfə müəllim ona kvadrat-kök- almadan sual verdi,matdım-matdım müəllimin üzünə baxdı.
Sən neynirsən ,o indi imkanlı birisidir.Şadlıq sarayının müdiri onun başına fır-fır fırlanırdı.Əməlli-başlı şişib,kök-əlib," balkonunun " eni,uzunu nə boyda...
Uzaqdan salamlaşdıq. Həmin o kök,pullu adamdan başqa heç kimə söz verilmədi.Nəyisə...
Ehh,o qədər dolu bədənli,yoğun,şişman, nataraz,kök qadınlar, kişilər görmüşəm ki...
Elələri üçün deyirlər ki,elə bil "İsa yeyib,Musa təpib".
Toyda iki yaşlı ər-arvadın rəqsi mənə ləzzət elədi.İnan ki,o boyda bədəni olan bu insanlar quş kimi süzürdülər.
Toydur də.Allah xöşbəxt eləsin bütün balaları!
Yadındadır də,əynində qat-qat tumanlar olan,gümüş toqqalı, kök ,xanım- xatın arvadlar vardı kəndimizdə.Onlar da gözəl rəqs edərdilər .O zamanlar bir oturuma bir erkəyin bir şaqqa ətini yeyən kök kişilər vardı...
Yoğun ağacı kök-lü- köməcli yerindən çıxaran Pəhləvan kimi pəhləvanımız vardı.Nənələrimizin bizə bişirdikləri kök-ələrin dadından olmazdı.
Kənddə mal- qoyun bağa-
bağçaya girəndə,camaat belə bir qarğış edərdi:"Kök-ünüz kəsilsin"...
İnsanları nəsilləri,soyları,kök-ləri ilə tanıyırdılar.
Asif danışmağına davam edirdi:
--Rayonlarda kök-əltmə məntəqələri vardı.Heyvanları orada bəsləyib,kəsib,ətliyə ( ət kombinatına ) verirdilər.
Xüsusi bəslənən cins buğaların diri çəkisi bir tona yaxın olardı.Cöngələr də çox kök-əldilərdi.Üç yüz kilodan artıq təmiz ət verən cöngələr bəsləyərdilər...
İndi şadlıq evlərində verilən ət xörəkləri,kabablar o illərdəki dadı-tamı vermir.
...Mən söhbətin mövzusunu dəyişmək istədim:
---Asif,uşaqlar necədir?
Asif:
--Şükür yaxşıdırlar.Təhsil alıblar.Ailəlidirlər, işləri -gücləri var.Keyfləri kök-dür.
Ustad şair Dədə Əşrəf ( Əşrəf Veysəlli ) demiş:
" Şivlər pöhrənəlib,üzə gülüncə,
Kök-lər qar altında nə zillət çəkir"
Əzab-əziyyətlə böyütmüşəm uşaqları.Şükürlər olsun ki,zəhmətim hədər getməyib.Müəllim,belə bir bayatı var ee:
"Mən aşiqəm ,gövdələr,
Kök üstündə gövdələr
Kök-lər güclü olarsa,
Budaqları göy dələr"
"Ot kök-ü üstündə bitər,elə deyilmi?"
--Elədir,Asif qardaş,elədir-dedim.
Asif:
--Bilirsən də,mən yaxşı tar çalıram.Kök-dən başım çıxır.Özüm kök-ləyirəm tarı da,sazı da.Toylarda o qədər görmüşəm ki,kök-dən düşən alətlərlə ifa edirlər.
Arvadın tikiş maşını var.Hərdən nəsə tikir.Paltarların parçalarını biçdikdən sonra,kəsilmiş hissələri bir- birinə birləşdirib ,tikməyi,kök-ləməyi də öyrənmişəm.Deyəsən arvadın sənətini də əlindən alacam.
Asif gülə-gülə davam elədi:
--Hər səhər yer-kök-ü şirəsi içirəm.Sarı-kök-lü yeməkləri çox xoşlayıram.
Deyirlər ki,xeyri çoxdur.Kök-əlmişəm,gərək açıqlayam bir az...
Artıq gec idi.Asiflə sağollaşıb,ayrıldıq...
Mənə danışmağa imkan verməsə də( onsuz da çox danışmağı sevmirəm),onun maraqlı söhbətlərindən sonra keyfim bir az kök-əldi...
Kök olmağımız önəmli deyildir Vallah!
Keyfimiz kök-ələndə qoymayaq kök-dən düşsün( təəssüf ki, bu həmişə mümkün olmur.Keyfimizə elə hey soğan doğrayırlar...)
Gəlin, özümüzü həmişə pozitivə kök-ləyək...