Əlisəfa Azayev : - QARA CAMAAT

Ədəbiyyat 09:19 / 20.06.2024 Baxış sayı: 1155

(Hekayə)

Onda hələ test imtahanları başlamamışdı. Hakim Əhəd Nadirli təkəbbürlü bir adam idi. Sözsüz ki, bu da onun savadsızlıq və nadanlığından irəli gəlirdi. Məhkəmə sədri olsa da, əxlaqi münasibətlərdə çox kobud, yöndəmsiz görünərdi. Nə vaxtdan bəri onun qəbuluna düşmək istəyən jurnalist xanım Nahidəyə qarşı bir insanlıq duyğusu göstərmirdi.

Hakim yenə də özünü işgüzar bir adam kimi göstərmək istəyir, baxacağı işin qovluğunu qarşısına qoyub, fikirli halda vərəqləməkdə idi. Bu iş əsl mənada onu cana doydurmuşdu. Onda yox ki, bu işdən baş açmırdı. Mülki işə az-çox bələdçiliyi vardı. Sadəcə olaraq, onun dili ilə desək, əməli-saleh bir adam qarşıya çıxmamışdı. Adi torpaq məsələsi, mübahisəsi aylarla uzanmaqda idi.

Bu an məhkəmə katibi Veyis həyətdə gəzinənlərə bildirdi:

  • Baxılacaq işlə marağı olanlar, əyləşmək istəyənlər məhkəmə zalına keçsinlər.

Arada bir o zaldakıların üstə də xoruzlandı, yer axtaran jurnalist xanıma müraciətlə dedi:

  • Ay bacı, buradakı yer var, əyləş də!..

Məhkəmə katibinin əsl hayasızlıq duyulan müraciət tərzi gənc qadını təmin etmədi. Ona xitabən dedi:

  • Ey!.. Deyəsən sən də elə kobudluqdahakiminə oxşamısan!

Katib çaşğın halda dilləndi:

  • Bu nə sözlərdi?!
  • Deyirəm də!..
  • Niyə başa düşmürsünüz, məhkəmədə işə baxılan gün maraqlı şəxs hakimin qəbulunda ola bilməz də.

Xanım onasərt bir nəzər salıb dedi:

  • Bəs əvvəlki günlər?! Elə çoxunu edən sizin kimilərdi!..Bu xalqın idarəsində işləyib, ona xor baxmaq olmaz!

Bu sözləri deyib, jurnalist xanım qeyd dəftərçəsinə nəsə yazmağa başlayanda, üzə deməsə də sanki Veyisin ürəyi düşdü. Axı jurnalistlərin, qazetin sərt üzünə az-çox bələd idi. Bu səbəbdən ötən illərdə neçə-neçə hakim, məhkəmə işçisi işindən-gücündən, vəzifəsindən olmuş, ləkələnmiş, biabır olmuşdular. Düzdür, son illər bu sahədə az-çox mühafizəkarlıq olsa da, bıçaq sümüyə dirənəndə çox çətin olacağını lap yaxşı bilirdi. Onda heç nə mümkün olmayacaqdı. Təzə nazir belə işlərə qarşı çox həssas, ciddi idi:

Məhkəmə katibi hakimin otağına girəndə lap rəngi avazıyan kimi idi. Titrək bir səslə dedi:

  • Cənab hakim...
  • Bəli, eşidirəm...
  • Yenə o gəlib...
  • Kim?!
  • Jurnalist xanım da...

Hakim onun bu sözlərinə ərköyün uşaq kimi uğundu. Düzdür, katibin dil qüsuru vardı. Bəzən sözləri yerində, düzgün demirdi. İndi isə sanki bilərək belə dedi. Hakimi güldürmək, kefini açmaq üçün.

  • Nə?!.
  • ...
  • Kim?!.
  • Hə, o jurnalist xanım.

Bir dəfə də o, beləcə hakimi məlumatlandıranda, hakim xanımın yaxında olduğunu nəzərə almayıb demişdi: “Ə, qoy rədd olub getsin. Beş manatlıqdı da”.

  • Yox...
  • Əlli manat istəyir?

İndi isə lap ağ elədi.

