ELÇİN MƏHƏRRƏMLİ ,AYB-nin üzvü : - ƏZƏL-AXIR SÖZ QALACAQ DÜNYADA

YAZARLAR 17:22 / 21.04.2024 Baxış sayı: 4326

FƏXRƏDDİN ƏZİZ -70

Bu gün (20.04.2024) Azərbaycan Yazışılar Birliyi Mingəçevir bölməsinin təşkilatçılığı ilə mərhum şair, Azərbaycan Yazışılar Birliyinin üzvü Fəxrəddin Əzizin anadan olmasının 70 illiyi münasibətiylə Energetiklər qəsəbəsinin mədəniyyət evində sözlü-nəğməli yubiley tədbiri keçirilmişdir. Yerli yazarların, şəhər ictimaiyyəti nümayəndələrinin, mədəniyyət işçilərinin qatıldıqları yubiley məclisinin aparıcısı, AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə giriş sözləriylə yetmiş il qabaq Ağdaşın Qoşaqovaq kəndində doğulub, 2022-ci ilin fevral ayının 2-də dünyasını dəyişən şairin, ədəbi aləmə bəxş etdiyi əsərlərinin zamanın sınağından uğurla çıxacağını əminlik hissiylə vurğulayaraq şairə ulu Tanrıdan rəhmət dilədi.

Fəxrəddin Əzizin sağlığında nəşr olunan kitablarının sərgisi, manitorda nümayiş etdirilən video-görüntülər, şairin özünün qiraətində səslənən şeir və çıxışları yubiley tədbirinin kövrək-həzin notlar üzərində kökləmişdi.

Şairin böyük qardaşı Ramiz Əzizov mənsub olduqları nəslə həmişə başucalığı gətirən, sağlığında həm istedadlı qələm sahibi, həm də səmimi-təvazökar bir insan kimi dəyər qazanan, ölümündən sonra isə ürəklərdə yaşamağa haqqı olan qardaşının həyat yolundan söz açmış, çıxışının sonunda onun kövrək notlar üstə köklənmiş iki şeirini əzbərdən söyləyərək hamı tərəfindən alqışlandı.

Tanınmış şair, Prezident təqaüdçüsü Elşən Əzim mərhum qələm dostunun şəxsiyyətini, ədəbi yaradıcılığını yüksək dəyərləndirmiş, çeşidli mövzularda qələmə aldığı şeirlərlə yanaşı nəsr əsərlərinin də böyük təsir gücünə malik olduğunu qeyd etmiş, həmkarı barədə kövrək xatirələrini ehtiram hissiylə dilə gətirmməklə çıxışını tamamladı.

Mingəçevir şəhər İH-nin məsul işçisi Elşən Əliyev yubiley tədbirini hazırlanıb araya-ərsəyə gətirənlərə şəhər rəbərliyinin təmsilçisi qismində təşəkkürünü bildirməklə, sağlığında oxucular tərəfindən sevildiyi kimi, dünyasını dəyişəndən sonra da həmişə ehtiram hissiylə yad edilən şairə dəyər verənlərə uğurlar arzuladı.

Təkcə Mingəçevirdə deyil, onun hüdudlarından uzaqlarda da məhir saz-söz ifaçısı kimi dəyər qazanmış Aşıq Qoşqar şairin bir şeirini həzin musiqi notları üstə ifa etdi. Mərhum şairin məktəbli qız nəvələri Zibeydə və Zəhranın, mədəniyyət evinin işçisi Sevda Təhməzovanın qiraətlərində səslənən şeirlər yubiley tədbirinin unudulmaz anları kimi yaddaşlarda iz saldı.

Tanınmış şair Əhməd Əfsun çıxışının ayrı-ayrı anlarında Fəxrəddin Əzizin bir-birindən gözəl şeirlər müəllifi, incə ruhlu şair, səmimi dost olduğunu özünəməxsus ifadə vasitələri ilə dəyərləndirdi.

İstedadlı telə-jurnalist, ədəbiyyat sevdalısı İnqilab Şirinli bir vaxtlar yaxından tanıdığı, yaradıcılığına və şəxsiyyətinə yüksək dəyər verdiyi şairin ədəbi nümunələr kimi yaşamağa qadir olan şeirlərinin təsir gücündən söz açdı və ona Allahdan rəhmət dilədi.

Tədbirə qonaq qismində qatılan tanınmış cavan şair Valeh Qoca, AYB Mingəçevir bölməsinin “bar çiçəkləri” adlandırılan istedadlı gənc yazarlar,- Elçin Məhərrəm və Nicat Hunalp çıxışlarında Fəxrəddin Əziz poeziyasına yönəlik heyranlıqlarını dəyərli kəlmələrlə və ehtiram hissiylə ifadə etdilər.

Mingəçevirin sevilən gənc müğənnilərindən olan Cavad Hüseynov ifa etdiyi bir mahnıyla tədbirə nəğmə şirinliyi qatmağa nail oldu.

Mərhum şairlə vaxtıyla iş yoldaşı və qonşu olmuş Adil İsmayılov, mədəniyyət evinin direktoru Zəhra xanım, Mingəçevirdə dəyərli yazarlar kimi tanınmış şair-tədqiqatçı Əbülfət Həsənoğlu, şair-publisist Məmməd Mərzili, ədəbiyyat sevdalıları Mahir Musa və Rəşid Rəsulovun çıxışları da Fəxrəddin Əzizə yönəlik ehtiram hissindən qaynaqlandı və diqqəti cəlb etdi.

Yenidən mərhum şairin qiraətində səslənən iki şeirdən sonra Orxan Əzizov şair atasına dəyər verən AYB-nin Mingəçevir bölməsi rəhbərliyinə, tədbirə qatılanlara və mədəniyyət evinin direktoru Zəhra xanıma, Fəxrəddin Əzizin yazar dostlarına minnətdarlığını kövrək-ilıq kəlmələrlə çatdırdı. Sonda Aşıq Qoşqarın növbəti ifası bir daha alqışlara layiq görüldü.

Hamı tərəfindən məmnunluq hissiylə bəyənilən, yubiley tədbirinin ayrı-ayrı məqamlarında diqqət mərkəzinə çəkilən aşağıdakı misralar, Fəxrəddin Əzizin zaman-zaman ürəklərdə yaşayacağını bir daha nümayiş etdirdi:

Zaman yolu ayaqlanıb gedəcək,

Əyri gedib düz qalacaq dünyada.

Neçə dastan, neçə nağıl bitəcək,

Axır gündə söz qalacaq dünyada.

* * *

Sözümə pay eləmişəm

İllərin şirin vaxtını.

Vallah şair olmasaydım,

Almazdım şeirin vaxtını.