Elman Eldaroğlu yazır -  "Hay getdi, hay..."

YAZARLAR 09:29 / 02.03.2024 Baxış sayı: 1642

 

Deyirəm ki, bu xristianlar ağıllı adamlardır, vallah. O dünyaya əməlli başlı bəzənib gedirlər. Yoxsa biz müsəlmanlar? Bəyaz kəfənə bürünüb üz tuturuq o dünyaya. Onlar isə ən bahalı kostyumlarda...

Təsəvvür edin də, biz Cənnətin küçə və prospektlərində ərəblər kimi ağ kəfəndə gəzirik, onlar isə əsl centlimen kimi, ağ köynək, qara kostyum, bəzəkli qalstuk, cağbacağ "inspektor" ayaqqabılarında. Pul aparmağa da cibləri var, biz isə pul aparsaq gərək bir yerimizdə keçirək...

Qurban olum Məhəmmədin şəriyyətinə...

Budur e, Navalniyə də geyindiriblər bahalı bir kostyumu, Allah bilir cibinə də nə qədər pul basıblar. Qoy olsun. Yazıq bu dünyada gün görmədi axı. Mağıl o dünyada keyf edər. Lazım olanda da mitinq keçirib sözünü əhli cənnətə deyər. Sizə zarafat gələmsin, indi orada yəqin ki, bir-iki trilyon adam olar...

Putinin də duxu çatsa gedib cavabını verər. Hay verdi, hay. Çünki o dünyaya getdi var, qayıtdı yoxdur. Əvvəldən belə fikirləşiblər.

Yaxşı da ediblər, yoxsa o dünyanın yolunu necə deyərlər, "Həsənsoxdu" dəyirmanına çevirərdilər...

Heç olmazsa Allahın sənə rəhmi gəlib rahatlıq versin, yazıqsan. Heyf səndən, Navalni. "Bomba" oğlan idin...