  • Qoy vızqırtsın. Vaxt keçir, işə baxmalıyam. Məlumat ver.

Məhkəmə katibi sarısını udmuş kimi susdu. Dərhal dəhlizə çıxaraq udquna-udquna qaldı. Sanki nəfəsi çatmır, səsi çıxmırdı. Arxa qapıdan gələn hakimi görcək cır, boğuq bir səslə zaldakılara səsləndi:

  • Qalxın, məhkəmə gəlir!

Hakim onun gəlişi münasibətilə yerindən qalxan adamlara heç nəzər salmadı. Sadəcə olaraq dilləndi:

  • Əyləşin.

O, bəlkə də, jurnalist xanım diqqətini cəlb etməsin deyə qarşıya baxmadı. Onu qəbul etməsə də, zənglərin dinləmişdi. Acı xanıma oxşayırdı. Bəlkə də, bir şirin dili olsaydı, onu çoxdan yanına çağırmışdı. İlk gündən özü hər şeyi bərbad hala salmışdı. Hətta onda demişdi: “Üzünü görməsəm də, dilinin acı zəhər olmadığını hiss edirəm...

Belə iradlar isə, əlbəttə, səviyyəli bir kişi üçün bağışlanmazdı. Qadınlar heç vaxt belə kişiləri bağışlamırlar. İndi sözsüz ki, bu xanım da ona qarşı kinli idi. Qəlbi hədsiz nifrət duyğusu ilə alışıb-yanırdı. Bunu ona göndərdiyi kiçik qeydində də göstərmişdi: “Çox xahiş edirəm ki, cavab, izahat verəsiniz. “Qara camaat” sözləri, ifadəsi nə deməkdir?! Sizi seçən xalqa, camaata bu qədər yuxarıdan aşağı baxmaq olmaz!”

  • Xe-xe-xe...

Hakim bu sözləri oxuyandan sonra elə istiləndi ki, nə dediyini, necə güldüyünü də bilmədi. Bir andaca pörtüb-qızardı. Çünki bunu bir başqası yox, qələm əhli yazırdı. Dördüncü hakimiyyətin nümayəndəsi. Onlara həminki nazirin, prezidentin də xoş münasibəti vardı. Hakim peşman halda udqundu: “Gərək onu qəbul etməyə vaxt tapaydım”.

  • “Qara camaat” – bu məşhur ifadədi ki... Hətta qədim kitablardan olan “Dekameronda” da işlədilir.

Səslər, pıçıltılar eşidildi:

  • Bu da bizim hakim...
  • Gör nə oxuyur da...
  • O kitabı dünyanın çox ölkəsində qadağan ediblər.
  • Dekameron italyanca on günlük deməkdi də...
  • Hə də... Oradakı hadisələr o gün içərisində baş verir.
  • Heç də pis kitab deyil.

Hakim əlindəki taxta çəkiclə içəridəki söz-söhbəti kəsmək, sakitliyi bərpa etmək üçün onunla altlığı döyəcləməyə başladı:

  • Sakit olun!
  • ...
  • Sizinlə deyiləm?!.
  • ...
  • Belə yaxşı deyil axı!

Sonra isə jurnalist xanımı sancmaq istəyirmiş kimi dedi:

  • Mənim qələn əhlimə baxın da...
  • ...
  • Əsl küt balta ilə silahlanmış adama oxşayır.
  • ...
  • Hər an zərbə endirməyə hazırdı.
  • ...
  • Nahaq demirlər ki, onlar üçün “İt adamı dişləyib!ifadəsi yetərli deyil. “Adam iti dişləyib!” daha önəmlidi.

Hakimin bu sözlərinə zaldakılar gülüşsələr də, yenə jurnalist xanım təmkinini pozmadı, pıçıldadı:

  • Baxır da, kim necə başa düşür.

Fasilə vaxtı jurnalist xanımı yanına çağırtdırsa da, qadın getmədi. Acı ikrah hissi ilə dedi:

  • Deyin ki, artıq gecdir. Qatar getdi.

