“Ailə  səadəti” kitabı  haqqında  qeydlər

MƏDƏNİYYƏT 15:42 / 03.03.2024 Baxış sayı: 1626

 

Portret

İmzası  oxuculara yaxşı  tanış  olan, yazıçı, dramaturq, Azərbaycan  Yazıçılar  Birliyinin  və  Jurnalistlər  Birliyinin  üzvü  Zakir  Bağırın  ilk  hekayəsi  “Elan”, yazıçı, dramaturq  Firudin  Ağayevin  zəmanəti  ilə  “Göyərçin”  jurnalında  dərc  olunub. Müəllifin  hekayələri  “Kaspi”, “Ədəbiyyat  və  İncəsənət”, “Ədalət”, “Azərbaycan  Gəncləri”, “Bakı”, “Yeni  Azərbaycan”  qəzetlərində, “Ulduz”, “Söz”, “Azərbaycan”, “Literaturnıy  Azerbaydjan”, “Şəfəq”, “Məşək”, “Kirpi”  jurnallarında  çap  olunub. Yazıçının  36  hekayəsi  və  1  povesti  rus  dilinə  tərcümə  edilib. “Mələk  cildli  nankorlar”  dramatic  povesti  və  bir  neçə  hekayəsi  türk  dilinə  tərcümə  olunub. Povest  mükafata  layiq  görülüb. “Dəmirağacı”  hekayəsi  dərsliyə  salınıb. “Molodejnaya  Azerbaydjan”  qəzetinin  keçirdiyi  “Gülüş  otağı”  müsabiqəsində  3  hekayəsi  qalib  olub.

“Ata  yadigarı”  adlı  ilk  kitabı  filologiya  elmləri  doktoru, professor  Akif  Hüseynovun  rəyi  ilə  “Gənclik” nəşriyyatında  nəşr  olunub. Bu  kitaba  1  povest, 10  hekayə  daxil  edilib. Yazıçının  ikinci  kitabı  “Hədiyyə” Əməkdar  incəsənət  xadimi, yazıçı  Vidadi  Babalılın  rəyi  ilə  “Yazıçı”  nəşriyyatında  nəşr  edilib. Kitabda  3  povest  və  3  hekayə  salınıb. Müəllifin  üçüncü  kitabı  “Şənlik  xalq mahnı  və  rəqs  ansambli” adlanır. Yazıçının  dördüncü  kitabı “Mənim  atasız  dünyam”  adlanır. İki  həcmli  bu  kitaba  beş  hissəli  “Mənim atasız  dünyam”  romanı, 5  povesti, 37  hekayəsi  daxildir.

Zakir  Bağır  həm  də  dramaturqdur, onun  3  pyesi  Lənkəran  Dövlət  Dram  Teatrında  tamaşaya  qoyulub. “Sehirli  üzük”  və  “Novruz”  pyeslərinin  quruluşçu  rejissoru, əməkdar  artist  Təvəkkül  Əliyev, “Cırtdanın  yeni  sərgüzəştləri”  pyesinin  quruluşçu  rejissoru  isə  Adil  Zeynalov  olub.

“Ailə  səadəti”  sayca  yazıçının  beşinci  kitabıdır. Kitaba  5  povest, 19  hekayə, 3  pyes  daxildir. Kitab  “Borc” povesti  ilə  başlanır. Həyatda  cürbəcür  borclar  olur.  Bəzən  bir  vəzifə  və  ya  ixtiyar  sahibi, qohum  və  tanışlarını  layiq  olmadıqları  bir  işə  təyin etməyi  özünə  borc  bilir. Onların  işə rəhbərliyi  nəticəsində  çoxları  nahaq  bəlaya  düçar  olurlar. Gənc  aspirant  Zahir  də  belə  bəlaların  qurbanı  olub. Həyatda  həmişə  yaxşı  adamlar  olur. Onlardan  biri  də  Zahirin  elmi  rəhbəri, professor  Xələf  Xələfzadədir. O, bütün  maneələrə   baxmayaraq  aspirant  Zahirə  kömək  etməyi  özünə  borc  bilir.

