Vasif Süleyman : - YETƏCƏM

Ədəbiyyat 10:22 / 15.06.2025 Baxış sayı: 1140

 

Sənə yetmək nağıldan da betərdi,

Mən deyəsən elə belə yetəcəm.

Çəkəmmirəm, ömür bura qədərdi,

Günlərimi silə-silə yetəcəm.

 

Yetən gedib cənnətinə yetdi ta,

Axtardığım bir ömürlük itdi ta.

Bundan sonra tam olmağım getdi ta,

Damla-damla, gilə-gilə yetəcəm.

 

Göydə idin, gedəmmədim mən sənə,

Gülü gülşən edəmmədim mən sənə.

Yaşayaraq yetəmmədim mən sənə,

İndən belə ölə-ölə yetəcəm.