Əbülfət MƏDƏTOĞLU:-  Sözün   işıqlı anı

YAZARLAR 08:30 / 05.09.2024 Baxış sayı: 1941

Ürəyimdən   səssizlik keçir. Sakit, heç kimin olmadığı mobil, elektron, daha nə bilim nələr,nələr olmayan bir guşə... Sadəcə su şırıltısı, yarpaq, ot xışıltısı, bir də quşlarınsəsi. Yetər ki, bunlar mənim ayaqda olduğumu, yaşadığımı, mövcudluğumu xatırlatsın.Yəni bunların mövcudluğu və mənim bunlarla təmasım artıq özü-özlüyündə yaşadığımı,düşündüyümü büruzə verir. Və mən də həmin o düşüncələri sadəcə indi xəyal edirəm,ürəyimdən keçirirəm ki, kaş, o sakit guşəni heç olmasa bir saatlıq haqq edə bilim,onu mənə bağışlasınlar... o bir saatlıq anı yaşamaq imkanı, dəstəyi versinlər...

Düşünə  bilərsiniz ki, bu nə çətin işdi ki, bunu özünə dərd edirsən. Amma məntiqlə yanaşanda  onda görürsən ki, hər kəsin istəyi çin olana qədər hansı çətinliklərdən keçir. Hətta  bir stəkan bulaq suyunu içmək üçün də (Bakıda marketlərdə satılan bulaq suyundan getmir söhbət, bulağın gözündən içilən sudan danışıram mən- Ə.M.) həmin o bulağın   yanına gedib çıxmaq bilirsiniz də nə deməkdi? Bilmirmirsinizsə, xatırladım. Bu həm  vaxt deməkdi, bu həm maddi durum deməkdi, bu sağlamlıq, bu fiziki durum və nəhayət,bu həm də kimlərinsə izini, xeyir-duası deməkdi. İndi gördünüzmü, bir ovuc bulaq  suyu içmək üçün bir dünya məsrəf, bir dünya səbəb var. Gəl indi onları aş görüm,necə aşırsan? Gəl indi bunları çöz görüm necə çözürsən? Ona görə də düşünməkdən,ürəyimdən keçənləri dilimə, sözümə gətirməkdən ehtiyat edirəm. Çünki doğru anlaşılmaya bilər, doğru yozulmaya bilər.Və nəhayət, bu dürüst anlaşılmazlıq hansısa qəlbi zədələyər, hansısa ruhu incidər.Onda necə deyərlər, Kərəmi də ağlamaq tutar...

Yeri  gəlmişkən, bax elə bu mövzuyla bağlı yaşadığım bir məqamı xatırlayıram. Deməli,bir şeir yazmışdım. Onu indi sizə də təqdim  edəcəm, sonra həmin məqama qayıdarıq.

 

 

İki   əllə yapışıb

Saxlamaq   istəyirəm...

Vaxtın  hətta əl-qolun -

Bağlamaq   istəyirəm...

 

 

Dondurmaq  gəlib keçir

Vaxtı   bəzən könlümdən...

İstəmirəm  çəkilsin -

Sənli   vaxtlar önümdən...

 

 

Bu  istəklə sonadək

Yaşayaraq  mən ölsəm...

Diriləcəm,  ürəkdən -

İstəyimi  sən bölsən!..

 

 

Bəli,bu şeirlə bağlı bir ürək dostum mənə bildirdi ki, söhbət hansı istəyindən gedir.Sual mənə yaman toxundu. Ona görə də birbaşacavab verdim:

-Məgər mənim dirilməyimin hansısa bir istəklə bağlılığı var?

Bu  cavabın ardınca ikinci bir cavab da gəldi dilimə və dedim:

-"Nəsimi" filmi yadındadı? Orda bir məqam var: Şəms deyir ki, "Dövlət  bəyin ölüsü də gözəldi!" Bəlkə, mənə sual ünvanlayanda sən də bunu düşünürdün?