“Ailə  səadəti”  povesti  ailə-məişət  məsələlərinə  həsr  olunub. Anasını  itirən  Samirə  Aydınlı  uşaq  evində  yaşayır. Mahirin  anası  oğlunu  Samirə  Aydınlı  ilə  ünsiyyət  saxlamasından  ehtiyat  edir. Oğlunu  sevmədiyi  bu  qızla  evləndirir. Təzə gəlin  ailənin  ehtimatını  qoruya  bilmir. Samirə  Bakıda, Mahir  isə  Ukraynada  ali  məktəbə  daxil  olurlar.  Təsadüf  nəticəsində  Mahir  universitetin  yataqxanasının  komendantı  Kərim  əminin  otağında  Samirəyə  oxşayan  yaşlı  bir  qadının  Kərim  əmi  ilə  çəkdirdiyi  şəkli  görür. Sən  demə, bu  qadın  Samirənin  anası, Kərim  əmi  isə  atası  idi. Mahir  Kərim  əmini  Samirə  ilə  görüşdürür. Avtomobil  qəzası  zamanı  ağır  yaralanmış  Mahirin  atası  Kərim  əmini  tanıyır. Onlar  vaxtı  ilə  bir  yerdə  işləyiblər. Mahirin  anası  hərəkətlərindən  peşman  olur, Mahiri  Kərim  əmiyə  tapşırır.

Kitabdakı  “Düyünlər”  povesti  jurnalistlərin  həyatından  bəhs  edir. Yazıçı əsəri  23  il  qəzet  redaktoru  işləmiş şair  Şəkər  Aslanın  xatirəsinə  həsr  edib.

“Mələk  cildli  nankorlar” povesti  türk  sərkərdəsi  Əhməd  Camal  Paşanın  Lənkərandakı  1918-ci  il  hadisələrində  göstərdiyi  igidlikdən  bəhs  olunur. Real  hadisələr  əsasında  qələmə  alınmış  bu  povest  bir  neçə  hekayələrlə  türk  dilində  çap  edilib. Povest  mükafata  layiq  görülüb.

“Qara  eynəkli  qadın”  povestində  bir  qadının  acı  taleyindən  bəhs  olunub. Kitaba  daxil  edilmiş  “Məmmədhəsən  əminin  eşşəyi”, “Dövlət”, “Qara  ləkə”, “Hamilə  qız”, “Bəylik  kostyumu”  və  başqa  hekayələr  yumir  janrında  yazılıb. Hekayələrin  dili  sadə, mövzuları  orjinaldır.

Kitaba  3  pyes  daxildir: “Sehirli  üzük”, “Novruz”, “Nə  çıxar  yamanlıqdan”.

Ədəbiyyata  kiçik  yumoristik  hekayələrlə  gələn  müəllifin  yaradıcılığı  haqqında  filologiya  elmləri  doktorları  Kamran  Kazımov, Fazil  Rəhmənzadə, şair  Nüsrət  Kəsəmənli, filologiya  elmləri  namizədi, yazıçı  Yaşar  Rzayev, Xalq  şairi  Sabir  Rüstəmxanlı, yazıçılardan  Salam  Qədirzadə, Seyfəddin  Dağlı, Firudin  Ağayev  və  başqaları  müsbət  fikir  söyləyiblər.

Şair  İsa  İsmayılzadə  “Bakı”  axşam  qəzetində  dərc  etdiyi  “Şeir  yazmağa  nə var”  məqaləsində  Zakir  Bağırın   “Toy  dəvətnaməsi”  hekayəsini  daha  uğurlu  sayıb. Əməkdar  müəllim  Mirhaşım  Talışlı  “Narahat  ürəyin  hədiyyəsi”, əməkdar  incəsənət xadimi  şair  Tofiq  Mütəllimov   “Hədiyyə”, əməkdar  jurnalist  Flora  Xəlilzadə  “İstedad, yoxsa, boş  vaxt?”, filologiya  elmlər  namizədi, dosent  Əlirza  Əliyev, sənətşünaslıq  üzrə  fəlsəfə  doktoru, teatrşünas  Vidadi  Qafarlı, tənqidçi  Əzim  Göyəzənli  və  başqaları  yazıçının  əsərlərinə  yüksək  qiymət  veriblər.

            Kitabın  redaktorları: Cavad  Zeynal, yazıçı

                                               Ağamir  Cavad, şair

        Rəyçilər: Rafiq  Yusifoğlu – filologiya  elmləri  doktoru, Sumqayıt  Dövlət Universitetinin  professoru, “Göyərçin”  jurnalının  baş  redaktoru, ədəbiyyatşünas, şair, yazıçı, tərcüməçi

        Əbülfət  Mədətoğlu – “Ədalət”  qəzetinin baş  redaktoru  müavini, əməkdar  jurnalist, şair, publisist.

         Kamran  Kazımov -  Filologiya  elmləri  doktoru, Ədəbiyyatşünas, Vətən  müharibəsi  şəhidi  Vüsal  Kazımovun  atası