 Katib and-aman elədi:

  • Niyə gec olur ki?! Hələ qətnamə çıxarılmayıb.
  • Olsun da.
  • Hakim hər fasilə vaxtı otağına gələndə hər şeyi hazır görərdi. Stolun üstündə müxtəlif növ çərəzlər olar, ona isti çay gətirərdilər. Özü demişkən itmiş enerjini bərpa etmək üçün bunlar lazım idi. Bu dəfə isə iştahası olmadı. Çay gətirən katibə qıza səsləndi:
  • Dəftərxana müdirini bura çağır.
  • Hə... Bu dəqiqə
  • Tez ol!

Hakimin dilxor olduğunu görən katibə qız elə dəhlizdəncə dəftərxana müdirinə səsləndi:

  • Xala, tez ol... Hakim sizi çağırır.
  • Xeyir ola?!.
  • Mən nə bilim... Çox əsəbidi.
  • Yenə Allah xeyir eləsin.
  • Deyəsən, o jurnalist xanım hirsləndirib.
  • Allah onların bəlasını versin. Bizi yığıblar da boğaza.

Qadın otağa girib, soruşdu:

  • Eşidirəm, cənab hakim, sizə nə lazımdı?
  • O xanımın əzizlərini gətir mənə.
  • Gətirim də...
  • Cəld ol!

Qadın dəhlizə çıxanda deyinməyə başladı:

  • Buna bax da... Elə bil ki, pajardı. Vaxtında deyəndə, deyiləni nəzərə alırdı ki... Kimdi, nəçidi, uzaq yol gəlib də. Qəbul edəndə nolardı ki...

Hakim jurnalist xanımın yazdığı ərizələrə baxa-baxa, onlara indi dərkənar qoyur, icraya yönəltmək istəyirdi ki, katib həyəcanlı halda içəri girdi:

  • Cənab hakim, batdıq!..
  • Nolub ki?!.
  • Höcətin biridi, gəlmək istəmir...
  • ...
  • Bəlkə, polisə deyim...
  • Yox...
  • Beləsinin dilini onlar yaxşı bilir.
  • Ağ eləmə... Dedim ki, lazım deyil.

Fasilədən sonra məhkəmə işi yaddan çıxdı. Hakim yenə də, “qara camaat” ifadəsindən söhbət saldı, dedi:

  • Bayaq jurnalist bacı da “qara camaat” ifadəmə irad tutdu... Biz elə xalq adamıyıq da... Xe...xe..xe... Danışıq dilimiz belədi... İndi necə, mən dəyişim, şəhərli dili danışım?!.

Yaltaqlar, ona yarınmaq istəyənlər səs-səsə verdilər:

  • Yox...
  • Elə necə varsınız, elə də qalın.
  • Hakim adamsan...
  • Onun-bunun sözləri ilə oturub-durmaq sizə yaraşmaz.

Bu an sanki jurnalist xanım sönmüş vulkan im kükrədi, əsib-coşdu ha:

  • Belə oldu?!. Hakimə bu sözlər yaraşmır! İcra başçılarına yarındığınız bəsdir!Adi bir işdi də!.. Torpaq məsələsi! Gör bunu nə vaxtdan bəri uzadırsınız?!.

Hakim mızıldandı:

  • Xanım, sizə söz verəcəyəm.
  • ...
  • Danışmaq istəyirsinizsə, tribunaya- xitabət kürsüsünə tərəf gəlin.
  • ...
  • Məhkəməyə hörmətiniz budurmu?
  • Beləcə allı-güllü danışmaqla deyil, iş görmək lazımdı!..
  • İş... Görürük də...

Hakim dilxor olmuşdu. Prokurora tərəf baxdı. İttihamcı başını bulayaraq sakit dedi: “İş tapmırsan da... Bunun üçün mənim iştirakımı təmin etmisən”. Prokuror hakimin baxışlarından hiss etdi ki, onu köməyə çağırır. Odur ki dedi:

  • Bütün müharibələr sülhlə qurtarır.

Hakim, bəlkə də, ilk dəfə belə peşmançılıq keçirirdi. Jurnalist xanım onun düşündüyü kimi acıdil olsa da, boy-buxun, yaraşıqca heç də pis deyildi. Cazibəli baxışları, siması hər an onu özünə tərəf cəlb etməkdə idi.