Ogülümsədi və dedi:

-Sən gecələr yat, Dövlət bəy!

Hər  şeyi başa düşdüm, mövzudan yayınmağı da,ironiyanı da. Amma öz-özümə həm də düşündüm ki, dərin hisslərə qapılmağın bəzən  tuş gəldiyi elə nöqtələr olur ki, orda hətta meh də, şeh də adamın xətrinə dəyir.Ona görə də dərində üzmək başqadı, dərin hisslərə qatılmaq tamam başqa. Birində boğulmaq təhlükəsi, birində ağrımaqacısı...

 

***

Bu gün istənilən  sözün başına ip salmaq, istənilən sözü min yerə çəkib aparmaq o qədər asanlaşıbki, hərdən SÖZə yazığım gəlir. Amma sonra baxıb görürəm ki, heç SÖZün özü də az   aşın duzu deyil. O da hər qələmə, hər dilə könül verir. Bir də görürsən ki, adamın  yeddi qatından keçir, bir də görürsən ki, göyün yeddinci qatındadı... bir də görürsənki, ayaq altında... və nəhayət, bir də görürsən ki, könül oxşayır... Bax, belə bir  ömür yaşayır SÖZ, belə bir meydan suvarır SÖZ!

Mən hamıya məlum  olan, hamının hər gün qarşılaşdığı çalarları elə-belə, SÖZün xoşuna gəlmək üçün,SÖZə yarınmaq üçün yazmıram. Bilirəm ki, dünyanın harasında olur-olsun, yerindən,məkanından, zamanından asılı olmayaraq, SÖZ ünsiyyət üçün, münasibət üçün, anlaşmaq   üçün mütləq gərək olur. Onu dillə deyə bilməyəndə də baxışla, yazıyla, hərəktələ   çatdırırsan. Amma xəyalı bu cür çatdırmaq o qədər də alınmır. Çünki xəyalın dili,xəyalın ifadə vasitəsi olan SÖZ xəyalla xəyal quran arasındakı tellərdən asılıdı.O tellərə hər kəs toxuna bilmir. Necə ki, Ədalətin "Ruhani"sini heç kəs  çala bilmir. Lap elə "Yanıq Kərəmi"ni də.

Deməli, bu prizmadan  baxanda, bu nöqtədən boylananda onda görürsən ki, xəyal qurmağın nə boyda məsuliyyəti   var, nə boyda yükü var, nə qədər zərifdi, nə qədər əlçatmazdı. Yəni xəyal qırıqlığına   uğurlamaq, tuş gəlmək, elə bil ki, isti odun üstünə soyuq su tökməkdi... elə bilki, diri ola-ola ölməkdi, bir növü kliniki ölüm... elə bil ki, əl-qolunun boşalıb   yanına düşməsidi... elə bil ki, Məlikməmmədin düşdüyü quyuda kəndirsiz, nərdivansız  qalmaqdı...

Bax, bu mənada mənim  xəyalpərvərliyim həmişə isti aşıma soyuq su calayıb. Elə dünənimdə də, bu günümdədə... elə güvəndiklərimdə də, güvənənlərimdə də... Və nəhayət, çalışdığım, oturub-durduğum  yerdə də. Çünki xəyal görünməzdi, əlçatmazdı,bir az da kor-kobud desəm, ruh kimi bir anlayışdı. Amma gerçəklik, necə deyərlər,oturub-durduğun yer, ordakı münasibətlər görünəndi, ordakı hərəkətlər izləniləndi.Deməli, bir az özünü ovcunun içərisində saxlamağı bacarmalısan. Bütün pərdələri  qaldırmağa ehtiyac yoxdu. Bütün qapıları taybatay etmək, pəncərələri, nəfəslikləri  Allahın ümidinə vermək yanlışdı. Çünki bunun sonrası var. O sonranı isə hər kəsbildiyi kimi düşünsün. Mən isə tamam başqa bir şey düşünürəm və düşündüklərimi dəsizin üçün açıqlayıram.

