Zakir Bayramlı,şair-pubilisist, AYB və AJB-nin üzvü : - Xeyir və şər

YAZARLAR 15:30 / 19.06.2024 Baxış sayı: 2297

 

 

 

  Dünyanın işini yaxşı düşün sən,

 Nə əksən, onu da sən biçəcəksən.

Yaxşı iş də görsən, pis iş də, inan,

Unutmaz onları bu qoca dövran.

                         Nizami Gəncəvi

Hər bir tarixi dövrdə insanların cəmiyyət tərəfindən tənzimlənən əxlaqi dəyərlər sistemi mövcud olmuşdur. Xeyir və şər  insanla insan, insanla cəmiyyət arasında olan əxlaq münasibətlərinin obyektiv qanunauyğunluqları kimi özünü əks etdirir. Xeyir və şər anlayışları ilə biz hələ uşaq yaşlarında oxuduğumuz nağıllardan, dastanlardan və s. tanışıq. Xeyir və şər kateqoriyası  etikanın digər kateqoriyaları kimi cəmiyyətin mənəvi həyatının nə qədər zəngin olduğunu açıb oxucuya göstərir. Hələ bizim eradan əvvəl yunan alimləri  Aristotel və Platon etikanın kateqoriyaları içərisində xeyir kateqoriyasına daha çox üstünlük verirdilər. Onlar xeyir işlər görməyi insanın əsas borcu hesab edir, hətta xoşbəxtliyin açarını da  xeyirdə axtarmağı məsləhət görürdülər. Tədqiqatçılar qeyd edirlər ki, əxlaq kateqoriyaları məzmun etibarı ilə  obyektiv, icra mexanizminə görə isə  subyektiv xarakter daşıyır və insan şüurundan heç bir aslılığı olmadan fəaliyyət göstərir. Ancaq bu fəaliyyətin subyektiv cəhətini daha maraqlı edən odur ki, burada hər bir insanın seçimi azad formadadır. İnsan onu öz arzusuna və istəyinə uyğun olaraq  əvvəl seçir, sonra isə tədricən yerinə yetirir. Yəni hər bir kəsin xeyir və şərdən hansını seçməsi onun yalnız özündən aslıdır. Əxlaq prinsipləri əsasında etikanın kateqoriyalar sistemi ilə  insanın daxili aləmini, mənəvi simasını, əxlaqi keyfiyyətlərini, etik normalar üzrə davranış və hərəkətlərini, eləcə də onun başqalarına olan şəxsi münasibətlərini və b. öyrənmək mümkündür. Etikada xeyir və şər kateqoriyası insanın əxlaqi şüurunun əsas anlayışı kimi qəbul olunur. Çünki insanın bütün fəaliyyətinə, o cümlədən, onun hər bir hərəkətinə, işinə və ya əməlinə xeyir və şər nöqteyi- nəzərdən qiymət verilir.

Xeyir və şər anlayışlarına dünya filosoflarının baxışları da müxtəlifdir. Hegələ görə insan doğularkən xeyirxah və ya bədxah keyfiyyətlərlə doğulmur. Onun xeyirə və ya şərə doğru isiqamətlənməsi arzusu, istək və meylləri onda sonradan yaranır. Bu məsələdə vaxtıkən Russo insanı xeyirxah, Freyd isə əzazil hesab edirdi. Qısaca desək  yer üzünün alim və filosoflarının  insanın xeyir və şər kimi müsbət və mənfi keyfiyyətləri sonradan əldə etməsi barədə fikirlər özü də müxtəlifdir. Ancaq Aristotelin fikrincə  insan fəziləti və rəzaləti həyatı təcrübədə əldə edir və get-gedə onu möhkəmləndirir. İnsanlarda xeyir və şər kimi mənəvi keyfiyyətlər onların bütün daxili aləmini, xarakterini, istək və arzusunu, əsas məqsədini hərtərəfli açıb göstərir. Başqaları tərəfindən xeyirxah işlər təriflənir və ya alqışlanır, şər  işlər  isə tənqid edilir və ya  lənətlənir. Xeyir anlayışı insandakı fəziləti, xeyirxahlığı, ədaləti və başqa müsbət keyfiyyətləri özündə birləşdirir.

Tarixən bəşəriyyətin yola saldığı ötən dövrdə xeyir və şər  haqqında  təsəvvürlər və anlayışlar mənəvi keyfiyyətcə, prinsip və məna baxımından müxtəlif ictimai quruluşlardakı  rejimin xarakterinə, onun məqsəd və tələblərinə uyğun  həyata keçirilmişdir. Lakin xeyir və şərdən fərqli olaraq  konkret anlayış kimi ədalət bütün tarixi dövrlərdə  bərabərlik və bərabərsizliyin inikası rolunda çıxış etmişdir. Yunan mifologiyasında  Femida ədalət ilahəsi hesab olunurdu. Həmin dövrlərdən ədaləti əks etdirən tərəzi də Femidanın simvolu kimi qəbul olunmuşdur. Ədalət anlayışı və Femidanın simvolunu özündə əks etdirən tərəzi haqqında qədim filosofların düşüncələri isə  müxtəlif idi. Məsələn, Demokrit qeyd edirdi ki, ədalət elə öz borcunu yerinə yetirmək deməkdir. Sokrat ədaləti  başqasının xoşbəxtliyi kimi qiymətləndirirdi. Aristotel isə ədalətli olmağı qanuna riayyət edilməsi kimi dəyər verirdi. Ədalət digər fəzilətləri də özündə cəmləşdirir. Çünki ədalət  başqa  insanlara olan münasibətdə öz həqiqi yerini tapır.

