Elnur Uğur Abdiyev - Bu xaraba dünyada
Bu xaraba dünyada
Nə dayım oldu söykənəsi,
Nə əmim oldu,
Tutub əlimdən irəli çəkəsi.
Uşaqlıqdan yaxşı qapıçı idim futbolda
Bir dənə top keçmədi
Futbolçular keçdi məndən.
Bu meydanca dünyanın
Xətləri mənə üfüq xətti qədər uzaq.
Oynama, özünlə oynama
40 yaşlı başıbəlalı uşaq.
Tutduğun toplar
Kimisə xoşbəxt edə bilərdi düşün
Hansısa dayılının,əmilinin
Əlindən haqqını aldığın gün
Sən dünyaya xoşbəxtlik gətirmisən.
Hardasa xaraba qoyulacaq bir ömrü
Abad eləmisən,
Xoşbəxtsən
Sən
Bir də səndə sən
Görürsən necə səndəsən?
Dünyanın bütün əndazəsiz işvələri
Adamı kəndindən çıxarır,
Adam böyük şəhərlər tez pozur.
Ən gözəl hüzur
Asfalt yolların altındakı
Torpaq yolun sinəsi altda yatır.
O yolun qolu
Gör hardan- haracan çatır?