Odur ki, qımışaraq dedi:

  • İşdən işə çox fərq var. Biz yazıqlar işdən baş açırıq ki, kənar işlərlə də məşğul ola bilək.
  • ...
  • Müharibəni kim başlayır?

Yerdən səslər eşidildi:

  • Hərbçilər!..
  • Siyasətçilər!..
  • Nadanlar!..

Hakim sanki hakimdən çox özünü bilici, natiq kimi göstərmək istədi:

  • Bəli, hərbçilər yox, siyasətçilər! Söz qurtaranda aləm qarışır da... Xe...xe...xe...

O, arada katibi yanına çağırıb, nəsə pıçıldadı. Bu, bufetdə çalışan oğlana xüsusi tapşırıq idi ki, yaxşı kəbab çəksin, süfrə açsın. Sözsüz ki, bütün bunlar jurnalist xanım üçün hazırlanırdı. “Qara camaat” ifadəsi qazetlərə düşsəydi, orada səslənsəydi, onun axırı necə olardı? Gərək gedib bəri başdan istefa ərizəsini yazaydı.

Hakim arada Nahidə xanımı sakitləşdirmək istəyirmiş kimi dedi:

  • Hər şey insan əlindədi də. Niyə bir-birimiz didib- çalırıq? Onsuz da öləcəyik də... Kimdən acığımız gəlir, qoy yaşasın. Əlbəttə, tez-gec o gün gələcək...
  • ...
  • Bilirsiz də, mən özüm az-çox şəriət adamıyam. Ziyarətə də getmişəm. Hərdən deyilir ki, bu hakimliklə, şərabla düz gəlmir. Deyirəm ki, Allah belə məsləhət bilib də. Dostları, qonaqları da yola verməliyik.
  • ...
  • Belə deyib-danışmağıma baxmayın. Hədsiz israfçılıqdı da. O zəhirmarla bir o qədər aram yoxdur. Yaxşı deyirlər ki, birinci qədəh yanqı, ikicisi şadlıq, üçüncüsü həzz, dördüncüsü dəlilik gətirir...

Hakim lap hissə qapılan, özünü itirən kimi idi. İndi də sevgidən, məhəbbətdən dəm vururdu. Hətta dedi:

  • Mən qədim kitabları çox oxuyur, mütaliə edirəm. Nahaq deməyiblər ki, kitab qəlbin güzgüsüdü. Həmişə “Kəlilə və Dimnə”, “Qabusnamə”, “Siyasətnamə” mənim stolüstü kitablarım olub.

Kimsə zarafat edirmiş kimi dilləndi:

  • Bir də “Decameron”...

Hakim işin mürəkkəb olduğunu deyəndə səslər eşidildi:

  • İddiaçıya, cavabdehə söz vermədiniz axı.
  • Gəlməyənlər də var.
  • Nümayəndəsi burdadı.

Onun beləcə əl-ayağa düşməsi səbəbsiz deyildi. Nahidə xanımı zalda görmədi. Səsləndi:

  • Yaxşı, məhkəmə işini səhər davam etdirəcəyik.

Bir azdan katib kor-peşman halda otağına girdi:

  • Cənab hakim, jurnalist xanımı avtovağzalda tapdım...
  • Nə dedi ki?!.
  • Dedi ki, mənim orada işim yoxdur.
  • Sən tez mənim maşınımla get. Gör qayıtmasa bu pulları ona ver.
  • Yaxşı...

Məhkəmə katibi hakimin “QAZ-31” markalı xidməti maşınına minib yola düşəndə, məqsədli şəkildə arxada əyləşdi. Verilən pullardan bir neçəsini çırpışdıracaqdı. Özü də hamısı yüzlük dollar idi...

Nahidə təklifi rədd edərək əlini yellədi:

  • Ay-hay, mənə pul göstərən, göndərənlərə bax!

Sonra da cəld şəhərə yola düşən avtobusa mindi.

  • Aman Allah! Qadının hikkəsinə bax... – deyə məhkəmə hakimi oradan hakimə zəng çaldı.
  • Nəcə yəni getdi?!.
  • Hə... Şəhərə gedən avtobusa mindi.
  • Yəni sözümüz, göstərişimiz belə kəsərsiz olub?!
  • Nə deyim vallah...
  • O sürücü kimdi?!Yerli adamdı?
  • Tanışlığım yoxdur.