Azərbaycan xalq ədəbiyyatının ən qədim və möhtəşəm yazılı abidəsi  (XI-XII əsrlər) olan Kitabi-Dədə Qorqud dastanında  Dədə Qorqud elin yolgöstərəni, çətin məqamda hamıya kömək əlini uzadan, igidlik  və qəhrəmanlıq göstərən  Oğuz igidlərinin adqoyma mərasiminə rəhbərlik edən bir müdrik və uzaqgörən  el ağsaqqalıdır. Dərin vətənpərvərlik, yüksək qəhrəmanlıq  və suverenlik ruhunda qələmə alınmış  dastanda xeyir və şər qüvvələrin mübarizəsindən geniş söhbət açılır. Xeyir qüvvələrin tərəfində Oğuz elinin yaşlı nəslindən Qazan xan, Ditsə xan, Qazılıq Qoca və b. kimi qəhrəmanlarla yanaşı, Beyrək, Aruz, Basat, Yeynək və s. kimi gənc qəhrəmanlar da təsvir edilmişdir. Əsərdə Oğuz igidləri birləşərək istənilən anda  şər qüvvələrə, yəni yadelli işqalçılara qarşı ölüm-dirim savaşına qoşulurlar. 

 Dahi Azərbaycan şairi Nizami Gəncəvi öz yaradıcılığında “Xeyir və şər” mövzusunu daha yüksək ustalıqla  və nadir bədii boyalarla tərənnüm etmişdir. Ölməz şairin “Yeddi gözəl” poemasına daxil edilmiş “Xeyir və Şər” mənzum hekayəsi Azərbaycan folklorunda obraza çevrilən Xeyir və Şər ideyalarının daha yüksək məharətlə qələmə alınmasının canlı nümunəsidir. Nizaminin “Yeddi gözəl” poemasının tərkibində verilmiş “Xeyir və Şər”mənzum hekayəsi “Avesta”dan qaynaqlanır. Əsərdə iki ideya bir-birilə döyüşür. Bu amansız və sərhədsiz döyüş səhnəsində Xeyir obrazı işıq, Şər obrazı isə qaranlıq kimi təmsil olunur. Zərdüşçülüyün  müqqəddəs kitabı “Avesta”da Xeyir obrazını Hürmüzd, Şər obrazını isə Əhrimandır. Nizami Gəncəvinin yeganəliyi və dahiyanəliyi ondadır ki, o ilk dəfə  “Xeyir və Şər” mövzusunun xalq folklorundan poeziyaya gətirilməsinə nail olmuşdur. Mütəxəssislər tutarlı faktlarla sübut edir ki, Azərbaycan sazında və muğamlarında da xeyir və şər motivlərinin elementləri vardır. Onlar hətta milli bayramımız “Novruz” düşüncələrində də Xeyir və Şər ideyalarının olduğunu bildirirlər. Burada qış Şər, yaz isə Xeyir obrazında çıxış edir.

Azərbaycan ədəbiyyatının və incəsənətinin digər nümunələrində də  Nizami Gəncəvinin “Yeddi gözəl” poyeması əsasında  “Xeyir və Şər” motivləri üzrə müxtəlif əsərlər yazılmışdır.  Xeyir və Şər mövzusunda cizgi filmi çəkilmiş, birpərdəli balet (Tofiq Bakıxanov) və opera (Oktay Rəcəbov) yaradılmışdır.  Nizami Gəncəvinin  Xeyir və Şər  mənzum hekayəsi Mir Cəlal tərəfindən nəsr halında uşaqlar üçün yenidən  işlənmişdir. Hekayə  Xeyirlə birlikdə yol gedən Şərin öz əzuqəsini  və suyunu Xeyirdən gizlətməsi, yolun uzunluğundan xəbərsiz olan Xeyirin yola az su götürməsi və suyun qısa müddətdə qurtarması ilə  bağlıdır.  

 

Övlad tərbiyəsində xeyir və şər məsələsi çox dərin mövzu olsa da sadə və başa düşüləndir.  Hər bir insanın həyatında xeyir və şərin mübarizəsi  o, anadan olduğu ilk gündən başlayır. . Xeyirxahlıq, hümanizm,  başqalarına təmənnasız kömək emək, aciz və köməksiz insanlara əl tutmaq ,onlara yardım etmək  onların əsas amnalı olacaqdır. Şər, xudpəsənd, alçaq, yalançı eqoist, lovğa , ən başlıcası acgöz və tamahkar insanların isə heç vaxt şər işlərdən  başı açılmır. Onlar kiməsə pislik etmək, zərər yetirmək üçün hər gün neçə-neçə  planlar qurur,  bədbəxt sonluqla bitən ssenarilər yazırlar. Nəticə də  özlərini ömürlük tələyə salır və oradan heç vaxt çıxa bilmirlər.