 

 

Mən xəyal qururam- gecəm-gündüzüm

Xəyal içindədi -sadəcə xəyal...

Bir anlıq xəyal qur,sən də nə olar -

Məni xəyalların əlindən gəl, al!..

 

 

Nə uzaq gedirəm,nə də ki, yaxın

Sadəcə çevrəndə fırfırayam  mən...

Özü öz içini səssiz   əridən -

Dərdin əlindəki kirkirəyəm  mən!..

 

 

Düşünmə xəyaldı günüm,ayım da

Düşün ki, xəyal da,gün də, ay da Sən!

Mənim ömür adlı özəl  dünyamda-

Tanrının verdiyi  şirin pay da sən!..

 

 

***

Yaşananlar o vaxtşirin olur, yaddaqalan olur ki, onu xatırlayanda ürəyin ağrımır. Özündən, yaşadıqlarından,ümumiyyətlə, dünənindən incimirsən, küsmürsən,bezmirsən və dünəninə də, özünə də acımırsan. Bu mənada mənim dünənimdən incidiyim  məqamlar heç də az deyil. Amma neyləyim ki, hər dəfə dizimə dəyən daşlar ağlımı  özümə qaytarmır. Axırda dizim daşdan bezir, daş da dizimdən. Və hər ikisi"eh" edib başını bulayıb çəkilir öz işinin arxasına.

Buna görə də həm  doğmalar, həm simsar olanlar, məni mənim kimi duyan sənin özün də hər dəfə məni  qınayırsan, mənə nəsihət edirsən, məsləhət verirsən, ağıllı olmağa, özümü toparlamağa çağırırsan. Mən isə  ağıllana bilmirəm. Deyəsən südlə gələn sümüklə çıxacaq axırda. Yəni normal, səmimi  yanaşıb qayğı-diqqət ayırdığım insanın divarın o üzündəki mövqeyi, yanaşması, hətta  açıqlamalar verməsi "qulağı" olan yerin yaratdığı fürsət hesabına çoxda gizlin qalmır, açılır üstü, bəlli olur hər şey. Bax, onda ürəyim ağrıyır, özümü   qınayıram. Amma bu da bir an çəkir. Çünki mən təbiətən tamam fərqli baxmışam dünyaya.Bunun da əsas səbəbi müəllimlərim olub - həm məktəbdə, həm də həyatda. Hər zamanda onların öyrətdikləri, onlardan öyrəndiklərim əlimdən tutub və o sarsıntıları,o ürəyimə dəyənləri büküb bir kənara qoymaqda mənə kömək olublar. Və mən yenə öz  yolumla, öz axarımla getmişəm, gedirəm... onlar da yenə öz axarlarıyla, öz yollarıyla  gedirlər. Bu yollar kəsişən deyil. Bu yolların bəxtinə paralellik yazılıb. Ona görədə paralel olanın bir-birindən qurtulması üçün hansısa birinin sıradan çıxması lazımdı.Bu da Allahın ixtiyarındadı. Mən də Allahın işinə qarışmağı nə bacarmıram, nə dəbu barədə heç düşünmürəm də. Sizə də məsləhət görmürəm. İstəyirəm ki, bu həyatın bütün rənglərini, bütün   çalarlarını gözünüzün önünə gətirib necə var elə qəbul edəsiniz. Reallığa, gerçəyə  sığınasınız, onu önə çəkəsiniz, onun yanında olasınız. Bax onda görəcəksiniz ki,bu dünyanın "qaradaş"ı də göyərməsə, üstündə ot göyərdir. Axı, iradə Allahındı! Hökm onundu!

P.S. Mən güvəncim olan  Allaha və Sənə üz tutub həmişə dediyim, etiraf etdiyim və bu yazıda da yazdığım   nəticəyə zaman-zaman yaxınlaşmışam, zaman-zaman özümü bu nəticənin   içərsində  görmüşəm! Və  əgər Sizdə  də  bu inam və inanc olsa, Siz də  onu mənim kimi qəbul edəcəksiniz...