Hakim dərhal keçid məntəqəsinə zəng çaldı. Maşını saxladılar. QAİ işçisi onun sənədlərinə baxa-baxa dedi:

  • Etibarnamənin vaxtı keçib.
  • Siz nə danışırsız?!
  • Hə də...

Nahidə xanım dözə bilməyib dilləndi:

  • Ay qardaş, narahat olma. Hamısı mənə görədi. Mən maşından düşürəm.

Yerə düşəndə o yüksək çinli bir zabitlə qarşılaşdı. Rayon QAİ-sinin rəisi idi. Gülümsər halda dilləndi:

  • Belə iş olar?!. Rayona gəlmisiz, rəisin xəbəri yox.
  • Hansı rəisin?
  • Bizim polis rəisinin də.
  • Mənim polislik bir işim yoxdur.

Onlar geri qayıdanda hakimi də burada gördülər. Bolluca süfrə arxasında əyləşmişdilər. Hakim dedi:

  • Nahaq deməyiblər ki, gec olsun, güc olsun, yaxşı olsun. Nahidə xanımı bir daha salamlayır, xoş arzularımı bildirirəm. Bizim rayona xoş gəlib!..
  • ...
  • İndi başçı da gələcək...
  • ...
  • Qaldı ki, o işə... Əlbəttə ki, qərar, qətnamə yaxşı olacaq.

Nahidə xanım pörtmüş halda dilləndi:

  • Çox sağ olun...
  • Dəyməz...
  • Ancaq məni bağışlayın, getməliyəm...
  • Bu süfrə sizin üçün açılıb.
  • Minnətdaram... Aclığım yoxdur...
  • Onda katib sizi yola salar. Biz özümüz də qara camaatın nümayəndələriyik. Əmanəti götürün. Əziyyət çəkib gəlmisiniz.
  • O göy əsginaslara görə çox sağ olun. Mənim ona ehtiyacım yoxdur. Bir də ki, mən bura xidməti iş üçün yox, kimsəsiz bir qadına kömək etmək üçün gəlmişdim.

Qadın otaqdan çıxandan sonra içəri sanki qaranlıq çökdü. Hakim dilxor halda dedi:

  • Nahaq demirlər ki, qadın nurdu, hər yeri, ev-eşiyi işıqlandırır.

İçəridəkilər səs-səsə verdilər:

  • Həm də bəla...
  • Nahaq demirlər ki, qadın dindirməyin min yolu, susdurmağın bir yolu da yoxdur.
  • Dili də bütün əzalardan sonra ölür, çürüyür.
  • Ancaq yenə də dünyanın əşrəfi qadındı.
  • Qadın yaradıcıdı...
  • Müqəddəsdi...
  • Ona stayiş etməyə dəyər.

Bir azdan hakim lap kövrələn, doluxsunan kimi oldu.

  • Bizimki də işdi də... Çoxlarının yanında gözü kölgəli...

Beləcə mübahisə qızışdı:

  • Zəhmətimiz qiymətləndirilmir.
  • Layiqli əmək haqqı alsaq, belə olmaz.
  • Çətin gözlərimiz doyar.

Başçı içəri girəndə onları pərt, qanıqara görüb dilləndi:

  • Nolub, ə?!.
  • Heç...
  • Necə heç, adınızı kişi qoymusuz da... Bir jurnalist xanımla da bacara bilməmisiz...
  • ...
  • Bilmirsiz ki, qadına nə lazımdı?!.
  • ...
  • Qadın pişik tək sığallanmağı sevir. Xüsusi qayğı gözləyir. Onu eşitməyəndə, qəbul etməyəndə hirslənəcək də...

Bu işin sədaları yuxarılara da çatdı. Hakimin çıxartdığı qərarı iddiaçının xeyiri olması da, ona kömək etmədi. Onu hakim etikasını pozmaqda günahlandırıb tənbeh etdilər. Məsələsinə etika komissiyasında baxıldı. Çıxarılan qərar xoşagələn olmadı. Hakim seçkisində kənarda qaldı.