Adilə Nəzər - Xalq Şairi Məmməd Araza
Buyruqlara sığmayan o inadı,
Ver, bu yolu mən də keçim, ay ustad!
Bayquşları yorğun salan qanadı,
Ver, qartal tək mən də uçum, ay ustad!
Ulduzlara daş atdığın o gecə,
Çalxalandı xan Arazın ah, necə!
Bu oyunda gəlməməkçün heç-heçə
Nola edəm doğru seçim, ay ustad!
Qayaları çatladan o qüdrəti,
Şimşəkləri sındıran o cürəti,
Xalqı daim oyaq tutan qeyrəti,
Göndər nifrət-kini biçim, ay ustad!
İçimizdən bizi yeyən güvədir,
Nəfsin adı təhlükəli nüvədir,
Qara günün yükün çəkən dəvədir,
Sevincisə bircə içim, ay ustad!
Demə, xalqım yenə giley-güzarda,
At da, it də bizdən baha bazarda,
Elin əli qələmlisi azarda,
Bal ağzımı necə açım, ay ustad?!
Öz ağlıma yad olubdu yaddaşım,
Xəzər olub göz yaşımın sirdaşı,
Məni yaman daşlayıbdı qardaşım,
Qardaşımdan necə qaçım, ay ustad?!
Araz boyu sürülərim qışladı,
Dərd sinəmi sola-sağa xışladı
İndi bütün sevgilər də turş dadır,
Xatirələr ağrım-acım, ay ustad.
Vətən sənə oğul dedi, – yubandı...
Harda sıxdıq gözümüzü – su yandı...
Tut əlimdən, yollar çəndi-dumandı,
Çoxdu sənə ehtiyacım, ay ustad!
14. 12.2025