Xanım İsmayılqızı .Bizim sahilimiz başqa, itmiş limanımız boş..

..
Bizim yuxulumuz oyaq, ayığımızsa sərxoş...
Qəribə bir hekayəyik, mövzumuz roman kimi,
Bütün axtardıqlarımız ucalır duman kimi.
Elə bil ki, pəncərəyik, dünyaya açılırıq,
Çərçivəmiz yerindədi, özümüz uçuluruq.
Bir ağacın gövdəsiyik, budağı, yarpağıyıq,
Bu aləmin həm səması, həm də ki torpağıyıq.
Bütün rəngləri geyinir, soyunur, dayanırıq,
Biz burda yatanda belə hardasa oyanırıq.
Hisslər özü yaşamaqçün qanını içir bizdən,
Keçmişdən bu günə qədər bir ölüm keçir bizdən.
Uzaqların bu tayından o tayına uçuruq,
Ömrümüzə qayıdırıq, özümüzdın qaçırıq.
Bu günü sabah edərək dünəni izləyirik,
Bizdən çıxıb gedənləri hələ də gözləyirik.
...Bizim sahilimiz başqa, itmiş limanımız boş,
Bizim yuxulumuz oyaq, ayığımızsa sərxoş...
2 iyun, 2021.