Xatirə Rəhimbəyli : - Sən mənə taleyin zülm payısan...

Sən mənə taleyin zülm payısan...
Göynəyən könlümü bir üfləsən sən.
Ruhumun qısılıb düstaq qaldığı
İkicə kəlmədən özgə nəsən sən?
Gördünmü quruyan qaxac ömrümü,
Cismimi qovuran bu sac ömrümü?
Bu kədər yarpaqlı ağac ömrümü
Noolar,bircə kərə silkələsən sən?
Namərd quyulardı,xəbərçi qamış,
Könlümdə bir zərrə inam qalmamış...
Etibarı perik,ümidi sınmış,
Ürək nələr çəkir,nə biləsən sən?